ADP ABŞ prezidentinin mesajlarina dair bəyanat verdi

img

23-05-2011 [04:14]


Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda respublikada və dünyada baş verən ictimai siyasi hadisələrlə bağlı partiyanın mövqeyi müzakirə olunub. İdarə Heyəti ABŞ prezidenti Barak Obamanın dünyada demokratik dəyişikliklərlə əlaqədar səsləndirdiyi son bəyanatlardakı mesajları diqqət mərkəzində saxlayaraq bu barədə bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP ABŞ prezidentinin dünyada son zamanlar vüsət alan demokratik dəyişikliklər və azadlıqlar uğrunda mübarizə aparan xalqlara verdiyi dəstək mesajlarını alqışlayıb və demokratik dünyanın azadlıq uğrunda mübarizə aparan xalqların yanında olmasının olduqca mühüm əhəmiyyətə malik olduğunu bir daha qeyd edib. ADP hesab edir ki, xalqları əsarətdə saxlayan diktator hakimiyyətlərinə qarşı mübarizəyə ləngimədən, dinc insanların qanı tökülməmişdən əvvəl və tam həcmdə beynəlxalq dəstək verilməsi zəruridir. ADP qanlı inqilablardan yan keçərək demokratik rejimlərin qurulması naminə ABŞ administrasiyasını öz xalqlarına qarşı repressiyalar həyata keçirən diktator idarəetmələrinə sərt sanksiyalar tətbiq etməyə çağırıb.? İdarə Heyəti partiyanın gənclərlə iş üzrə sədr müavini Cəmil Hacıyevin və partiyanın fəal gənclərindən olan Emin Fərhadinin qeyri qanuni olaraq həbs olunmasını, Səbail Rayonu, 39-cu polis bölməsində bir sutka saxlanmasına baxmayaraq onların ailə üzvlərinə və partiyaya hər hansı məlumat verməkdən imtina edilməsini və nəhayət bu gənclərə Səbail rayon məhkəməsində qanunsuz olaraq inzibati həbs verilməsini Konstitusiya və müvafiq qanunların kobud surətdə pozulması kimi qiymətləndirir və həbs olunmuş gənclərin dərhal azadlığa buraxılmasını tələb edir. İdarə Heyəti həmçinin ötən ay həbs olunmuş müxalifət partiya funksionerləri Arif Hacılı, Şahin Həsənli və digərlərinin, o cümlədən gənc fəallar Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və digərlərinin saxta ittihamlarla həbsdə saxlanmasını qətiyyətlə pisləyib, ölkədə siyasi məhbusların sayının sürətlə artmasından narahat olduğunu bildirib və hakimiyyəti həbsdə olan siyasi fəalların Konstitusion hüquqlarının dərhal bərpa olunması üçün lazım olan addımlar atmağa çağırıb. İdarə Heyəti Avropa Parlamentinin sədri J.Buzekin Azərbaycana səfərinin nəticələrinə də qiymət verib və bu səfəri ölkəmiz üçün uğurlu bir siyasi hadisə kimi qiymətləndirib, həmçinin bu qurumun ölkəmizdə demokratiya və insan hüquqları məsələsində prinsipial mövqe nümayiş etdirməsinin mühüm əhəmiyyətini qeyd edib. İdarə Heyəti ATƏT, Avropa Şurası, Avropa Birliyi və ölkəmizin üzv və ya tərəfdaş olduğu digər beynəlxalq birlikləri Avroparlamentin Azərbaycanla bağlı siyasətini fəal olaraq dəstəkləməyə çağırıb. İdarə Heyəti Avrovizion mahnı yarışmasının növbəti il Azərbaycanda keçirilməsi ilə əlaqədar dövlət büdcəsindən böyük korrupsiya tutumlu layihələrin həyata keçiriləcəyi ilə əlaqədar səslənən təkliflərdən narahatlığını ifadə edib və hakimiyyəti bu istiqamətdəki bütün fəaliyyətin tam şəffaf, ictimai nəzarət altında və izafi xərclərə yol vermədən həyata keçirməyə, bu yarışmaya qatılan Avropa ölkələrini, habelə yerli medianı və ictimai-siyasi təşkilatları isə bu sahədə fəal və təşəbbüskar olmağa çağırıb. İdarə Heyətində bir sıra təşkilati məsələlər də müzakirə olunub və şimal-qərb bölgəsində partiyanın yerli təşkilat rəhbərləri ilə görüşən ADP sədrinin müavini Taliyət Əliyev və təşkilat şöbəsinin müdiri Daşqın Nuriyevin məlumatı dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA