AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)

AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)

CƏMİYYƏT

Bugün, 16:26

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib.

Mia.az xəbər verir ki,  bu barədə QSC məlumat yayıb.

Qeyd edilib ki, əcnəbi mütəxəssis aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən "TAP Air Portugal" aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl "Portugalia Airlines" şirkətində baş icraçı direktor, "Grupo SATA" şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, "Cabo Verde Airlines" şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.

O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə "TAP Air Portugal" şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra "IATA"nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb və müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub. Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, həmçinin yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcək.

Bu təyinat Azərbaycan Hava Yollarının davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır.

Yeri gəlmişkən,    2024-cü ilin fevral ayında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunmuş  Samir Musa oğlu Rzayevin gəlişindən sonra bu qurumda yerli mütəxəssislərin, həmçinin pilotların "günü qara" gəlib.

İddialara görə, yeni rəhbər keçmiş iş yerindən tutmuş, bəzi qohum və dəstlarına qədər AZAL-a gətirməklə yetinməyib, xaricdən də xeyli əcnəbi pilotları işə cəlb edib: "Bu isə qurumdaxili narazılığı artırıb. Vaxtı ilə keçmiş rəhbər Cahangir Əsgərovun qəbuluna rahat girib-çıxan peşəkar yerli pilotlar bu gün QSC-nin kadrlar şöbəsinin rəisi Elladanın qəbuluna belə yaxın düşə bilmirlər".

Bu və ya digər məqamlarla bağlı mövzuya qayıdacağıq.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR