Səhər xəbərləri oxuyuram, içlərində tanıdığım, hörmət etdiyim insanlar da var - Müdafiə Nazirliyinin Naxçıvanda baş verən düşmən təxribatına görə yaydığı məlumata fərqli mövqe bildiriblər. Hətta bəziləri bunu bölücülük kimi dəyərləndiriblər. Və bir az da uzağa gedənlər olub, bu bölücülüyün əsasının 90-cı illərdə Naxçıvanda qoyulduğunu iddia edənlər var və heç kim bu böhtana, şərə etiraz etmir. Yenə hədəf Böyük Heydər Əliyevdi, hər kəs bilir ki, belə anda susacaq adam deyiləm, amma bu haqda dəfələrlə yazmışam, bu bölücülük 90-cı illərdə Bakıdan başlayıb, mərkəzdən Naxçıvana ayrı gözlə baxılıb, ayırmaq istəyiblər, amma mümkün olmayıb, ən yaxın tarixdi, hamının gözü qarşısında baş verib hadisələr.
Adama yer edən, ağır gələn başqadı. Ağrı yaradanlar isə başqaları deyil - özümüzünkilərdi.
Açıq danışaq, biz buna hər yerdə bugün şahid oluruq, danışmaq, yazmaq heç də - gizlin açmaq anlamına gəlməsin, onsuz da gün kimi aydındı, Naxçıvanın istisindən fərqli olaraq başqa bölgələrimizdə naxçıvanlılara münasibət isti deyil. Bunun da obyektiv və subyektiv tərəfləri var, amma mövzumuz bu olmadığı üçün bu günki dərdimizdən yazmaq istəyirəm ki, çəkilməsi elə də asan deyil. Heç ürəyimdən deyil bu mövzuda yazmaq, ürəyim də heç yerinde deyil, amma mövzunun yerinə düşəcəyinə inanıram.
Xəstəliklər, cavan ölümlər o qədər artıb ki - adiləşib. Amma, düşmən gülləsinə tuş gəlmək öz ağrı dərəcəsini heç vaxt itirməyəcək.
Atam rəhmətə gedəndə nənəmin necə huy çəkməyi hələ də - qulağımda, onda anlamışdım, övlad ana-ata üçün nə deməkdi! Övlad itkisi necə ağrılıdı valideyn üçün, insan bir anda ona tuşlanmış gözlərin qarşısında gözlərinin mənasını, baxışını dəyişir.
Naxçıvanda Ağstafadan həqiqi hərbi xidmətə çağırılmış əsgərimiz şəhid olub. Cənab Prezidentin Naxçıvana səfərindən sonra düşmənin bizə etdiyi pay - şəhid!
Son dövrlər qazilərə və şəhid ailələrinə yaxşılığa doğru dəyişən münasibət hamımızı sevindirmişdi.
Bu, həm də Aprel qələbəsinin gətirdiyi yenilik idi, başa düşülən bu idi ki, başqa yolumuz qalmayıb, başqalarının verdiyi sözlərin hamısı boş imiş, ümid qalıb özümüzə, güman özümüzədi, qiyməti özümüzə verməliyik.
Müharibə şəraitində olan ölkədə şəhid düşmək təəccüblü olmamalıdı, ağrıdıcı olan isə əsgər ailələrinə olan münasibətdir.
Əsgər ailəsinin qapısını ancaq şəhid tabutu ilə döyməli deyilik, əsgər ailəsinin həyəti həmişə adamlar ilə dolub-boşalmalıdı. Sadə insanlarından tutmuş, vəzifəli şəxslərə qədər hər kəs əsgər ailəsi ilə maraqlanmalıdı, düşmən ilə üz-üzə duracaq gələcək əsgər bunu özündən əvvəlki əsgər ailəsinə olan münasibətdə görməlidi ki, hərbi xidmətin, vətən qorumağın necə dəyərli olduğunu dərk edə bilsin. Əsgər ailəsinin insanların gözündə ən üstün yerdə olduğunu görsün. Ehtiyac içində ailəsini buraxıb əsgər gedən gəncin fikri ailəsinin ödəyə bilməyəcəyi borcların yanında qalmamalıdı, postda fikirləşməməlidi əsgərliyi tez bitirmək haqda. Fikri evdə qalıb, düşmən ilə üz-üzə olduğunu unudub şəhid olmamalıdı!
Deyirlər - vətənə borcunu ödəməyə gedən əsgərin ailəsinin dövlətə borcu var imiş. Baxın, çəkilməyən budur, bu borcu poza biləcək insanlar haradadır bəs, axı ən azı bu bölgədən nə qədər vəzifə tutan, sahibkarlıq ilə məşğul olan şəxslər var! Niyə bu mənzərəni görəndə ölüb yerə girmirlər?!
Şəhid ailələrinin kasıb görkəmi hamını kədərləndirir.
"Hamı eyni yaşaya bilməz" anlamı, "hamı yaxşı yaşamalıdır mübarizəsindən geri çəkilmək" anlamına gəlməməlidir.
Əgər ölkədə kasıb varsa, problemin səbəbi həmin insanların bacarıqsız olması anlamına gəlməməlidi, başqalarının onlar üçün yaratdığı problemdi -kasıblıq. Cəmiyyətin başqa təbəqəsinin yarıtmazlığı özünün əks təbəqəsini yaradıb.
Hələ qarşıda bizi döyüşlər gözləyir, əsgər ailəsinin problemlərini əsgərliyə özü ilə aparmalı deyil, əsgər ailəsinə münasibət dəyişməlidi. Bütün əsgər ailələrinin evinin damında Azərbaycan bayrağı dalğalanmalıdı, bunu adətə çevirməliyik, hər kəs bilsin ki - bu ev əsgər evidir. Həmin bölgənin məmurları evlərinə getməmişdən öncə əsgər ailələrinin evini ziyarət etməlidirlər, onların problemləri ilə maraqlanmalıdırlar. Naxçıvanda şəhid olan əsgər Ağstafalıdı, sözsüz ki, onun nəşi Naxçıvandan bütün qaydalara uyğun və şəhidimizə layiq qaydada yola salınıb. Son dövrlər gördüyümüz budur ki, şəhidlərimizin dəfnində ancaq həmin bölgənin insanları iştirak edir. Azərbaycan çox böyük deyil - bu başından o başına 6 saatlıq yoldu.
Bir vəzifəli, imkanlı adamın hüzrü düşəndə haralardan kimlər gəlmir. Yer tapmırsan oturmağa, ölü yiyəsi baş sağlıqlarını topadan qəbul edir. Amma, şəhidimizi ağstafalılar, həm də rayonda yaşayanlar dəfn etdilər, tanınmış kimlərsə gözə dəymədi. Qəbrinin üzərində ancaq Ağstafa rayon icra hakimiyyətinin əklili var, hələ uzaq rayonları demirəm - Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər, niyə rayonları adından şəhid qəbrinin üzərinə əklil qoymurlar, niyə bu az xərc aparan işi görmək istəmirlər?
Guya işləri başlarından aşır, indi özlərindən yüksək vəzifəli birinin yaxın qohumu rəhmətə getsəydi, günlərlə onun qapısının ağzını kəsəcəkdilər. Şəhid atasının əli ürəyində şəkli paylaşıldı, dəfndə iştirak daha yüksək səviyyədə olsaydı - əlindən tutan çox olsaydı , ürəyinin ağrısı bir az azalardı. Ata əllərini göyə qaldırardı, ürəyinin başına aparmazdı!
"Naxçıvanda şəhid olan Ağstafalı şəhidimizin dəfnində Bakıda vəzifə tutan naxçıvanlılardan və imkanlı şəxslərdən kimlər iştirak edib, bilən var?” Belə məzmunda status yazdım, çoxlu mesajlar aldım, kimisi başıma ağıl qoyur, kimisi guya naxçıvanlıların təəssübünü məndən çox çəkdiyini göstərmək istəyir, kimlərsə mənə cavab yazmaqla vəzifəliləri müdafiə edib yerini bərkitmək istəyir, guya mən bölücülük ilə məşğul oluram, oralı-buralı söhbəti edirəm, amma anlamırlar ki, durduğum yeri dəyişənlərdən deyiləm, durduğum yerdən Azərbaycan bütöv görünür!
Mənim dərdim isə başqa idi, istərdim nümunə yaransın, ən azı həmin rayona yaxın ərazidə vəzifə tutan naxçıvanlılar dəfndə iştirak etsinlər. Qazaxda yerləşən gömrük postunun naxçıvanlı rəisi həmin dəfndə iştirak etsin, öz köməkliyini göstərsin, həm şəhid ailəsinin, həm də bir neçə əsgər ailəsinin problemlərinin həllini öz üzərinə götürsün, nümunə yaratsın, rəğbət qazandırsın. Başqalarında bu nümünə məcburiyyəti yaratsın. Niyə? Çünki, Ordubadlı şəhidimizi Bakı Aeroportundan Naxçıvana yola salanda da Bakıda yaşayan, vəzifə tutan, sahibkarlıq ilə məşğul olanların heç biri gözə dəymədilər. Hansısa naxçıvanlı sahibkar önə çıxıb xüsusi təyyarə ilə şəhidimizin Naxçıvana aparılmasını təşkil etmədi. Bakıdan tanınmış simalardan kimsə onların dəfnində iştirak etmədi.
31 milyona özünə otel tikdirən AZAL şefi isə heç də naxçıvanlı şəhidimizin nəşinin yola salınmasında canfəşanlıq etmədi. Amma, Bakıda yaşayan naxçıvanlı vəzifə tutan, imkanlı şəxslər aeroportda olsaydılar - AZAL şefi belə hörmətsizlik edə bilməzdi, səhərə qədər şəhid atasını və yaxınlarını aeroportda saxlatmaz, onların yanında olar, dərdini bölüşər və özəl otel tikdirməyə ayırdığı pulun üstündən cüzi bir hissə götürüb şəhidimizi Naxçıvana xüsusi təyyarə ilə yola salardı! Siz bu münasibət ilə vəziyyəti dəyişə bilərsiniz, biz dəyişə bilmirik, çünki bu imkanlar sizdədir, vəzifə tutmaqda, özünüzə gün ağlamaqda öndə olduğunuz kimi - bu məsələdə də öndə olun, inanın, bu sizə ancaq baş ucalığı gətirəcək.
Rza Rzayev, aktyor, rejissor