İşıq və qazın qiyməti: niyə hədəfdəyəm?

img

03-12-2016 [23:11]


Azər HƏSRƏT, [email protected]

Tarif Şurasının işıq və qazla bağlı məlum qərarı birmənalı qarşılanmır. Anlaşılandır. Çünki sadə insanı bir parça çörəyi, dinc yaşayışı düşündürür. Hər hansı çətinlik olarsa, bu insanda narahatlıq yaranar. Tam bir insan halıdır. Yəni kimsəni buna görə qınamaq olmaz.

Bir də bu qərarla bağlı manipulyasiya edənlər, ictimai rəyi çaşdıranlar iş başındadır. Az qala Azərbaycanın çökdüyünü iddia edərək insanlarda ruh düşkünlüyü yaratmağa çalışırlar. Sanki dünyanın sonuymuş kimi. Əslində elədirmi? Təbii ki, deyil və məsələnin daha geniş izah edilməsi vacibdir.

İzah işləri də aparılır. TV kanallarımız, radiolar, qəzetlər bütün imkanlarını səfərbər edərək ekspertləri, ayrı-ayrı ictimai xadimləri danışdırıb xalqa təqdim edir ki, insanlar, əslində nə olduğunu daha yaxşı anlasın.

Belə verilişlərdən birinə də məni dəvət etmişdilər. Noyabrın 30-da Az.TV-nin "Günün nəbzi” verilişində qiymət artımına münasibətimi yetərincə geniş izah edə bilmişdim. Amma anlaşılan odur ki, bəzi adamlar mənim fikirlərimi ya yetərincə anlamaq istəməyib, ya da ümumiyyətlə o verilişə baxmadıqları halda sosial şəbəkələrdə haqqımda mənfi rəy yaratmağa girişiblər. Ona görə də məsələyə əlavə yazıyla aydınlıq gətirmək istərdim.

Hər şeydən öncə qeyd edim ki, qiymət artımı xoş bir şey deyil. Amma əgər buna gedilməsindən başqa çıxış yolu qalmırsa, gözləməyin, uzatmağın mənası da yoxdur. Azərbaycan hökuməti də məhz bu üzdən qiymət artımına gedib.

Bəs sosial cəhətdən zəif kəsimlərin maraqları necə, təmin edilməlidirmi? 

Əlbəttə. Yenə də hökumət burada differensiallaşdırma tətbiq edərək əhalinin aşağı-yuxarı 70%-nin maraqlarını təmin edən addım atıb. Yəni bu bahalaşmadan ölkə əhalisinin böyük çoxluğu birbaşa zərər görməyəcək.

Elə isə, dolayısı zərəri olacaqmı? 

Mümkündür və qaçılmazdır. Çünki bəlli kvota çərçivəsində işıq və qazdan istifadə edənlər heç bir dəyişiklik hiss etməyəcəklərsə də istehlak mallarının və xidmətlərin qiymətlərində müəyyən artımlar müşahidə edilə bilər. Hətta qaçılmazdır. Bu isə yenə də birbaşa vətəndaşa-istehlakçıya ziyandır.

Belə olan halda nə etməli? 

Dövlətin üzərinə düşən vəzifə təbii ki, süni qiymət artımının qarşısını almaq, eyni zamanda qaçılmaz qiymət artımını kompensasiya etmək üçün əmək haqqı və təqaüdləri, həmçinin müavinətləri artırmaqdır.

Göründüyü kimi, çox da dəhşətli bir hadisə baş vermir. Sadəcə istehlak bazarında bir balaca hərəkətlənmə var və dövlət də bəyan edib ki, 2017-ci il üçün əmək haqlarının ən azı 10% artırılması nəzərdə tutulur. Çox adama görə, bu, kiçik rəqəmdir.

 Doğrudanmı elədir? 

Təbii ki, deyil. Örnək üçün, bir adam ayda 300 manat əmək haqqı alır və işıq, qaz üçün üst-üstə 15-20 manat ödəniş edirsə, 300 manatın üstünə gələcək 30 manatla o xərcləri də, hələ kvotadan artıq olanları da qarşılaya biləcək. Bu qədər sadə və anlaşıqlı. Yəni dövlət, əslində, vətəndaş üçün əlavə imkanlar yaradır. Düzdür, işıq və qazdan başqa da istehlak mallarında qiymət artımı olacaq. Amma onların da kompensasiya edilməsi, eyni zamanda heç bir əsas olmadan qiymət artımına gedilməsi əngəllənəcək və vətəndaş bu artımlardan ciddi bir sıxıntı yaşamayacaq.

Ümumiyyətlə, bu artımlara getməmək mümkündürmü? 

Bəzi şəxslər iddia edir ki, mümkündür. Bizsə düşünürük ki, mümkün deyil. Çünki manatın dollar qarşısında bu qədər dəyər itirməsi, eyni zamanda Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin hədsiz ucuzlaşması fonunda süni şəkildə ucuz istehlak qiymətlərilə uzağa getmək olmaz. Ən yaxşı halda bir müddət duruş gətirə bilərik. Amma ümumilikdə işıq və qaz təminatı sektoru sadəcə çökə bilər. Yəni biz nisbətən baha qiymətə bu xidmətləri almaqla ümumiyyətlə ala bilməmək arasında qalmışıq ki, hökumət də məhz azacıq qiymət artırmaqla xidmətin davamlılığını təmin etmək yolunu tutub. Ən doğrusu da budur.

Vətəndaşların əlavə problemlərinin yaranmaması üçün paralel xidmətlərin də normaya salınmasına zərurət var. Qış olduğunu nəzərə alaraq təcili isitmə sistemlərini yoluna qoymaq lazımdır ki, insanlar bu məqsədlə əlavə elektrik sərfiyyatına yol verməyə məcbur olmasınlar. Daha bir vacib məsələ isə evlərə isti su verilişinin bərpa edilməsidir. Çünki evlərin isidilməsi, isti su təminatı üçün insanların tətbiq etdiyi alternativlər həm onların özlərinə, həm də dövlətə zərərlə başa gəlir. Çıxış yolu budur.

Göründüyü kimi, mövqeyim birmənalıdır, ağlabatandır və istehlakçı-vətəndaşın mənafelərinə uyğundur. Bu baxımdan "Günün nəbzi”ndə də efir vaxtının imkan verdiyi qədər münasibət bildirmişəm və vətəndaşın zərərinə olan heç bir fikir səsləndirməmişəm.

Amma ki, bəzi şəxslər məhz bu verilişdən sonra şəxsimi hədəf alaraq öz əzizlərinə layiq tərbiyəsizliklə mənə hücuma keçiblər. 

Kimlərdir bu hücum edənlər?

 Adlarını çəkib şərəfləndirmək istəmirəm, lakin xarakterlərindəki bəzi cizgiləri qeyd etmək istərdim.

İlk hücum edənlərdən biri 2003-cü il prezident seçkisindən dərhal sonra Az.TV-yə çıxıb öz lideri İsa Qəmbəri və komandasını baqaja qoyan, mənsub olduğu cəbhəni biədəb şəkildə satan birisidir. Bu adam günümüzdə media aləmində xroniki əyyaş kimi də tanınır. İndi guya xalq adamıdır, xalqın mənafeyini düşünür.

Digəri isə məni vicdanıma hesabat verməyə çağıran, tələbə vaxtı min cür fırıldağına şahid olduğum, ona-buna kələk gələn, universiteti rüşvətlə bitirən və bu gün medianın reket sektorunda özünə yer tutmuş birisidir.

Və üçüncü kateqoriyadan olanlar kimdir? 

Heç tanımadığım, məni də tanımaqıdlarına əmin olduğum, üstəlik "Günün nəbzi”nə baxmadıqları yazdıqları şərhlərdən dərhal sezilən kimlərsə.

Bütün bunlarla bərabər sevindirici bir hal da müşahidə edilir: bu adamların sayı olduqca azdır. Deməli, toplumun böyük bir hissəsi bizi dinləyir, anlayır, qəbul edir. Bu adamların da özlərinə əl qatması məhz ona görədir. Məncə belədir. Elə olmasaydı hər xırda məsələyə görə məhz məni hədəf almazdılar.

Yeri gəlmişkən, bunlardan bəziləri ANS-in bağlanmasının hesabını da məndən tələb edirdilər. Necə ki, indi qiymətlərin yüksəldilməsinin hesabını tələb edirlər.

Elə ANS bağlananda da, indi də "Günün nəbzi”ndə efirə bir neçə ekspertlə birlikdə çıxmışdıq. Amma baxıram ki, adamlar onların nə adını çəkir, nə də fikirlərini tənqid edir. Halbuki hər iki halda digər ekspertlərlə eyni fikirləri səsləndirmişik…

Sonda təkrar vurğulamaq istərdim ki, hər cür tənqidə açığam, ədəb çərçivəsində müzakirə və mübahisə üçün hazıram. 

Lakin o kəslər ki, küçə söyüşlərilə, əxlaq dışı "müzakirə” açırlar, onlara deyəcəyim tək söz var: bütün söyüşlərinizin on qatını əzizlərinizə, özünüzə qəbul edin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq