Yaradıcı insanlardan çəkinən rəhbərlər... - Peşəkar təhsil işçisi yazır

Yaradıcı insanlardan çəkinən rəhbərlər... - Peşəkar təhsil işçisi yazır

CƏMİYYƏT

Bugün, 19:08

Ön söz əvəzi...

Təəssüf ki, çox vaxt forma dəyişsə də, məzmun dəyişmir.

Təhsil sahəsində son illər kadr təyinatında şəffaflığın artması danılmazdır. Yaxşı təhsilli, bacarıqlı və istedadlı kadrların sayı da kifayət qədərdir. Ancaq idarəetmə sistemində seçim zamanı onların liderlik bacarığı, şəxsi nüfuzu, təşəbbüskarlığı və xarizmatik keyfiyyətləri lazımi səviyyədə nəzərə alınmır.

Daha düşündürücü tərəf odur ki, seçim edənlərin özlərində də çox vaxt bu keyfiyyətlər görünmür. Nəticədə onlar daha çox özlərinə bənzəyən, fərqlənməyən, ciddi təşəbbüs göstərməyən şəxslərə üstünlük verirlər.

Ədalət naminə deməliyik ki, yeni kadrların mədəni səviyyəsi əsasən xoş təsir bağışlayır, ancaq strukturlarda rəhbər vəzifələr üçün bu keyfiyyətlər bəs etmir. Habelə idarəetmədə arzuedilən, tələblərə cavab verən bacarıqlı kadrlar da var. Ancaq onlar əsas söz sahibi deyillər, yaxud vəzifə pilləsində müəyyən səviyyədən sonra irəliləyə bilməməsi də sual doğurur.

Belə mühitdə məsuliyyəti üzərinə götürən, qarşıya çıxan problemləri yerində həll etməyə çalışan, yaradıcı və inkişafyönümlü rəhbər kadrların sayı getdikcə azalır. Əvəzində isə ilk baxışda sakit görünən, ancaq yalnız “baş üstə” deməyi bacaran, sözəbaxan şəxslər önə çıxır.

Problem ondadır ki, bir çox hallarda yaradıcı nəticə, real inkişaf və təşəbbüs tələb olunmur. Əsas diqqət hesabat verməyə, kargüzarlıq səviyyəsində sənədləşməyə, çox vaxt işin nəticəsinə təsir etməyən məlumatların toplanıb ötürülməsinə yönəlir.

Bu vəziyyət iş yükünü artırır, insanlarda gərginlik və yorğunluq yaradır. Təəssüf doğuran məqam isə odur ki, bəzən problemin mənbəyi də düzgün görünmür. Habelə faydalı, müstəqil fikirlər, qərarlar qəbul edilməyən mühitdə motivasiya azalır, xaos qaçılmaz olur.

Millətin gələcəyini müəyyən edən, taleyüklü bir sahənin - təhsilin inkişfı, yeni nəslin rəqabətqabiliyyətli formada, mənəvi dəyərlərə sahib vətəndaşlar kimi yetişməsi strateji bir məsələdir. Düşündürən məqam ondan ibarətdir ki, təhsilə bu qədər dövlət dəstəyi olduğu, istedadlı və baza bilikləri güclü kadrlar mövcud olduğu halda niyə güclü idarəedicilər yetərincə formalaşa bilmir?

Deməli, problem yalnız fərdlərdə deyil, onları formalaşdıran müxtəlif sahələrdəki idarəçilik mühitindədir. Bu isə daha sistemli və nəticəyönümlü yanaşma tələb edir.

Vahid Tağıyev,

Peşəkar, qabaqcıl təhsil işçisi.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR