Sudurğası tutan televiziyalarımız...

img

26-12-2017 [09:01]


Ləman ƏLƏŞRƏFQIZI,

Əməkdar jurnalist

***

Azərbaycan televiziyaları anormal verilişlərini davam etdirmək istiqamətində əzmlə irəliləyirlər. Sanki and içiblər, tamaşaçıya bir dənə də olsun ağıllı, düşündürücü proqram təqdim etməyəcəklər. 

Desəm ki, oturub bu televiziyaları izləyirəm, sizə yalan danışmış olaram. Ay tövbə aylarla baxmasam yadıma düşməz. Yaxşı ki sosial şəbəkələr, internet media var və hərdən kanallarımızda axıdılan tullantılardan xəbər tuturuq. Onda da az qalır ürəyini tutasan, sudurğa keçirəsən. Necə ki, tv verilişlərdən birində nənəsinə türklər demişkən eşlik edən gənc oğlan bu sudurğanı keçirdi.

Deməli, saytlardan birində "Azərbaycanlı diktor 70 yaşında gəlinlik geyindi” başlıqlı yazı diqqətimi çəkdi. "Burda qəribə nə var ki, adam hətta 100 yaşında da gəlinlik geyinər. Təki ruhu cavan olsun” fikriylə xəbəri açdım. Gördüm video da var. Əlim dinc durmadı, videonu tıkladım və budur…bir televiziya verilişində mərhum diktor Davud Əhmədovun həyat yoldaşı Xalidə xanım üçün xınayaxdı mərasimi təşkil ediblər.

Xanım ağ libasda, başında qırmızı duvaq, yanında da bir gənc oğlan. Elə bildim ki, uşaqlıqdan AzTV-nin efirindən tanıdığımız Xalidə Əhmədova bu gəncə ərə gedir. Çünki, aktrisa Naibə Allahverdiyeva

"Nə gözəl bəy yaraşır boyuna gəlin,

Bütün ellər yığılıb toyuna gəlin.

Tanrıdan dilərəm, dilərəm gəlin

Sən ona olasan, olasan gəlin"

deyə diringi bir mahnıyla bəy qismində oturan cavan oğlanın boynuna qırmızı parça salıb ortalığa çıxardır. Hiss olunur ki, oğlan xəcalətindən yerə girir. Tez-tez əlini üzünə aparır tərini silir, başını bulayır. 

Manıs tayfası isə iri çaplı pulemyotlardan nənə və nəvəni atəşə tutur. Biri "Haxışta” deyir qışqırır, biri gəlinin camalına, biri bəyin kamalına tərif yağdırır. Gəlinin kimliyi isə tamaşaçıya sirr saxlanılıb. Onu verilişin sonunda deyəcəklər. 

Və birdən…bayağı toy komediyasının tən ortasında sözün əsl mənasında faciə yaşanır. Mən buna həm də mənəviyyatın faciəsi deyirəm. Bəy-yəni "nənəsi ilə evləndirilən” nəvə tirtap yerə yıxılır. Yox, bu artıq qurama deyil. 100 faiz qurama deyil. Uzun illər televiziyada çalışan biri kimi sizə tam məsuliyyətimlə deyirəm. Bəyin sudurğası tutur, ortalıq qarışır. Aləm biri-birinə dəyir. 

Bayaqdan üzünü qırmızı duvaq altında gizlədən Xalidə arvad da duvağı, ya da ki, maskanı çıxarıb nəvəsinin üstünə cumur. Əli Mirəliyev keçəlinə əl atır, yolmağa tük tapmayınca tərini silir, çox güman ki, xəcalət tərini. 

Ərəb şeyxi paltarında "Müəllim” oxuyan adam da indi həkim qismindədir. Qısası, bütün maskalar yırtılır, sonra… Veriliş canlı olmadığı üçün sonra baş verənlər yenə də teatral davam edir. Sadəcə bəy kürsüsü boşdur. Yəqin, gəncin vəziyyəti stabilləşib ki, nənə yenə gəlinlik taxtına qalxıb, hətta əlinə xına da yaxdırır.

Ən sonunda məlum olur ki, mərhum diktor Davud Əhmədov 50 il qabaq  bu arvadı götürüb qaçıb və gəlinlik geyinmək ona qismət olmayıb. Yadıma Nəriman Həsənzadənin 60 ilin söhbəti şeiri düşür. O şeiri mütləq tapıb oxuyun. Dodağınızı qaçıracaq şeirdir.

Allah Nəriman Həsənzadəyə ömür, Davud Əhmədova rəhmət eləsin. Kişi tam zamanında ölüb. Bircə bu sudurğası tutan televiziyalar da ölüb qurtarsaydı, işimizi bilərdik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq