Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan... - Hikmət Hacıyevin səfirlə görüşü yeni geosiyasi formatla əlaqəlidir? (TƏHLİL)

Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan... - Hikmət Hacıyevin səfirlə görüşü yeni geosiyasi formatla əlaqəlidir? (TƏHLİL)

SİYASƏT

Bugün, 13:08

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Aydın məsələdir ki, bu görüş formal nəzakət xarakteri daşımır. Adətən belə təmaslar konkret siyasi və iqtisadi məqsədlərə xidmət edir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər artıq yüksək səviyyədədir. Bununla belə, rəsmi Bakı bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Xüsusilə Yaxın Şərqdə dəyişən geosiyasi mühit fonunda Bakı üçün Ər-Riyadla koordinasiyanın artırılması enerji təhlükəsizliyi və regional balans baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün arxa planında dayanan əsas məsələlərdən biri enerji bazarında koordinasiyadır. Azərbaycan neft və qaz ixrac edən ölkə kimi bazarın sabitliyində maraqlıdır. Səudiyyə Ərəbistanı isə qlobal enerji siyasətində əsas istiqamətverici aktorlardan biridir. Bu baxımdan qiymət sabitliyi, hasilatın tənzimlənməsi və enerji marşrutlarının təhlükəsizliyi kimi məsələlərin müzakirəsi real və gözləniləndir.
Postmünaqişə dövründə Azərbaycanın bərpa və yenidənqurma layihələrinə ərəb sərmayəsinin cəlb olunması da diqqət mərkəzindədir. Son illərdə elan olunan iri maliyyə və tikinti layihələri xüsusilə diqqət çəkir. Azad edilmiş ərazilərdə infrastrukturun qurulması və şəhərsalma layihələrində ərəb kapitalının iştirakı artıq konkret müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, dini turizm və humanitar əlaqələr də əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Azərbaycanın xarici siyasətində balans prinsipi açıq şəkildə müşahidə olunur. Bu balansın qorunması üçün müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik əməkdaşlıq zəruridir. Bakı Yaxın Şərqdə baş verən prosesləri diqqətlə izləyir və region ölkələri ilə əlaqələri məhz real maraqlar əsasında genişləndirir.
Son dövrlərdə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın iştirakı ilə yeni geosiyasi formatın formalaşması ehtimalı müzakirə olunur. Azərbaycanın bu ölkələrin hamısı ilə yüksək səviyyəli münasibətləri mövcuddur. Rəsmi Bakı belə bir formatın birbaşa iştirakçısı olmasa belə, prosesləri diqqətlə izləyir və uyğun məqamda mövqeyini bu reallıqlara uyğunlaşdırmaq imkanını qoruyur.

Turan Rzayev

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR