QHT sədri: “İİV haqqında qanunun yenilənməsinə ehtiyac var”

QHT sədri: “İİV haqqında qanunun yenilənməsinə ehtiyac var”

CƏMİYYƏT

Bugün, 12:17

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2006-cı ildən AİDS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondla (QF) əməkdaşlıq edir və bu sahədə müxtəlif qeyri-hökumət təşkilatları (QHT-lər) zərərin azaldılması proqramlarının tətbiq edilməsi istiqamətində tərəfdaş rolunu oynayır.

Mia.az xəbər verir ki, insanın immumçatışmazlığı virusu (İİV) ilə bağlı həm ictimai tədbirlərdə, həm də risk qrupları arasında fəaliyyətlərdə QHT-lər fəal iştirak edir.

Bununla bağlı məlumat verən, “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, təşkilat risk qrupuna daxil olan qadınlar arasında zərərin azaldılması layihələrini həyata keçirir: “Risk qrupları olan seks-biznes işçiləri, inyeksion narkotik istifadəçiləri olan qadınlar və İİV-lə yaşayan insanlar arasında İİV-in profilaktikasını, müalicəyə sadiqliyin təşviqini, ictimai maarifləndirməni həyata keçirmək asan deyil. Qrup qapalı olduğu üçün onlar arasında tay-taya yolu ilə etibarlı əlaqə qurulur, daha sonra müayinələrə cəlb olunur, müalicəyə yönəldilir”.

QHT sədrinin sözlərinə görə, layihə əməkdaşları bu fəaliyyətlərin həyata keçirilməsi üçün bilik və bacarıqlarının gücləndirlməsi məqsədilə QF, Səhiyyə Nazirliyi və RQMM-nin təlimlərinə cəlb olunub, beynəlxalq və yerli ekspertlərin vasitəsilə təlimlər keçərək peşəkar multidissiplinar komandaların üzvü kimi formalaşıblar: “Heç təsadüfi deyil ki, məhz belə təlimlərdə Birliyin layihə əməkdaşları ölkəmizdə ilk dəfə İİV-ə self testləşməni həyata keçirməyi bacaran şəxslər kimi tanınaraq müvafiq sertifikatlarla təmin ediliblər”.

Zərərin azaldılması layihələri 20 ildir, Azərbaycan hökuməti tərəfindən həm də qanunvericilik səviyyəsində dəstəklənərək həyata keçirilir və məhz “İİV haqqında qanun”a zərərin azaldılması fəaliyyətlərinin İİV-in profilaktikasında effektiv üsul olaraq əlavə edilməsi üçün təşəbbüs göstərən və bu xüsusda Səhiyyə Nazirliyi, RQMM və parlament üzvləri ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti təşkilatları olub: “Qanun 2010-cu ildə qəbul olunub və ötən illər ərzində İİV-lə mübarizə sahəsində bir sıra yeniliklər baş verib. Bu yeniliklərin qanunla əks olunmasına ehtiyac var. Ümid edirəm ki, biz ən yaxın vaxtda bu məsələyə münasibət öyrənə biləcəyik”.

Z.Mustafayeva onu da əlavə edir ki, QF-a ölkə layihə müraciətinin hazırlanmasında 2009-cu ildən etibarən iştirak edir: “Vətəndaş cəmiyyəti subyekti olaraq Səhiyyə Nazirliyi və RQMM-nin ekspert qrupunun işinə töhvə veririk. Hazırda ölkəmiz QF-a yeni layihə müraciəti hazırlayır və 2027-2030-cu illəri əhatə edən ölkə layihə müraciətində bir sıra yeni təkliflər hazırlanır. Biz zərərin azaldılması layihələrinin tətbiqi ilə bağlı əldə etdiyimiz təcrübəyə və peşəkarlığına əsaslanaraq ölkəmizin QF-a layihə ərizəsi üçün faydalı və səmərəli təkliflər verməyə çalışırıq”.

Hüseyn

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR