ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

11-07-2011 [03:49]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Rusiyanın vasitəçiliyi ilə Kazanda keçirilmiş danışıqların fiaskoya uğramasından sonra yenidən Rusiya prezidenti Medvedevin tərəflərə xarici işlər naziri Sergey Lavrov vasitəsi ilə rəsmi olaraq təqtim etdiyi yeni təklifləri və bu təkliflərin ictimaiyyətə açıqlanmaması məsələsini müzakirə edib. İdarə Heyəti Rusiyanın bu cəhdini son vaxtlar danışıqlar prosesinin ABŞ tərəfindən birtərəfli qaydada öz nəzarəti altına alınması istəyinə qarşı bir cavab kimi dəyərləndirib. İdarə Heyəti hesab edir ki, bu təkliflərin ictimaiyyətdən gizli saxlanılmasını Azərbaycanın maraqlarına zidd hesab edir, çünki yalnız o halda o təkliflər xalqın maraqlarına uyğun ola bilər ki, o aşkar olsun. Ona görə də Medvedevin bu təklifləri xoşniyyətli bir təşəbbüs kimi dəyərləndirilə bilməz. Çünki bundan əvvəl dəfələrlə Medvedevin Ermənistanla bir hərbi birlikda olduğuna görə Ermənistana qarşı hər hansı hərbi təhlükə olacağı təqdirdə onun tərəfində olacağını bəyan etmiş və təcavüzkar Ermənistanın silahlandırılması istiqamətində addımlar atmışdır. Rusiyanın bu davranışları onu göstərir ki o bu münaqişənin ədalətli həllində maraqlı deyil. İdarə Heyəti eyni zamanda Azərbaycan hakimiyyətini Medvedevin yeni təklifləri ilə bağlı xalqa məlumat verməyə çağırıb. İdarə Heyəti hesab edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi bir halda Azərbaycan tərəfi Medvedevin yeni təkliflərini birtərəfli qaydada müzakirə edərək cavab verməməli, bu məsələdə özünün strateji tərəfdaşları olan Türkiyə, ABŞ və bir sıra Avropa dövlətlərinin mövqeyini də nəzərə almalıdır. İdarə Heyəti Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayına münasibət bildirərək qeyd edib ki, bu qurultay hakimiyyətin maraqlarına xidmət edən bir qurultay kimi dəyərləndirilməlidir. Bu qurultaya ölkənin müxalif partiyalarının və ictimai təşkilatlarının, o cümlədən bir sıra xarici diaspor nümayəndələrinin dəvət edilməməsini pisləyən İdarə Heyəti qeyd edib ki, bu qurultay yalnız mövcud iqtidarın öz hakimiyyətini əlində saxlamaq üçün bir vasitədir ki, bu da Azərbaycanın maraqlarının beynəlxalq aləmdə qorunmasına cavab verə bilməz. İdarə Heyəti ötən həftə Azərbaycan-İran sərhədində silahlı insident zamanı bir Azərbaycan zabitinin qətlə yetirilməsi məsələsinə də toxunub. Toplantı iştirakçıları hökuməti bu silahlı insidentlə bağlı İran tərəfinə nota verməyə, bu hadisənin obyektib şəkildə araşdırılması, qətlə yetirilən Azərbaycan zabitinin ailəsinə kompensasiya verilməsi istiqamətində tədbirlər görməyə çağırıb. İdarə Heyəti həmçinin bu silahlı insidentin Dünya Azərbaycanlılarının Qurultayı ərəfəsində baş verməsini təsadüfi saymayıb, bu hadisənin arxasında qaranlıq mətləbləblərin, o cümlədən qurultaya edilən qəsdin dura biləcəyini də istisna etməyib. İdarə Heyəti Azərbaycan təyyarəsinin Əfqanıstanda vurulması məsələsini də müzakirə etmiş və belə hesab edib ki, uçuş təhlükəsizliyi olmayan yerlərə Azərbaycan hökumətinin kommersiya xarakterli uçuşların həyata keçirilməsinə icazə verməsi hakimiyyətin məsuliyyətsizliyi kimi dəyərləndirilməlidir. Bu hadisədə məsuliyyətin həmin uçuşlara icazə verən orqan və təşkilatların daşıdığını bildirən İdarə Heyəti bu hadisə zamanı həlak olmuş Azərbaycan vətəndaşlarının ailələrinə başsağlığı verib. İdarə Heyəti son vaxtlar yerlərdə vətəndaşların üzləşdiyi məmur özbaşınalıqları ilə bağlı müzakirə aparıb. Müzakirələrdə ADP İmişli Rayon Təşkilatının sədri, ?Hürriyyət? qəzetinin bölgə müxbiri və ?Kür? Vətəndaş Qərargahının üzvü Məhbub Zülfüqarlının yerli bankda korrupsiya faktları ilə bağlı yazdığı yazıya görə döyülməsi və Xaçmaz rayon sakini Eldar Şıxaliyevin öz haqqını tələb etdiyinə görə döyülməsi və sonradan aldığı xəsarətlərdən dünyasını dəyişməsi faktları qətiyyətlə pislənilib. İdarə Heyəti bildirib ki, bu hadisələrin baş verməsi hakimiyyətin yerlərdə rüşvət, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı başlatdığı kampaniyanın formal xarakter daşıdığını, dövlət müəssisələrində rüşvət və korrupsiya hallarının yenidən vüsət aldığını göstərir. İdarə Heyəti partiyanın İmişli RT-nın sədri Məhbub Zülfüqarlının döyülməsi və bu hadisəyə hakimiyyət orqanlarının ögey münasibət göstərməsini hökumətin nəinki korrupsiyaya qarşı mübarizə aparmadığını hətta korrupsiyaya qarşı mübarizə aparan insanların döyülməsi, təqiblərə və təzyiqlərə məruz qalmasına göz yumduğunun göstəricisi hesab edir. İdarə Heyəti son vaxtlar insanların ADP-yə Bakı ətrafında həyətyanı və tikdikləri fərdi yaşayış sahələrinin sənədləşdirilməməsi ilə bağlı müraciətlərə baxaraq qeyd etmişdir ki, dövlət başçısının bu məsələ ilə bağlı verdiyi sərəncamın yerinə yetirilməməsi yerli məmurların özbaşınalığı və dövlət başçısına hörmətsizlikdir. Sonda partiyanın cari həyatına aid bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA