Zahid ORUC, Millət vəkili
***
9 mayda qələbə gününü Şəhidlər Xiyabanında qeyd edən dövlətin və vətəndaşın ikili halına acımamaq olmur. Sən faşizmə qarşı savaşda 300 mindən artıq insanın-sənin bacı-qardaşlarının böyük rəşadət və hünəri sayəsində qalibiyyət əldə edirsən, lakin üstündən 45 il keçəndən sonra Sovetlər birliyi dağılır və
Vətən deyib qoruduğun imperiya tarixə gömülür,amma öz milli müstəqilliyini- sərhədlərinin toxunulmazlığını təmin edə bilmirsən. Bəlkə də isveçrəlilər qoca qitədə uzun əsrlər boyu davam edən böyük müharibələrdə xüsusi qəhrəmanlıqlar göstərmədən yaşaya bilirlər və cəmiyyətin əlahiddə olaraq,müsəlləh əskərə heç ehtiyacı da yoxdur. Lakin biz axı Qafqazda yaşayırıq. Burada yalnız uca dağların qalaya çevrilib hamımızı qoruduğuna əmin ola bilmərik.
Bir tərəfdən, 2-ci dünya müharibəsinin nəticələrini müasir Rusiyanın böyük ideallarına xərcləyən bir dövlətlə qonşuluq halında, o bir yandan öz milli qələbə gününü Şuşanın ələ keçirilməsi üzərində quran ermənilərin daimi tənə və aşağılama obyekti olmaqda sən nə qədər davam edə bilərsən?
Hər ii sıraları seyrələn 100 yaşlı veteranların ardıcılları 9 mayda şəhidlər qarşısında hərbi marşla keçib gedirlər. Lakin babalarının qələbə qatarı qəzaya uğradılmış bir millət üçün həmin şanlı addımlar elə paytaxtdaca başa çatır və qələbə bayrağını ötürməyə iriəli duracaq nəsil tapılmır. Belə də hansı ideologiyanın kölgəsinə sığınıb qalasan? Hər halda "Qordi düyünü” kimi böyük dərddir.
4 günlük müharibəni müqəddəs davaya çevirən məhz məğlubiyyət qınağı altında yaşamağın qeyri-mümkünlüyü nidası idi.Ataları 90-cı illərin xaosunda batıb-qalmış bir xalq üçün hər il işğal ildönümləri keçirmək və dünyadan mərhəmət ummaqdan böyük məzlumiyyət ola bilməz. Onsuz da dünya erməniçiliyinin istismar edib tükətdiyi bir yol-soyqırımlarla yaşamaq və dövləti matəm simfoniyası altında qurmaq kimi perspektivsiz bir məşğuliyyət uzun on illər idi ki, azərbaycanlıları özü olmağa qoymurdu. Bütün parametrlərlə üstün olduğun bir vuruşmada sən basılmağını, məhv edilməyini böyük dövlətlərin ayağına yazmaqla hədəfdən-səngərdəki düşməndən uzaq qaçmaqda davam edirsən. Özü də əlində ən müasir silahlar ola-ola.
2 aprel böyükləri məğlub edilmiş millətin üsyan və qurtuluş mübarizəsiydi. Kəlbəcəri bir dağ yüksəkliyi kimi itirəndən sonra sağlığı əlindən alınmış adamlar ilk dəfəydi ki, təqvimə və taleyə qarşı getməkdən çəkinmədilər. Bəlkə də hər həftə öz oğlunu tabutda geri alan analar da səngərdə həyatını itirən övladlarına qəlblərinin hansısa dərinliyində etiraz edirdilər ki, sizi bundan ötrü dünyaya gətirməmişik axı. Qalibiyyət şəhidlərini millət çox tez tanıyır.4 günlük müharibədən sonra bir qarış torpağını geri qaytarmış əskər və zabitlərin nəşi altına girməyə yüz minlərlə insanın sıraya durması da dediyimiz o səbəbə bağlıdır. Xalq onları bir çiyin qədər ucaldan qəhrəmanlarını təsadüfi ölülərindən ayırmağa çalışırdı!
ATƏT dünyanın heç yerində bizim regionda olduğu qədər məşhur deyil.SSRİ və ABŞ-ın ötən əsrin 70 ci illərində razılaşmalarına uyğun olaraq Avropada növbəti müharibələrdən qaçmaq üçün yaratadıqları təşkilatın bir qitə miqyasında səmərəli fəaliyyətini hələ görən olmayıb. Hərbi konfrontasiyaları və risqləri durdurmaq naminə hər hansı cəza-çəkindirmə mexanizminə malik olmayan bir təşkilatdan təhlükəsizlik gözləməyin özü absurddur.
Məgər bəyanatlar və qətnəmalərlə orduların qarşısına çıxmaqmı olar?
92-ci ildən icraçı sədrlərinin hamısının Dağlıq Qarabağa həsr olunmuş görüş və açıqlamlarını muzey əşyası tək evində saxlayan azərbaycanlı qaçqın-köçkünün hər birisini beynəlxalq hüquq üzrə peşəkar saymaq olar. Ən azı Donbasa həsr olunmuş "Normand dördlüyü”nünü növbəti dəfə hansı addım atacağını hesablamaq bizim üçün çətin deyil. Çünki vahid geopolitik məkan və eyni maraqların çarpışması halında növbəti dəfə Rusiya ilə toqquşdurulub əzilən bir dövlət məhz Ukrayna olmalıydı. Azərbaycandan dərs almayanların aqibəti başqa cür ola bilməzdi.
4 günlük müharibə konkret hərbi meydanda getməsinə baxmayaraq,siyasi və diplomatik məkanda böyük rezonans doğurdu. 2000 hektar ərazinin səngər döyüşləri üçün əhəmiyyətini ordualar qiymətləndirər, lakin on minlərlə etirazçının İrəvanda ayağa qalxması nəinki müstəqillikdən sonra, eləcə də yüz ilə yaxındır davam edən kolonializmə böyük zərbə vurdu. Moskva qarşısında təbəəlik göstərməyin heç də hər zaman mükafatla yekunlaşmadığı çoxlarına əyan oldu.
Qafqazda bir deyil, iki dövlət qurmağa qalxmış bir xalqın böyük idealları elə həmin rus silahı ilə sarsılanda bir millətin on illərlə yaşamaq üçün uydurduğu epopeya ayaqlar altına atılmış oldu.Rusiya prezidentini dünya çapında ittiham edənlərin cərgəsinə qoşularaq küçələrə axışanlar 25 illik formal azadlığın gətirdiyi köləlik buxovunu qırmağa çalışırdılar. Aprel döyüşləri qafalarda kök salmış hami-satellit zəncirinin bir neçə həlqəsini məhv etdi. Lakin müvaizənitini düzəltmək üçün əl atılan vasitələr və paytaxtlar çox olmadığından Ermənistan yenidən taleyini sürətlə silahlanmada axtarmaqda davam edir. Ona görə ”Rusiyasız Ermənistan yoxdur” verdikti bir daha təsdiqlənir.
1997-ci ildə devrilmiş prezident Levon ter-Petrosyanı 20 il sonra haqlı çıxaran Azərbaycan əskəri yüz ildir dünya erməniçiliyini əsarətində saxlayan mifologiyanı da sınağa çəkdi. Təsəvvür edin,adam alim zehniyyəti ilə dərk edir ki, alman xalqını 89-cu ildə yenidən birləşməyə və vahidliyini bərpa etməyə gətirib çıxaran səbəblər toplusu ilk növbədə, bir millətin qurucu ideallara malik olması və işğalçılıq ideologiyasından imtinası idi. Hər halda Nürnberq məhkəməsini quranların nə qədər haqlı olmasına baxmayaraq, tarixin hökmü daha amansızdır. Kapitulyasiya etmiş bir dövlət alçaldığıcı şərtlərə-parçalanmaya son qoyur və yenidən daha böyük qətiyyətlə ayağa qalxır.
Petrosyan da qoca Şərqin tarixini yaxşı bilir. O karyerasını sovet kitablarından qidalanaraq qursa da, fəhmlə və rasional ağılla dərk edir ki, böyük türk qovşağında yaşamaq üçün iki dövlət, yaxud paytaxtı Xankəndi olan Ermənistan idealı özünüməhv ideologiyasıdır. Ona görə də daha gur səslə bağırır və parlamenti gülləbaran edilmiş bir ölkəni sağ qalmaq uğrunda vəhşi mübarizədən çəkinməyə çağırır. Lakin onun siyasi rəqibləri Qarabağdan çıxmış və məhəlli baxışları ilə paytaxt elitasını küncə sıxmış səhra komandirləiridir. Onlar 94-cü ildən sonra erməni xalqını məğlub etməyi bacarmış mütəşəkkil cinayətkar dəstədir. Təfəkkürlə qılıncın davasında heç də hər zaman birinci qazamır.
Bitməyən döyüşün yaratdığı sindromlarından biri də bilirsizmi nədir: sən yüksək titullu döyüşçü kimi öyündüyün səhnələr bir anın içində əlindən alına bilər.
Burada "son nəfəri”nədək savaş qanunları işləyir. Ona görə də dünənki vandalizm cəmiyyət üçün qəhrəmanlıq əfsanəsinə çevrilirdisə, bu gün sən insanların nəzərində xəyanətkara dönə bilərsən. Seyran Ohanyanla birgə taxtdan salınan 6 generala düz 20 il toxunulmazlıq qazandıran bizim orduya "vur” əmrinin verilməməsiydi. Deməli, İrəvanda hansı iqtidarın oturmasını müəyyənləşdirən qüvvələrdən biri də səngərdəki hərbi birləşmələrimizdir. Deməli, dünənki medalları gərəksiz əşyaya çevirən yeni savaş qarşıdadır. Artıq oğulların fərəh və həsəd hissi ilə atalarına baxdığı dövr arxada qalıb.
Böyük Vətən müharbəsindəki qələbənin kölgəsində yaşaya bilməyən xalqlar dünən çiyin verdikləri səngər yoldaşlarına qarşı silah qaldırmağa məhkumdular. Atalar və oğurllar müharibəsi təkcə bir xalqın içərisində deyil, həm də dövlətlər arasında gedir. Ona görə də 2 aprel Azərbaycan üçün Böyük Vətən müharibəsinin başlandığı gündür!
Torpaq bütünlüyünü itirən bir millət mənəvi tamlığa heç vaxt çata bilməz. Bilirsizmi, ermənilər cəmi min hektarlıq itkidən niyə boğulurlar. Çünki hər zaman böyük təhlükəsizlik zolağı təminatı altında yaşamağa məhkumluq onlar üçün milli mövcudluğun yeganə şərtinə çevrilib. Qarabağın özündən 3 dəfə artıq ərazilərin kölgəsinə sığınmaq yeni ərazilər ələ keçirmək iddiasından daha çox, uçuq damının altında sakit yaşamağa qarantiya deməkdir. Ona görə 2 aprel Ermənistanda seçki günü kimi yadda qalmayacaq. Çünki hansı yolla gediləcəyi bəllidir. Xalq öz taleyindən uzaqlaşdırılanda hakimiyyəti başqa paytaxtda müəyyənləşdirirlər.
O üzdən 2 apreli simvollaşdıraraq onu milli müvazinətimizi düzəltməyə kömək edən iftixar və qürur hadisəsi kimi tərənnüm etmək lazımdır. Sevilin atdığı qara çadradan sonra başlayan azadlığı kimi ağılara, mərsiyyə və göz yaşlarına bulaşan teatral libasımıza vida etməyin vaxtıdır.
Ordu hamınındır, əskərin nüfuzundan hər kəsə pay düşür! Qələbəni millət qazananda onu fərdlər istismar etməyə qalxmır. Ataların məğlubiyyətini qılınclayıb keçmişlə savaşmaqdansa, gələcək uğurlar üçün döyüşmək gərəkdir!
Mia.az