ADP əsaslı islahatlar tələb edir

img

25-04-2011 [03:48]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr və partiyanın cari fəaliyyətinə dair bəzi məsələlər əsas müzakirə obyekti olub. İlk növbədə E.Fətullayevin həbs edilməsinin ildönümü ilə əlaqədar jurnalistlərin keçirdiyi aclıq aksiyasına diqqət çəkən İdarə Heyəti üzvləri E.Fətullayevin hüquqlarının müdafiəsi baxımından aksiya iştirakçıları ilə həmrəy olduğunu bildirib və hakimiyyəti söz, mətbuat, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq strukturlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə və jurnalist E.Fətullayevi dərhal azadlığı buraxmağa çağırıb. ABŞ və Azərbaycan arasında birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərin təxirə salınması məsələsinə münasibət bildirən toplantı iştirakçıları Ermənistanla Rusiya və Gürcüstanla ABŞ arasında belə bir təlimlərin keçirildiyi və bu təlimlər vasitəsi ilə həmin ölkələrin hərbi qüdrətinin artırılması müqabilində Azərbaycan tərəfinin bu cür təlimləri siyasi konyunkturaya hesablanmış qaydada təxirə salınmasını yol verilməz hesab edib və hakimiyyəti həm iqtisadi-siyasi sferada, həm də hərbi sahədə də müasir qərb yönümlü siyasət izləməyə çağırıb. ABŞ rəsmisi T. Kaydanaunun bu ərəfədə Azərbaycana səfərini iki ölkə arasında siyasi əlaqələrin genişlənməsi və inkişaf etdirilməsi baxımından dəyərli olduğunu diqqətə çatdıran İdarə Heyəti üzvləri onun ölkənin müxalif kəsimi ilə heç bir təmasa girməməsini adı çəkilən ölkənin avtoritar ölkələrdə demokratiyanın müdafiə edilməsi barədə zaman-zaman səsləndirdikləri bəyanatların ruhuna zidd olduğunu bildirib və ABŞ rəsmilərini bu cür səfərlərdə demokratik qüvvələrlə iş birliyinə önəm verməyə çağırıb. Azərbaycan Həmkarlar Konfederasiyasının sədri S. Mehbalıyevin BP-də çalışan azərbaycanlı işçilərin bu şirkət tərəfindən istismar edilməsi, əcnəbi işçilərdən fərqli olaraq onların daha az maaşla təmin edilməsi barədə verdiyi bəyanata münasibət bildirən İdarə Heyəti üzvləri partiyanın ARDNŞ və ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsinin vacibliyi barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdırmaqla bu cür bəyanatların siyasi motivlər üzrə deyil, sırf Azərbaycan xalqının iqtisadi maraqlarının qorunması istiqamətində qurulmasının tərəfdarı olduğunu qeyd edib və hakimiyyəti azərbaycanlı işçilərin hüquqlarının qorunması sahəsində mükəmməl iqtisadi proqramla çıxış etməyə çağırıb. Ermənilərin ənənəvi olaraq hər ilin aprel ayında qondarma erməni genosidi məsələsini gündəmə gətirməsinə aydınlıq gətirən partiya yetkililəri ermənilər və onların havadarları tərəfindən bu cür kompaniyaların aparılmasının heç bir tarixi reallığa söykənmədiyini, bu addımların sırf siyasi məqsədlə və süni xristian təəssübü ilə atıldığını diqqətə çatdırıb və tarixi gerçəkliklərdən kənar olan bu yanaşmalar ortada olduqca nə Türkiyə Ermənistan, nə də Azərbaycan Ermənistan arasındakı münasibətlərdə ciddi dönüş olmayacağını bir daha xatırladıb və beynəlxalq ictimaiyyəti ermənilərin özünün başına bəlaya çevrilən, bölgədə onu nüfuzdan salan və regional iqtisadi layihələrdə onu kənarda saxlamağa məcbur edən qondarma genosid məsələsində həssas olmağa və təmsil olunduqları dövlətləri xalqlar arasında nifaq yarada biləcək addımlar atmaqdan geri durdurmağa çağırıb. Son vaxtlar dövlət başçısı İ.Əliyevin ölkənin ayrı-ayrı kəsimi, o cümlədən gənclərlə keçirdiyi görüşlərə münasibət bildirən İdarə heyəti üzvləri bu cür görüşlərlə ölkədə illərlə yığılıb qalan ictimai-siyasi və sosial problemlərin həllinin mümkün olmayacağını və yalnız geniş siyasi islahatlar yolu və ilk növbədə ölkədə ictimai sabitliyə təminat verən və nəticəsinə hər kəsin inandığı, xalq etimadına layiq yeni parlamentin formalaşdırılmasına başlamaqla ölkəni gözləyən dağıdıcı inqilablardan yayınmağın mümkünlüyünü diqqətə çatdırıb. Liviya, Suriya və digər ərəb ölkələrində səngimək bilməyən və yeni qurbanlar hesabına başa gələn inqilabi proseslərin acı nəticəsindən narahat olduğunu bildirən toplantı iştirakçıları bu ölkə diktatorlarını öz xalqlarını qana sürükləyən əməllərdən geri durmağa səsləyib və beynəlxalq ictimaiyyəti bu qanlı qırğınlara son qoyulması üçün ciddi səylər göstərməyə çağırıb. İdarə heyəti üzvləri yüzlərlə vətəndaşının haqq səsini qan gölündə boğan Misir prezidenti H.Mübarəkə öz xalqı tərəfindən dar ağacı qurulduğu, onu xalq qarşısında cinayətlərinin cavabı olaraq ən ağır vasitələrlə cəzalandırılma tələbi ortada ola-ola Azərbaycanda abidəsinin saxlanılmasını mənəvi-əxlaqi baxımdan düzgün olmadığını diqqətə çatdırıb və hakimiyyəti onun abidəsini endirməklə Azərbaycanın beynəlxalq nüfuzunu qorumağa çağırıb. İclasda həmçinin partiyanın təşkilati məsələlər üzrə sədr müavini Rəşid Mansurovun və təşkilat şöbəsinin əməkdaşı Daşqın Nuriyevin Muğan bölgəsinə səfərinin nəticələri haqqında məlumatı dinlənilib və rayon təşkilatları ilə görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA