Küçələr meyvə ağacları ilə doludur, amma yemək qadağandır

Küçələr meyvə ağacları ilə doludur, amma yemək qadağandır 

DÜNYA

Bugün, 11:39

Çinin Şençjen şəhərində küçələr boyunca manqo və digər tropik meyvə ağacları əkilib. Ağacların budaqlarında yetişən meyvələr ağız sulandırsa da, sakinlərə onları dərib yemək tövsiyə olunmur. 

MİA.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin küçə və parklarında manqo, liçi və yapon əzgili kimi meyvə ağaclarına tez-tez rast gəlinir. Lakin bu ağacların əkilməsində əsas məqsəd meyvə yetişdirmək deyil, şəhərin yaşıllaşdırılması və estetik görünüşünü yaxşılaşdırmaqdır. 

Şençjen bələdiyyəsinin rəsmilərinin açıqlamasına görə, yol kənarlarında yetişən meyvələr sağlamlıq baxımından risk yaradır. Belə ki, avtomobillərin işlənmiş qazları, yol tozu və tərkibində ağır metallar olan hissəciklər meyvələrin çirklənməsinə səbəb olur. 

Bundan başqa, ağaclara qulluq zamanı istifadə edilən kənd təsərrüfatı dərmanları da təhlükə mənbəyi hesab edilir. Xüsusilə yol kənarındakı manqoların qoruyucu torbalar olmadan yetişməsi onların qabığında həşərat izlərinin və müxtəlif zədələrin yaranmasına şərait yaradır. 

Məhz bu səbəbdən sakinlərə ağaclarda bol miqdarda meyvə olsa belə, onları dərib istehlak etməmək tövsiyə olunur.

Maraqlıdır ki, meyvələrinin yeyilməsi məsləhət görülməyən bu ağacların şəhərdə geniş yayılmasının öz səbəbləri var. Manqo və digər tropik ağaclar bölgənin isti və rütubətli iqliminə asanlıqla uyğunlaşır. İlboyu yaşıl qalmaları, geniş kölgəlik yaratmaları və nisbətən az qulluq tələb etmələri onların şəhərsalma layihələrində seçilməsinə səbəb olur.

Bu ağaclar yay aylarında küçələrin sərinləşməsinə, tozun və nəqliyyat səs-küyünün azalmasına da kömək edir.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR