31-10-2016 [14:09]
Ələddin Allahverdiyev, Professor
****
Adətən böyük şəxsiyyətlərin (elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, rəssam və bəstəkarların və s.) ayrı-ayrı yubileyləri ərəfəsində tədqiqatçılar, mütəxəssislər onların bu və ya başqa sahəyə gətirdikləri yeniliklərdən, verdikləri töhfələrdən söhbət açır, yaradıcılıqlarının əhəmiyyətini, müasirliyini, sambalını təhlil edir və onlara bu qəbildən qiymət verirlər.
Çox vaxt bu cür yaradıcı insanların daxili dünyası, onların vətəndaş mövqeyi, insani keyfiyyətləri, cəmiyyətdə adi bir insan kimi gördükləri işlər, etdikləri təmənnasız və ya təmənnalı işləri, müsbət və ya mənfi insani xüsusiyyətləri kənarda qalır, o şəxsiyyətin həcmli obrazını tam məziyyətlərilə yaratmağa mane olur.
75 illik yubileyini qeyd etməyə hazırlaşdığımız şair, jurnalist, yazıçı, dramaturq, publisist Eldar İsmayıl yaradıcılığının tədqiqi və təhlilinə onlarca məqalə, elmi əsər həsr edilmişdir. Ədəbiyyatımızın korifeyləri – Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Yaşar Qarayev, Teymur Bünyadov, Nizami Cəfərov və bir çox başqaları Eldar İsmayıl yarsdıcılığına yüksək qiymət vermişlər. Onun hüdudsuz yaradıcılıq palitrasının hərtərəfli, dərin təhlili ayrı-ayrı tədqiqatçılarımızın üzərinə düşür. Mən ədəbiyyatşünas deyiləm, amma şeiri, ədəbiyyatı sevən bir oxucu kimi deyə bilərəm: insanlar tərəfindən sevilə-sevilə oxunan şairin yaradıcılığı, yuxarıda qeyd etdiyim məziyyətlərə tam cavab verir.
Eldar İsmayıl yaradıcılığı tam müasirdi: onun həm poeziyasında, həm nəsr, həm publisistik əsərlərində Vətəninin, xalqının, millətinin – bütün Türk dünyasının çırpınan ürəyi, çalın-çarpaz taleyi sonsuz bir ümman kimi dalğalanır. Eldar İsmayıl duyğusal şairdı. O bədii sözün gücüylə, qüdrətiylə insanların qəlbində duyğular, hisslər yaradaraq, onların vasitəsilə oxucusunun beyninə, şüuruna təsir edir. Bu böyük ustalıqdır. Məncə əsil şeirin vəzifəsi, gücü və məziyyəti də bundadır.
Eldar İsmayılın sehrli qələmindən doğulmuş "Ulu Göyçə de yatanlar ayılsın” epik poeması bir təbəddülatdır! Bir çox tədqiqatçılar onu ölməz şairimiz Şəhriyarın "Heydərbabaya salam"ıyla müqayisə edib ona bənzədirlər. Məncə bu əsərləri birləşdirən, onları bir-birinə bənzədən Şəhriyarın Heydərbaba, Eldar İsmayılın isə Göyçə nisgili, həsrəti və ayrı-ayrılıqda hər birinin xalqının, el-obasının xüsusiyyətlərindən süzülüb gələn poetik təfəkkürünün məhsulu olmasıdır. Bununla bərabər, fikrimcə, "Ulu Göyçə...” poeması Şəhriyar, Səməd Vurğun, Hüseyn Arif yaradıcılığı ilə bərabər, ilk növbədə Göyçə ədəbi irs ənənəsindən qidalanmış, Misgin Abdal, Ağ Aşıq, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman və bu kimi bədii söz xiridarlarının məktəbindən süzülüb gələn, o məktəbdən doğulmuş, yalnız ecazkar Eldar İsmayıl qələminə mənsub olan epik bir bədii yaradıcılıq zirvəsidir.
Göyçədə doğulub boy atmış bir insan kimi, Göyçə mühitini, təbiətini, insanlarını, Göyçə danışıq tərzini və bədii təfəkkürünü az-çox bilən, o mahalın vurğunu olan övladı kimi tam məsuliyyətlə deyə bilərəm, Eldar İsmayıla qədər heç kəs bütöv Göyçə mahalının təbiətini, ədəbi mühitini, aşıqlarını, şairlərini, tamınmış dövlət, elm, mədəniyyət xadimlərini, igidlərini, ərənlərini, kəndlərinin, oylaqlarının, yurd yerlərinin, dağların, təpələrin, göllərin, çayların, adi bulaqların, qayaların, çəmənlərin, gədiklərin, otların, bitkilərin, çiçəklərin və s. adlarına qədər hər bir nüansını dəqiqliklə öyrənərək yüksək bədii söz ustalığıyla tərənnüm edib Ulu Göyçənin əsrarəngiz panoramasını yarada bilməmişdir.
Eldar İsmayılla tanışlığımızın ilk anlarından şairin nə qədər öz yurduna- yuvasına, Vətəninə, türk dünyasına bağlı bir insan olduğunu hiss etdim. Mənə bağışladığı kitablardan "Ulu Göyçə de yatanlar ayılsın” poemasını birnəfəsə oxudum, elə ilk sətirlərdən böyük Şəhriyarın Heydərbaba nisgilini, həsrətini duydum. Oxuduqca Göyçəyə yenidən səyahət etdim… "Cığır–cığır, bələn–bələn o dağları, düzləri dolandım. Göyçə təbiətinin ətrini duydum, süsənli, sünbüllü dağların havasını uddum, diş göynədən büllur bulaqlardan su içdim. Gözlərim ev damlarının harmasında yuva quran qaranquşların sarı dimdikli balalarını yemləməsini seyr etdi. Gəzə-gəzə öz doğma Göyçə ləhcəmizdə ağsaqqal və ağbirçəklərimizlə salamlaşıb görüşdüm, arabir şən, qayğısız uşaqların qəhqəhəylə oynadığı çiling–ağac, ənzəli, tirədöymə oynamaqlarına baxdım. Yolda, izdə ələk, xəlbir satan qaraçılarla rastlaşdım….”.
Doğma kəndim Kəsəməni, ruhu mahalı dolaşan insanları, o cümlədən mənim ilk ədəbiyyat müəllimim, məktəb dövründən el-obasını, Vətənini sevməyi, onun tarixinə biganə qalmamağı, ədəbiyyatını, şeiriyyatını öyrənməyi, başa düşməyi aşılayıb onun əsil vətəndaşı kimi formalaşmağımda böyük rolu olan, ürəyimə çox yaxın bir şəxsiyyəti, yaddaşımdan heç vaxt silinməyən mərhum Qəşəm Aslanovu bir daha xatırladım:
Ulu Göyçə, Kəsəmən bir gül dağı,
"Qazax yurdu”, ”Koroğlunun bulağı”,
Bir el idi əksilməzdi qonağı,
Min iz qoydu bu obanın hər oğlu
Qəşəm Aslan, türklüyümün ər oğlu!..
Qonşu kəndlərin el-oba tərəfindən sevilən şairlərinin şeirlərini yada saldım:
Nərmanlıda neçə ustad aradım,
Bəhmən kimi sənətkara uğradım,
Misraları kəlmə-kəlmə daradım,
Xəstə şair Bayraməli söz aldı…
Hər kəlməsi el-obaya səs saldı!...
Poemada şair Eldar İsmayıl "Qədim Göyçə”-nin adət-ənənələrini, özünə məxsus mətbəxini, arxaizmini, folklorunu, söz, sənət adamlarını, xadimlərini yada salaraq Göyçəni tərk etmişlərin yaddaşlarını təzələyir, yetişməkdə olan nəslə isə onları tanımağı, öyrənməyi tövsiyə edir.
Tanışlığımızın hər günü, ümumi dost-tanışların Eldar İsmayıl haqqında söylədikləri fikirlər onun olduqca xeyirxah, haqqın, ədalətin tərəfdarı olmağını, haqqın öz yerini tutmasına əzm və iradəsini qoyan, fitnə-fəsada dözməyən, onlarla mübarizə aparan bir Şair-Vətəndaş olduğunu sübut edir. Özü dediyi kimi:
Mən insaf yolçusu, mən haqq buyruğu,
Ürəyim mərhəmət, mürvət qoruğu...
Şərin-şamatanın dəmir yumruğu,
Haqqı yenə bilməz mən olan yerdə.
Bütöv yaradıcılığında türkçülük ideyasına sadiq olan, Vətəninə, el-obasına, xalqına sevgisini tərənnüm edən və bu yaradıcılıq yolundan dönməzlik iradəsini nümayiş etdirən şair, bunun təməlində nəyin durduğunu gözəl ifadə edir:
Məni yanlış yola çəkə bilməzsən,
Həmişə el qəhri çəkən olmuşam.
Zəhmətsiz bir loğma dadmamışam mən,
Torpağa tər töküb əkən olmuşam.
Bu gün dünyada demokratiya adı altında aparılan ikili standartlar hələ də hər bir azərbaycanlının ürəyi altında qurğuşun olub yatan problemin həll olunmasına, işğal edilmiş əzəli torpaqlarımızın yağıdan geri qaytarılmasına mane olur. Böyük bir məharətlə bu cür siyasətə qarşı münasibətini bildirən müdrik şair daxili qəzəb hissiylə üsyan edir:
Günahımız müsəlmanlıq, həm türklük,
Sünnü-şiə altda gedən bölüklük.
Dərdimiz çox, hər dərd bizə ağır yük,
Bu hesabı anlayan kim, qanan kim?
İnsan kimi ədaləti anan kim!
Eldar İsmayılın Vətəninə, el-obasına, xalqına, millətinə, canından əziz bildiyi Göyçəsinə, onun adi insanlarına sevgisi, məhəbbəti atəşli və sonsuzdur.
Ulu Göyçə, məlhəm olum yarana,
Canım qurban möhnət dağın yarana!
İnanma ki, Eldar bir də yarana,
Bir ömürü Vətən deyib əritdi,
Söz atını millət deyib səyritdi.
Məncə Eldar İsmayıl təkcə "Ulu Göyçə..." poemasını yazmış olsaydı, o zəngin poeziyamıza görkəmli bir şair kimi daxil olmuşdu.
O minlərlə insanın qəlbində yaşayan Göyçə nisgilini, onu heç vaxt yaddan çıxarmamaq hisslərini necə gözəl misralarla ifadə edir:
Ulu Göyçə niyə məlul baxırsan?
Elə baxma, məni oda yaxırsan.
Kim deyir ki, sən yadımdan çıxırsan,
Mənim kimi səni anan nə qədər,
Bu həsrətə canı yanan nə qədər.
Bu gün Qədim, Ulu Göyçə yağı tapdağı altındadı. Bu gün Göyçənin üzünü görməmiş Göyçə soylu böyük bir nəsil yetişməkdədir. Onlar Göyçəni görməsələr də, E.İsmayılın "Ulu Göyçə..."sini oxuyandan sonra necə füsunkar, bənzərsiz bir məkana mənsub olduqlarını tam dolğunluğu ilə hiss edib başa düşəcəklər!
E.İsmayıl hər bir Göyçəlinin, qeyrətli, vətənpərvər türk oğlunun – milyonlarla bizlərin ürəyindən keçən nikbinlik inam nidalarını əminliklə belə qələmə alır:
Ulu Göyçə haqsızlığı götürməz,
Belə torpaq yad toxumu bitirməz.
Türkün oğlu türklüyünü itirməz,
Bir də gördün köhlən üstə qayıtdı.
Nərə çəkdi oğuzları ayıltdı.
Eldar İsmayıl "Ulu Göyçə…" poeması ilə özünə başı əsrarəngiz Göyçə səmasına söykənən əbədi bir heykəl qoymuşdur! Mənim Eldar İsmayılla tanışlığım az bir müddətdir. Lakin bu qısa zamanda onun necə etibarlı, sədaqətli insan olduğunu gördüm, hiss etdim. O vəfalı və qayğıkeş bir dost kimi mütəmadi əlaqə saxlayan, maraqlanan gözəl xüsusiyyətlərə malik bir şəxsiyyətdir. Onun doğma ocağına, dünyaya göz açdığı evinə, kəndinə, öz yurduna, mahalına, torpağa, Vətənə sevgisi, sədaqəti ilə, dostlara etibarı, qayğısı eynilik təşkil edir.
Eldar İsmayıl 75 illik yubiley ərəfəsindədir. O ömrünün və yaradıcılığının əsil müdriklik çağını yaşayır. O özünün dolğun, məhsuldar, zəngin yaradıclığı ilə onu tanıyanların, saysız-hesabsız oxucusunun, böyük ədəbiyyatçılar ordusunun sevgisini, məhəbbətini qazanmışdır. Ömrünü Vətənə, xalqa sərf etmiş bir şairə, şəxsiyyətə bundan böyük mükafat, rütbə ola bilməz. Lakin insan Vətəninin onun əməyinə verilən qiymətdən – ali mükafatlardan, rəsmi adlardan fərəhlənir, qürur duyur daha da əzmlə, məhsuldar işləyir.
Eldar İsmayıl Vətəni qarşısında fədakar əməyi, xidmətləri ilə onun ən yüksək mükafatlarına – "Xalq şairi” fəxri adına, Prezident təqaüdünə və Azərbaycan Respublikasının ən mötəbər ordenlərini almağa layiq olduğunu sübut etmişdir!
75-illik əlamətdar yubileyi ərəfəsində böyük qəlbli sevimli şairimiz, əziz dostum Eldar İsmayıla möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları diləyirəm!
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
RƏİS VƏ BİZNESMENLƏRİN GİZLİ İŞBİRLİYİ İFŞA OLUNUB - Prokurorluq detalları açıqladı
Fransada "Bert" fırtınası: 9 əyalətdə "həyat sönüb"
Saytlara pul ayrılacaq - Müsabiqə
Daşqın və sel olacaq - Xəbərdarlıq
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
Kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
Gürcüstan prezident seçkilərinə hazırlaşır