Yolkəsən hökumət

img

17-10-2015 [22:06]


Azərbaycan hökumətinin öz vətəndaşlarına gün ağlamadığını hamımız bilirik. Bunu sübut eləməyə, faktlar göstərməyə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi?..
Son günlərin əsas müzakirə mövzusu, demək olar ki, çoxlarının yaralı yerinə çevrilən rayon, eləcə də Bakının qulağının dibində olan Sumqayıtdan gələn avtomobillərin paytaxta buraxılmamasıdır. Azərbaycan hökumətinin, yəni, Nazirlər Kabinetinin yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının bununla bağlı qərarı var. Qərarın mahiyyəti odur ki, Bakı ancaq bakılılar üçündür. Bu üzdən görünənidir. Əsl mahiyyət isə Bakı ancaq 50-100 oliqarx, məmur və onların qohum-əqrəbaları üçündür. Xülasə, sentyabrın 15-dən camaatın canını boğazına yığıblar.
Gəlin, öncə məsələnin hüquqi tərəfinə baxaq. Sən demə, camaatı əsir-yesir qoyan, Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının belə bir qərar verməyə hüququ yox imiş. Hüquqşünasların izahına görə, Konstitusiyaya əsasən, Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının vətəndaşlar üçün məcburi olan hər hansı normativ hüquqi akt qəbul etmək, icrası məcburi olan qərarlar vermək səlahiyyəti yoxdur. Belə çıxır ki, həmin komissiyanın ölkə vətəndaşlarına qarşı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı selektiv məhdudiyyət tətbiq etməyi nəzərdə tutan bu qərarı da heç bir hüquqi qüvvə daşımır. Bu çərçivədə bölgələrdən gəlmiş avtomobillərin paytaxtda gecə və ya gündüz hərəkətinin məhdudlaşdırılması hüquqi əsasa söykənmir.
Amma görünən odur ki, Azərbaycanda hüquqa, qanuna, qaydaya, hətta Konstitusiyaya belə məhəl qoyan yoxdur. Əgər bu məmləkətdə vətəndaşın hüquqlarını qoruyan bircə instansiya olsaydı, qərar vermək hüququ olmayan bir qurumun insanları sərkərdan etməsinə göz yummazdılar. Normal ölkələrdə Ombudsman deyəndə, vətəndaşın üzü gülür, probleminin həll olunacağına, heç olmasa, səsinə səs veriləcəyinə inanır. Amma bizdə Ombudsmanın nə olduğunu bilən yoxdur. Bilənlərə də aydındır ki, Ombudsmanımız rəhbərlik etdiyi quruma pensiya mənbəyi kimi baxır. Əgər belə olmasaydı, bu məsələ ortaya atılan ilk gündən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkilli, yəni, Ombudsman buna etirazını bildirməli idi. Lakin Ombudsman vətəndaşlara qarşı yönəlmiş bu qanunsuzluğa sərt şəkildə etiraz etmək əvəzinə, həmişəki kimi susmağa üstünlük verdi.
Bu gün yalnız müstəqil media danışır, daha doğrusu, yazır. Çünki telekanallarımızın başı bu saat MTRŞ ilə haqq-hesab çəkməyə qarışıb, cammat yaddan çıxıb. Bircə yetim media, yetim camaata hayan olur. Amma çifayda...
Bu hökumətin hər üzünü görmüşdüm. Şəhidin, qazinin haqqını kəsdi, təqaüdçünü pensiyasını kəsdi, köçkünün çörəkpulunu kəsdi... Hökumət kəsə-kəsə kəsmək üzrə mütəxəssis oldu. Və nəhayət, camaatın yolunu kəsdi. Yolkəsənlik isə adət-ənənəmizə görə ən rəzil işdir. Bəlkə daşı ətəyinizdən töküb yolları açasız. Onsuz da, düz-əməlli imiciniz yoxdur. Yoxsa tarix sizi yolkəsən hökumət kimi qara dəftərinə yazacaq...



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq