Babək başlatdı, Atatürk bitirdi: Ankaradan Azərbaycana hökm verən “imam” kimdir? - TƏHLİL

Babək başlatdı, Atatürk bitirdi: Ankaradan Azərbaycana hökm verən “imam” kimdir?  - TƏHLİL

SİYASƏT

Bugün, 14:46

Türkiyə təzadlarla dolu bir ölkədir. Burada hər cür ziddiyyətlə rastlaşmaq mümkündür. Dünən axşam bunun bir daha şahidi olduq.

Məlum olduğu kimi, oktyabrın 13-də axşam saatlarında Ankarada Azərbaycan səfirliyinin qarşısında Türkiyənin “Köklü Değişim” platformasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

Aksiyada Azərbaycanda “hicabın qadağan olunduğu” iddiası ilə təxribatçı şüarlar səsləndirilib. “Hicab Allahın əmridir, qadağan oluna bilməz”, “Heç bir qadağa Allahın əmrindən üstün deyil” tipli şüarların səsləndirildiyi aksiyada “ilahiyyatçı” Abdullah İmamoğlu da çıxış edib və bir sıra təxribat xarakterli fikirlər səsləndirib.

Böyük hərarətlə etdiyi çıxışı zamanı bu dırnaqarası din xadimi Azərbaycanla İsrail arasındakı sıx münasibətləri din pərdəsi altında tənqid edib. Həmçinin Türkiyə iqtidarını guya Azərbaycanda baş verənlərə qarşı susmaqda ittiham edib. Hər cümləsi ilə çıxışının əsl mahiyyətinin təxribat və radikal dini təbliğat olduğunu göstərən bu şəxs daha sonra təhdid dilinə keçməyə də özündə cürət tapıb. Abdullah İmamoğlu “Rəşidi Xilafət dövləti” qurulduğu zaman hər şeyin hesabının soruşulacağını bildirməklə, məsələnin mahiyyətinin hicabla bağlı olmadığını, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı məqsədyönlü şəkildə təxribata əl atıldığını ortaya qoyub.

Azərbaycan detalına keçmədən öncə deyim ki, dini siyasi maraqlara alət etmənin ən böyük fəsadı “Köklü Değişim” kimi platformaların ortaya çıxıb güclənməsi, Abdullah İmamoğlu kimi xilafət sevdalılarının cəsarət tapıb yaşadığı ölkəni belə təhdid etməsinə gətirib çıxarır. AKP iqtidarını tənqid edərkən ən çox dediyim məsələdə məhz budur.

“Rəşidi Xilafət dövləti” qurulduğu zaman hər şeyin hesabının soruşulacağını iddia edən A. İmamoğlu bunu Türkiyə Cümhuriyyətinin ərazisində, özü də bu ölkənin müttəfiqinə qarşı deyir.

Bu, bir təzaddır. Özü də çox gülməli təzaddır.

İkinci təzad isə qurulacağı iddia edilən bu Rəşidi Xilafətinin təkcə Azərbaycanı deyil, Türkiyəni də əhatə edəcəyidir. Yəni bu adam türk torpağında dolayı yolla Türkiyəni də hədələyir.

Qeyd edim ki, A. İmamoğlu ilk dəfə deyil ki, Türkiyəni və Türkiyə prezidentini hədələyir. Əvvəlki çıxışlarında Türkiyənin Fələstinə, Qəzzaya yardım etməməsini, ordu göndərməməsini açıq şəkildə tənqid etmiş, hədəf kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı göstərmişdi. Yəni bu şəxs AKP-nin kurasiyasında olan ənənəvi şəxslərdən deyil, elə AKP-nin özü üçün də təhdid yaradan radikallardan biridir.

O ki qaldı onun dediyi “Rəşidi Xilafəti dövləti”nə, bu, 632–661-ci illərdə mövcud olmuş və İslam tarixində ilk dörd xəlifənin hakimiyyəti dövrünü əhatə edən siyasi quruluşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra müsəlmanların kim tərəfindən idarə olunacağı məsələsi ortaya çıxdı. Nəticədə Əbu Bəkir xəlifə seçildi və bununla xilafət idarəçiliyinin əsası qoyuldu. Sonrakı illərdə Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib hakimiyyətə gəldilər.

Bu dövrdə müsəlman dövlətinin əraziləri sürətlə genişləndi, Suriya, Misir və Sasani imperiyasının böyük hissəsi fəth edildi. Lakin ərazilərin böyüməsi ilə yanaşı, hakimiyyətin bölüşdürülməsi, idarəçilik və xəlifənin kim olacağı ilə bağlı fikir ayrılıqları da dərinləşdi. 656-cı ildə xəlifə Osmanın öldürülməsindən sonra münaqişələr daha da kəskinləşdi. Əli ilə Suriyanın valisi Müaviyə arasında baş verən qarşıdurma müsəlmanları parçaladı. 661-ci ildə Əlinin öldürülməsindən sonra Müaviyə hakimiyyəti tam ələ aldı və Əməvilər sülaləsinin əsasını qoydu. Beləliklə, Rəşidi Xilafəti dövrü başa çatdı, lakin xilafət institutu sonrakı əsrlərdə monarxik bir quruluşda davam etdi.

İndi sual yaranır: A.İmamoğlu hansı Rəşidi Xilafətini yaradacaq? Xəlifə kim olacaq? Sonuncu dəfə bu iddia ilə ortaya çıxan İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Yaxın Şərqi qan gölünə çevirdi, yüzlərlə müsəlman ərəb, kürd və türkmənin qanını axıtdı. Yaşı yüz illəri keçən məscidləri və antik abidələri dağıtdı.

Görünür, A.İmamoğlu yeni Əbu Bəkr əl-Bağdadi olmaq istəyir.

O ki qaldı onun Azərbaycanı xilafətlə hədələməsinə, bizi xilafətlə qorxutmaq çox absurd və növbəti təzaddır. Azərbaycan və Cənubi Qafqaz Rəşidi Xilafətini görməyib. Onların dövründə bu coğrafiya işğal edilə bilməmişdi. Amma Əməviləri, Abbasiləri biz yaxşı tanıyırıq. Əslində, onlar da bizi, daha doğrusu, xalq qəhrəmanı Babək Xürrəmini yaxşı tanıyırlar.

Bizə xilafət gərək deyil. Biz xilafəti lərzəyə gətirən Babək Xürrəminin varisləriyik. Lazım gələr, bir də o xilafəti yıxarıq. Qaldı ki, elə xilafəti Türkiyə Cumhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk ləğv edib.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR