“Sən nə zaman əxlaqını yedin…”

img

01-04-2018 [00:47]


Əli Həziquliyev

***

Qəribə mənzərə yaranıb. Bir aya yaxın müddətdir ki, bir neçə «avropoid» düşüb sosial medianın küçələrinə, hamını söymək, aıçaltmaq, təhqir və təhdid etməklə məşğuldur. O insanlar ya zəlzələdən, ya vəlvələdən Avropaya köç edəndə içimizdə bir fərahlıq yaranmışdı ki, bizim də oralarda diaspor təşkilatlarımız olacaq və dövlətimizə lobbiçilik edəcəklər…

…Yazdıqlarım çoxdur. Etiraf edim ki, təhqir və tərif yazıları yaza bilmirəm. Ona görə yox ki, belə hallar yoxdur, sadəcə bacarmıram deyə. Yazdıqlarımın əksəriyyəti hadisələrə tənqid üzərində qurulan münasibətlərdir. 

Bunlar içərisində üc epizod var ki, onlara görə hələ də utanıram. Biri haqda bəlkə də nə zamansa aktual olarsa, yazacam. Bəlkə də heç yazmayacam. Ancaq ikisi haqda danışmaq istəyirəm:

– Yaxşı yadımdadı, bir dəfə dəyərli ziyalımız Sabir Rüstəmxanlının qəlbinə toxunan bir yazı yazmışdım. Detallarına varmadan deyim ki, elə də ciddi bir şey deyildi. Yazı sərt formada Sabir bəyin fəaliyyətinin tənqidi üzərində qurulsa da, bir cümləylə ailə həyatına da toxunulmuşdu. 

Yazıdan sonra demək olar ki, Sabir bəyin özü daxil zəng vurub ən sərt formada etirazını bildirməyən ailə üzvü qalmadı. Hələ o vaxt "Azadlıq” qəzetinin redaksiyası qalırdı və Əbülfəz Elçibəy orda otururdu. Həyətdən foyeyə girəndə rəhmətlik məni uzaqdan gördü və yanına çağırdı. Başda Əli Kərimli və Mürmahmud Mirəlioğlu olmaqla bütün müavinlər orda idilər. Bir xeyli sıravi cəbhəçi də vardı. Birinci cümləsi bu oldu: "Sən nə zaman əxlaqını yedin, mən deməmişəmmi heç kimin ailəsinə toxunmaq olmaz…”. Dalinca deyilənləri sanki eşitmirdim…

– İkinci epizod: 2005-ci ilin parlament seçkiləri ərəfəsi idi. Mən də namizədliyimi irəli sürmüşdüm və qeydə də alınmışdım. Elə seçki ilə bağlı Goranboydan qayıdırdım. Şahbaz Xuduoğlu zəng vurdu və Aydın Canıyevin onlara lazim olan bir yazisini "Elçi”də dərc etməyimi xahiş etdi. O zaman "Elçı” 24 səhifədə çıxırdı və çox da populyar bir qəzet idi. Təbii ki, dostlara münasibətimdən "baş üstə”dən başqa heç nə deyə bilməzdim. Yazılarda arzuolunmaz bir şey olanda, həmişə redaktorumuz Müraslan bəy mənə zəng edərdi. Bu dəfə nədənsə o da heç nə deməmişdi. Allah Aydının insafini kəssin, mənim mandat ala bilməməm üçün bütün məharətini ortaya qoyubmuş… 

Məni isə ağrıdan bir məsələ vardı. Hələ də o adamla üz-üzə gəlməmək üçün insana xas olan hər şeyi edirəm… Yazmışdı ki, Afiq Mirzəbəylinin bacısı guya "erməni əsirliyindədir”- filan. Sən demə Afiq Mirzəbəylinin sahibi olduğu "Reytinq” qəzeti ilə aralarında hansisa ixtilaf varmış… 

Bütün bu yazilanlari mənə Anar Yusifoğlu zəng vurub oxudu. Bilə-bilə ki, xəbərsizəm, bir xeyli qınadı da. Orada prezidentin, mərhum Cəlal Əliyevin və bir çox hökumət və dövlət nümayəndələrinin hətta özümə də böyük qardaş saydığım Anarın qardaşı İbrahim Yusifzadənin də bostanına daş atılmışdı… 

İlk öncə Şahbaz bəyə zəng vurdum. Yazını oxuyub-oxumamağını soruşdum. Oxumadığını bildirdi. Səmimiyyətinə inanırdım. İradımı bildirdim, oxumadığı yazini mənə göndərdiyinə gərə.. Və ona dedim: – Əgər doğrudan da Afiqin bacısı erməni əsirliyindədirsə onun qeyrəti artiq hamımızındır. O indi həm Şahbaz Xuduoğlunun, həm Sabir Rüstəmxanlının, həm Tənzilə Rüstəmxanlının, həm də Əli Həziquliyevin bacısıdır… 

Sonradan Afiq bəyin bacısıyla bağlı deyiləni heç araşdirmadım da. Nə fərqi var, olmasin Afiq bəyin bacısı, erməni əsirliyində ana-bacilarılarımızmı yoxdu? Artıq mənim rəhbərlik etdiyim qəzetdə bu səhvə yol verilmişdi… Bu bir utanc idi…

Bütün bunları niyə yazdım. Açığı, indiyəcən susurdum. Səmimi deyirəm, xanımları təhqir olunan Prezidenti və onun köməkçısı Əli Həsənovun mənim müdafiəmə ehtiyacları yoxdur. Həm də onlar nə qədər də olsa bir köynək uzaqdılar. Bu iyrənc kampaniyada ilk hədəf Qüdrət Həsənquliyev olub. 

Dostlar bilir, ailəmlə bağlı ən ağır günümdə Qüdrət bəy mənimlə xəstəxananın qabağında durub, mənə təsəlli olmağa çalışıb. Bu insanın ailəsini söyürlər, mənsə heç nə edə bilmirəm. Məndən haqlı olaraq gözləntisi olan dostlarım var. Nə olmalıdır mövqeyim? Mənim anamı, bacımı söyənin yanındamı olmalıyam? Bəli, düz eşitdiniz, məhz anamı-bacımı. Qudrət Həsənquliyevin də, Əli Həsənovun da, prezident İlham Əliyevin də soyülən xanımları və övladları mənim həm anamdır, həm də bacım. Bu mənim təkcə dostluq və qardaşlıq mövqeyim deyil, həm dövlətçilik, həm də vətəndaşlıq mövqeyimdir…

Bu adam (adamları da təhqir edirəm deyəsən) məgər yazı yazır kı, ona yazıyla cavab verəsən? Bu adam sözmü deyir ki, buna sözlə cavab verəsən? Həyatımda bəlkə də ilk dəfədir ki, aciz qalmışam. Vallah bunun istədiyi yazi deyil, söz deyil. Dostlar deyir ki, bənd olmayaq, bunun başında nəsə çatmır. Bunun istədiyi başında çatmayan qramını da unutmuşam, o neçə qramlıqsa qurğuşundur…

…Nəyi demək istəyirəm? Bəxtiyar Vahabzadə sağ olsaydı, bu mənzərəyə biganə qalmazdı. Nə qədər ondan xoşum gəlməsə də, o, bir ziyalı idi. Bu yaxınlarda neqativ şəkildə gündəmə gətirilən Xəlil Rza da dinc dayanmazdı. Elçibəy sağ olsaydi isə… Nələr deyəcəyini və nələr olacağını bir Allah bilir…

Məndən umanlar olduğu kimi mənim də umacağım biri var. Bəlkə də umulacaq adamlar çoxdu, amma mənim umduğum bircə o qalıb – Sabir bəy Rüstəmxanlı! Susmayın, Sabir bəy, ziyalı sözünə bəlkə də heç zaman indiki qədər ehtiyacımız olmayıb. Başqaları kimi iddia etmirəm ki, bu dövlətə və dovlətçiliyə lazimdir, dövləti onsuz da qoruyanlar var, bu bir millət olaraq mənəviyyatımıza, əxlaqımıza və insanlığımıza lazimdir.

Və sonda… Tez tez körüklənə-körüklənə "mənim xalqım” deyə müraciət edirsən. Sirr deyilsə deyə bilərsənmi o hansı xalqdır? Hesab etmirəm ki, o bizik. Yox əgər bizi, Azərbaycanda yaşayan insanları nəzərdə tutursansa, vay sənin halına. Yəqin elə bilirsən ki, və yaxud da səni burdan danışdıranlar deyiblər ki, xalq ayaqda səbirsizlikıə əllərində gül-çıcək "qəhrəmanını”, qərbdən doğan "ulduzunu” gözləyir. Əslində, düz deyirlər, xalq qalxmağına qalxıb o günü səbirsizlikə gözləyir. Biləsən ki, səninlə haqq etdiyin pozlarda şəkil çəkdirmək istəyənlər çiyin-çiyinə düzülsə, Bakıdan sığındığın Avropanın istənilən şəhərinə çatar. Bəli, sən indi Azərbaycanda "ulduz”san – porno ulduz. 

Uyarması məndən…

Digər xəbərlər
SON XƏBƏRLƏR