Əsgərə süpürgə yox, silah verin!

img

11-05-2018 [23:48]


Ordu ilə bağlı yazmağa qadağa qoyulanda, bəzi deputatların və ictimai fəalların bu qadağanın işin xeyrinə olmayacağını deməsinə dəstək verənlərdən oldum.

İndi də o fikirdəyəm, ordudan yazmaq lazımdır, təbii ki, sevə-sevə. Amma sevmək o demək deyil ki, qüsuru ört-basdır edəsən. Əgər ordumun güclü olmasını istəyirəmsə, qüsuru da deməliyəm, çatışmazlığı da.

Şübhəsiz, ordudan hər yerindən duran yazmamalıdır. Kifayət qədər bilgili və peşəkarlar bu sahədən yazmalıdır. Bundan da qorxmaq lazım deyil. O zaman daha qüdrətli ordumuz olar ki, hamımızın da arzusu budur.

Amma məni bir məqam maraqlandırır. Görəsən, bu gün mediaya ordudan yazmağa qadağa qoyanlar Müdafiə Nazirliyinin informasiya siyasətinə nəzər yetiriblərmi? Bu adamlar bilirlərmi ki, ordumuza ən böyük zərəri yanlış təbliğat quranlar vurur? Yaxşı olardı ki, Azərbaycan əsgərini təbliğ edənlərə, rəsmi piara diqqət ciddi olsun. Ya da ki, özlərini əziyyətə salmasınlar, kiçik bir detalı nəzərə çatdırım.

Deməli, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunub. Həmin iməciliklə bağlı material hazırlayaraq Müdafiə Nazirliyinin rəsmi saytına yerləşdiriblər. Göz gəzdirərkən, əsgərin əlində süpürgə ilə fotosu diqqətimi çəkdi. Guya iməcilik keçirirlər. Azərbaycan əsgərini əlində süpürgə ilə təbliğ etmək nə deməkdir? Başa düşürük, iməcilikdir, təmizlik sağlamlıqdır, imandan gəlir, filan. Ağac əkdilər, yer şumladılar, kişi işidir. Tay süpürgə nədir? Mənim əsgərimin əlinə süpürgə verməyiniz bir tərəfə, bunu çəkib rəsmi saytınızda təbliğ etməyin nə mənası var?

Mənim əsgərimin əlində silah düşmən üstünə gedəndə şəkilin çəkin, Qarabağa bayrağımızı sancanda şəkilin çəkin. Axı, bizə məğrur Azərbaycan əsgəri obrazı lazımdır. Erməni baş nazir Paşinyan kürsüyə keçər-keçməz Qarabağa səfər edir, ordan sərsəm bəyanatlar verir, amma biz...

Artıq bıçaq sümüyə dirənib. Susmaq sadəcə, mümükün deyil. Kimsə mənə nəyisə irad tutmaq istəyirsə, bəri başdan qeyd edim ki, bu Vətəni, onu qoruyan Ordunu mənə irad tuta biləcək adamlardan çox, lap çox sevirəm. Mən əsgərimi döyüş meydanında görmək istəyirəm. Mənim əsgərim əlində silah tutmalı və nəhayət mübarək bayrağımızı Qarabağın ən ucqar zirvəsinə - Şuşaya sancmalıdır. Bu qədər şərəfli bir vəzifəsi olan əsgərin əlinə süpürgə vermək, üstəlik, bunu rəsmi saytda təbliğ etmək ən böyük qəbahətdir.

Bir zamanlar ATAM bu şanlı ordunun əsgəri olub, vuruşub, döyüşüb və nəhayət, son vəzifəsini yerinə yetirərək ŞƏHİD olub. İndi durub kimsə şanlı Ordumun əsgərinin əlinə süpürgə verib rəsmi saytında təbliğ edirsə, məndən susmağı gözləməsin...




Digər xəbərlər
SON XƏBƏRLƏR