Universitet məzunu, yoxsa kisəçi?

img

08-01-2018 [19:36]


Seymur VERDİZADƏ

****

Dahi Nizami hələ 12-ci əsrdə deyirdi ki, yarımçıq papaqçıdansa, kamil palançı yaxşıdır. Bizim eradan əvvəl qədim Azərbaycan torpaqlarında qurulan dövlətlərdə sənətkarların ayrıca məhəllələri olub. Onlar atalarından öyrəndikləri sənəti balalarına öyrədə-öyrədə, halal zəhmətlə dolanıblar. Nahaq deməyiblər ki, yaxşı sənətkar günortaya kimi ac qalar...

Sovet hökuməti qurulandan sonra savadsızlığın kütləvi ləğvi prioritet vəzifəyə çevrildi. Rejim ən ucqar kəndlərdə belə məktəblər açdı, təkcə uşaq və yeniyetmələrə deyil, qocalara da yazıb-oxumağı öyrətdi. Gecə məktəblərində oğullar atalarına dərs keçir, onlara qələm tutmağı, yazıb-oxumağı öyrədirdilər. Orta Asiyanın ucqar aullarında yaşayan beş-on kəndlini nəzərə almasaq, SSRİ-də yazıb-oxumağı bacarmayan adam yox idi.

Elmin, təhsilin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sonradan müəyyən fəsadlara yol açdı. Ən pisi o idi ki, bir o qədər də uzaq olmayan 60-70-ci illərdə təkcə savadı olanlar deyil, hətta savadı olmayanlar da ali təhsil almağa can atırdılar. Ali məktəbə daxil olmaq böyük şəhərlərlə yanaşı, əyalətlərdə də dəbə çevrilmişdi. Kənd yerlərində valideynlər danasını, qoyun-quzusunu satıb, uşaqlarını isntituta qəbul elətdirirdilər. Dananın, davarın hesabına diplom sahibi olan həmin adamlar sonradan cəmiyyətə bir qotur dana qədər xeyir vermirdilər.

SSRİ çoxdan tarixin arxivinə göndərilsə də, postsovet məkanında, o cümlədən, günəşli vətənimizdə bu mənfi streotipdən əziyyət çəkənlər hələ də çoxluq təşkil edir. Azərbaycanda fəaliyyət göstərən nəinki dövlət, hətta özəl ali təhsil müəssisələrində də qəbul planı 95-100 faiz dolur. Bununla paralel olaraq, xarici ölkələrdə də on minlərlə gəncimiz təhsil alır. 

Hazırda Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı 10 min nəfəri ötüb. Təxminən bir o qədər tələbə də qonşu Gürcüstanın universitetlərində oxuyur. Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin dəqiq sayını öyrənmək isə hələ mənə müəssər olmayıb. Azərbaycanda universitetə daxil ola bilməyən gənclərin əksəriyyəti attestatını qoltuğuna vurub, qardaş ölkəyə üz tutur. TQDK-nın 2012-ci ildə keçirdiyi qəbul imtahanında 72 bal toplayan tanışım gələn il vətənə qayıdıb, sağlamlığımızın "keşiyində dayanacaq”.

Diplom azarı azərbaycanlı gənclərin sənətə marağını xeyli zəiflədib. Qoyun otarmağa belə yaramayan həmin diplomlar gənclərimizin karyera qurmasında heç bir rol oynamır. Halbuki valideynlərin borcu övladlarını düzgün istiqamətə yönəltmək, onların sənət öyrənməsinin qeydinə qalmaqdır. Donald Tramp özü ilə ABŞ-ın beş-altı milyarderini gətirsə, yenə məni inandıra bilməz ki, yaxşı dülgər, yaxşı bənna, yaxşı qaynaqçı, yaxşı dərzi Azərbaycanda yeməyə çörək tapmır. Yaxşı sənətkara həmişə ehtiyac var...

Altı-yeddi il əvvəl dostlarımdan birinin oğlu 11-ci sinifdə oxuyurdu. Hər dəfə görüşəndə, eyni sözləri deyirdi: "Uşaq oxumur”.

Axırda ona məsləhət gördüm ki, oğlunu müəllim yanından qaytarıb, sənət öyrənməyə göndərsin. Yazıq görkəm alıb, belə dedi: "Zəif uşaqdır. Onun nə canı var ki, sənət öyrənsin?”

Bu "zəif uşaq” ali məktəbə qəbul ola bilmədiyi üçün bir il sonra hərbi xidmətə getdi. Vətən qarşısındakı borcunu Murovda yerinə yetirsə də, əsgərlikdən qayıdandan sonra münasib bir iş tapa bilmədiyi üçün Rusiyada yaşayan qohumlarının yanına üz tutdu. Hazırda Sibirdə kömür mədənində işləyir. Nataşanın hərəsi bir kişidən olan iki balaca qızının qarnını doyurmaq üçün gündə 8-9 saat zəhər udur.

Dünən dostlarımla saunada dincələndə, kisəçi işləyən gənclə aramızda maraqlı söhbət oldu. Dedi ki, şənbə və bazar günləri ən azı 10 müştərisi olur. Adamın birini 12 manata kisələyir. Dərhal da əlavə etdi: "Bu pulun yarısı obyektin sahibinə, yarısı isə mənə çatır. Özümə bir az əziyyət verəndə, gündə 60 manatı qatlayıb qoyuram cibimə”.

Azərbaycanda kisəçilərin jurnalistlərdən ayda iki-üç dəfə çox pul qazandıqlarını düşünüb qəm dəryasına qərq olmaq istəyəndə, sözünün davamını gətirdi: "İstəsəm, gündə 15 nəfəri də kisələyə bilərəm. Amma başdansovdu iş görüb, sənətimi hörmətdən salmaq istəmirəm”.

Demək istədiyim odur ki, sənətlə sənədin fərqini ayırd edə bilməyən universitet məzunu olmaqdansa, öz işinin öhdəsindən bacarıqla gələn kisəçi olmaq daha yaxşıdır...

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq