"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar

\"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq\" - Musa Musayev açıqlamalar

SİYASƏT

Bugün, 12:43

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücuma keçməsi ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın 30 ilə yaxın davam edən işğal probleminin hərbi-siyasi həllini ortaya qoydu. Döyüşlər nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi.

Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə proses davam etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində bərpa olundu.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunur. Beləliklə, 44 günlük müharibə ilə başlayan proses yalnız hərbi qələbə ilə yekunlaşmayıb, Azərbaycanın siyasi və beynəlxalq mövqeyində də yeni mərhələnin əsasını qoyub.

Mia.az xəbər verir ki, baş verənlərin Azərbaycanın son 200 illik tarixində xüsusi əhəmiyyət daşıdığını düşünən sabiq deputat, Naftalanın keçmiş icra başçısı və Yeni Azərbaycan Partiyasının yetkilisi Musa Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində güclü Azərbaycan dövləti fenomeni formalaşıb: "Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq".

Onun sözlərinə görə, bu, sadəcə siyasi qiymətləndirmə deyil, Azərbaycanın son illərdə keçdiyi yolun və əldə etdiyi nəticələrin ortaya qoyduğu reallıqdır. Musa Musayev bildirib ki, uzun illər Azərbaycanın torpaqlarının 20 faizi işğal altında olub. Onun sözlərinə görə, Azərbaycan bu problemin sülh yolu ilə həll olunması üçün illərlə danışıqlar aparıb, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasına ümid edib. Lakin nəticə əldə olunmadıqdan sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücuma keçib və 44 günlük müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilib.

Sabiq deputatın fikrincə, bu qələbə təkcə torpaqların azad edilməsi ilə məhdudlaşmır. O hesab edir ki, Azərbaycan həmin müharibə ilə öz gücünü bütün dünyaya nümayiş etdirib.

Musa Musayev qeyd edib ki, müharibə zamanı Azərbaycan xalqı, ordusu və dövləti vahid məqsəd ətrafında birləşib. Onun sözlərinə görə, siyasi mövqeyindən asılı olmayaraq müxtəlif qüvvələr, bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşib və bu birlik də qələbənin əsas amillərindən biri olub.

"İkinci Dünya Müharibəsindən sonra Azərbaycan kimi tam mütləq qələbə qazanan ölkə olmayıb. Bütün dünya Azərbaycanın zəfərini, beynəlxalq hüququn bərpasını və aliliyini özündə ehtiva edən yeni reallıqları qəbul edib", deyə Musa Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qələbəsini yalnız hərbi nəticə kimi qiymətləndirmək düzgün olmaz. Musayev hesab edir ki, bu Zəfər həm də uzun illər pozulmuş beynəlxalq hüququn bərpası baxımından mühüm hadisədir:

"Biz illərlə deyirdik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, işğal olunmuş torpaqlarımız azad edilməlidir. Bu gün artıq həmin sözlər reallığa çevrilib. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə bərpa edib".

Musa Musayev Azərbaycanın qələbəsinin beynəlxalq mövqeyə təsirindən də danışıb. O bildirib ki, Azərbaycan bu gün regionda və dünyada gedən proseslərdə daha fəal rol oynayan dövlətlərdən biridir. Onun sözlərinə görə, ölkənin enerji layihələri, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, nəqliyyat və kommunikasiya layihələri Azərbaycanın artan beynəlxalq rolunu göstərir.

Sabiq deputat Azərbaycanın qələbəsinin nəticələrinin bu gün də davam etdiyini bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin növbəti mərhələsidir.

Musa Musayev qeyd edib ki, Şuşada, Ağdamda, Füzulidə, Xankəndidə və digər azad edilmiş ərazilərdə tikinti və abadlıq işləri həyata keçirilir. Onun sözlərinə görə, ən mühüm məsələlərdən biri isə insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsidir.

Musa Musayev üçün bu qayıdışın xüsusi mənası var. Çünki özü də doğma Nüvədi kəndindən məcburən ayrılmış insanlardan biridir. Onun sözlərinə görə, 1991-ci ilin avqustunda Nüvədi əhalisi kəndi tərk edərək Zəngilan rayonuna gəlməyə məcbur olub.

"İnsan üçün doğma torpağından ayrı düşmək çox ağırdır. Bu gün həmin torpaqların Azərbaycanın nəzarətində olması, dövlətimizin bütün ərazisində suverenliyini təmin etməsi bizim üçün böyük tarixi hadisədir", deyə Musayev bildirib.

O hesab edir ki, Azərbaycanın qarşısında indi yeni imkanlar açılıb. Bu imkanlardan biri də regionda yeni nəqliyyat və kommunikasiya xətlərinin formalaşmasıdır.

Musa Musayev xüsusilə Zəngəzur istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkənin regional mövqeyini daha da gücləndirə bilər.

"Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolunun istifadəyə verilməsi çox mühüm hadisə olacaq. Mənim doğulub boya-başa çatdığım Nüvədi kəndi də həmin Zəngəzur dəhlizində yerləşir", deyə Musayev bildirib.

Onun sözlərinə görə, Meqrı istiqamətində təxminən 42 kilometrlik məsafə Ermənistan ərazisindən keçir və həmin ərazidə dəmir yolu və avtomobil yolunun yaradılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Musayev hesab edir ki, bu məsələ yaxın zamanda öz həllini tapa bilər.

Sabiq deputatın fikrincə, belə bir nəqliyyat bağlantısının yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni gücləndirməklə yanaşı, regionda yeni iqtisadi və kommunikasiya imkanları da yaradacaq.

Musa Musayev Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində enerji layihələrinin də rolunu xüsusi qeyd edib. O bildirib ki, Azərbaycanın neft və qaz kəmərləri Avropanın bir sıra dövlətlərinin enerji təminatında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də ölkənin artan nüfuzunun göstəricisi olduğunu deyib.

Musayev bildirib ki, vaxtilə Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən torpaqlarımızın işğal altında olması faktını mənəvi yük kimi hiss edirdilər.

"Biz xarici ölkələrə gedəndə bir növ xəcalət çəkirdik. Çünki torpaqlarımızın 20 faizi işğal altında idi. Bu, təkcə ermənilərin törətdiyi məsələ deyildi, onların arxasında böyük dövlətlər dayanırdı. Bu gün isə vəziyyət tamamilə dəyişib", deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş dövlət kimi çıxış edir. Musa Musayev hesab edir ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində formalaşan güclü Azərbaycan qarşısında yeni hədəflər dayanır. Bu hədəflər arasında azad edilmiş ərazilərin tam bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının davam etdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması və Azərbaycanın regional mövqeyinin daha da möhkəmləndirilməsi var.

Sabiq deputatın fikrincə, Azərbaycanın əldə etdiyi Zəfər təkcə 44 günlük müharibənin nəticəsi deyil. Bu qələbə uzun illər aparılan mübarizənin, xalq-dövlət birliyinin və güclü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoyub.

"Bu gün biz daha güclü, daha özünəinamlı və beynəlxalq aləmdə öz sözünü deyən Azərbaycan görürük. Ona görə də hesab edirəm ki, son 200 ilin ən güclü Azərbaycanı ifadəsi təsadüfi deyil. Bu, Azərbaycanın qazandığı Zəfərin, ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalq-dövlət birliyinin və ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinin nəticəsidir", deyə Musa Musayev bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR