"32 il ad günümü keçirmədim" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)

\"32 il ad günümü keçirmədim\" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)

PRESS

Bugün, 10:37

Nadir Azəri: Sanki uşaqlığımın 70 - 80 faizi ana babamgilin həyətində, qalan hissəsi də ata babamın bağında ilişib qalıb

Müsahibimiz Əməkdar jurnalist, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi, CASCFEN sədri Nadir Azəridir (Nadir İsmayılov). Müsahibədə Nadir Azəri Xocalı soyqırımı ilə eyni tarixə təsadüf edən ad gününü 32 il ərzində keçirməməsi, mətbuata gəlişinin 35 illiyi, şəxsi xatirələri, QHT fəaliyyəti, dostluq anlayışı, Türk dünyası və milli kimliklə bağlı baxışlarını səmimiyyətlə bölüşür.

35 ildir yazıram

-Nadir bəy, bildiyimiz qədərilə 2026-cı il həyatınızda bir məqamla bağlı yubileyə təsadüf edir. Söhbət mətbuata gəlişinizin 35-ci ildönümündən gedir. Gəlin, söhbətə buradan başlayaq...

-Əvvəla diqqət ayırdığınız üçün təşəkkür edirəm. Bəli, yazılı mətbuatda ilk məqaləmin dərc olunmasının 35 ili tamam olur. Belə deyək ki, 35 ildir yazıram. 1989-1990-cı illərdə Yevlaxda nəşr olunan “Təşəbbüs” (sonradan “Kür”) qəzetində sinif və məktəb barədə kiçik xəbərlərim dərc edilirdi. 1991-ci ildən isə artıq müntəzəm şəkildə məqalələrlə çıxış etməyə başladım. Bunun da maraqlı tarixçəsi var. 1991-ci ildə Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən siyasi biliklər olimpiadasında finala qədər irəlilədim, Bakıdan uğurlu nəticə ilə qayıdandan sonra şəhər rəhbərliyi qəzetdə haqqımda yazı dərc olunmasını tapşırdı.

Açıklama yok.

Şəkildə - Əminə xanımla xatirə fotosu

Yazı hazırlanarkən rayonun “Təşəbbüs” qəzetində (sonralar “Kür” adlandırıldı-N.A) çalışan Əminə Yusifqızı (Əminə Əhmədova-red.) mənə dedi: “Sən arabir xırda xəbərlər yazmısan, özünü məqalə yazmaqda da sınasan, necə olar?” Sonra, Əminə xanım baş redaktor oldu, mən də kiçik məqalələr yazmağa başladım. Əminə xanım hətta qəzetdə mənə xüsusi bir rubrika ayırdı - “Gənclik düşüncələri”. Bu gün mən cəmiyyətdə Əməkdar jurnalist Nadir Azəri kimi tanınıramsa, bunun memarı məhz Əminə xanımdır. Həmin vaxt onun dəstəyi, etimadı, qəzetdə bizim kimi yeniyetmə və gənclərə geniş imkanlar yaratması jurnalist kimi formalaşmağımda ilkin təkan oldu. Buna görə Əminə xanıma, həmçinin onun timsalında bu günə kimi mənə etimad göstərən bütün baş redaktorlara təşəkkür edirəm.

Fotoğrafı Aç

Şəkildə - CASCFEN-in gənc üzvləri ilə Rəşad Məciddən xeyir-dua almağa getmişdik

Sanki Xocalı qurbanlarının ağrı-acısını öz canımda hiss edirdim

-Doğum günü tarixinizlə bağlı bir detal var ki, həm simvolikdir, həm də ağır…

-26 fevral 1973-cü ildə doğulmuşam. Bu tarix sonradan Xocalı soyqırımı ilə üst-üstə düşdü və təbii ki, ad günü anlayışıma tamamilə başqa məna yüklədi.

Açıklama yok.

Şəkildə - Uşaqlıqdan geridə qalan fotolar silsiləsindən

Uşaqlıqda ad günlərim ailə və qohumlarla çox xoş keçirdi. 1992-ci ildən sonra isə ad günlərimi demək olar ki, keçirmədim - düz 32 il. Xocalı tam azad olunana qədər hər il fevralın 25-dən başlayaraq səhhətimdə səbəbsiz problemlər yaranırdı, hərarətim qalxırdı. Sanki Xocalı qurbanlarının ağrı-acısını öz canımda hiss edirdim. İlk dəfə bu hal məhz 1992-ci ildə oldu: evdə qonaqları gözləyirdik, amma qəfil halım pisləşdi və ad günü məclisi baş tutmadı. Sonrakı illərdə də eyni vəziyyət təkrarlandı. Beləliklə, işğal dövründə mənim üçün ad günü anlayışı tamam başqa bir məna daşıyırdı. Bu gün Xocalı da, Qarabağ da azaddır. Biz qalib ölkənin vətəndaşlarıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna bu qələbəyə görə xalq olaraq əbədi minnətdarıq.

- Bəs bu il ad gününüzü necə keçirdiniz?

- Açığını deyim, uzun zamandır ürəyimdə bir arzu var idi: azad olunmuş torpaqlarımızda, özəlliklə də Xocalıda doğum günümü qarşılamaq… Bu, mənim üçün həm şəxsi yaddaşımın, həm də milli yaddaşımızın kəsişdiyi bir məqam olardı.

Açıklama yok.

Şəkildə - 2022-ci il dekabrın 12-də Xankəndi-Laçın yolunda başlayan və 138 gün davam edən ekoloji aksiyanın ilk saatlarından orada idik

İşğaldan azad edildikdən sonra Xocalıda artıq olmuşam - seçkilər dönəmində, ictimai missiya ilə; amma insan bəzən eyni məkana fərqli ruh halı ilə qayıtmaq istəyir. 26 fevralı orada qarşılamaq mənim üçün bir növ mənəvi hesabat, yeni - qürurlu dönəmin ifadəsi olardı. Bu niyyətimi müxtəlif məqamlarda da ifadə etmişdim. Dəvət olub-olmaması məsələsinə gəlincə, bunu artıq taleyin axarına buraxmışam. Hər şeyin öz zamanı, öz yeri var. Əsas olan odur ki, o torpaqlar azaddır və biz ora qayıtmışıq - qalan məqamlar isə qoy elə həyatın incə detalları olaraq qalsın...

Açıklama yok.

Şəkildə - Güney Azərbaycan bizim əzəli sevdamızdır. Dəyərli əqidədaşlarımdan olan Elman Cəfərli ilə Cıdır düzündə

Özümü “mətbuatın qara fəhləsi” hesab edirəm

- Sosial media statuslarınızda bir neçə dəfə dostlardan gileylənmisiniz. Bu nədən qaynaqlanır?

- Öncə onu deyim ki, özümü həmişə sözün həqiqi anlamında mətbuatın zəhmət adamı hesab etmişəm. - “Mətbuatın qara fəhləsi” ifadəsini də heç vaxt mənfi anlamda yox, əksinə, zəhmətin, davamlılığın və sədaqətin simvolu kimi qəbul etmişəm. Bu, mənim həyat seçimimdir.

Açıklama yok.

Şəkildə - Müstəqil Azərbaycanın mətbuat tarixində, eyni zamanda mənim jurnalist fəaliyyətimdə özünəməxsus iz qoymuş “Bu gün” qəzetinin kollektivi

Həyatımın fərqli mərhələlərində müxtəlif mətbu, ictimai vəzifələrdə olmuşam, amma heç vaxt statusun arxasında gizlənməmişəm. Mənim üçün əsas olan işin özüdür - yəni sözün çəkisi, fikrin məsuliyyəti, çəkdiyim zəhmətin nəticəsi, yazının təsir gücü…

Düzdür, bəzən olur ki, insanın sakitliyi, iddiasızlığı, “axı mən də varam” deməməsi, bəzi qurum-quruluşlardakı dostlar, həmçinin dost və qardaş ölkələrdən olan bəzi dostlar tərəfindən yanlış anlaşılır; açığı getdikcə mən bunu bir qədər də təbii qarşılayıram. – O mənada ki, hər kəsin öz baxışı, öz ölçüsü var. Mən isə öz yolumu dəyişmədən davam etməyi üstün tuturam.

Bu məqamda onu da xüsusi ilə vurğulamaq istəyirəm ki, dövlətin və özəlliklə də, Prezident İlham Əliyevin media və vətəndaş cəmiyyətinə göstərdiyi diqqət, qayğını hər zaman yüksək qiymətləndirmişik - bu, danılmaz bir həqiqətin ifadəsidir və biz o diqqət-qayğını öz fəaliyyətimizdə, həmçinin həyatımızda hiss edirik.

Qalan məsələlərə gəlincə… İnsan zamanla öyrənir ki, heç də hər şeyə, həmçinin bəzi dostların münasibətinə eyni ölçü ilə yanaşmaq gərək deyil. Əsas olan gördüyün işin dəyərinə özünün inanmağıdır. Qalan qiymətlər isə gec-tez öz yerini tapır, əlbəttə...

Konkret olaraq statuslarımdakı “dostlarla bağlı giley”ə gəlincə, bu giley iki ünvana yönəlir.

Birincisi, bəzi səlahiyyət sahibi olan dostlar illərin dəyişməsini, sadəcə yaşımızın üstünə yaş gəlməsi kimi qəbul etməməlidirlər. Axı, hər gələn yeni yaş özü ilə - ailəmiz, sosial həyatımız, övladlarımız, səhhətimiz və s-lə bağlı- yeni qayğılar da gətirir...

Açıklama yok.

Şəkildə - Həmkarların həm də qonşuların olanda bunun ayrı bir ləzzəti olur

Gileyimin ikinci ünvanına, səlahiyyət sahibi olmayan bəzi dostlara gəlincə, sanki bu qəbildən olanlar fikirləşirlər ki, hər zaman Nadir onlar haqqında düşünməlidir. Daha dəqiq desək, zəhmətli işlərdə yada düşsək də, qiymətli işlərdə unuduluruq (gülümsəyir).

Bütün rəhmətə gedən qohumların ruhları o həyətə toplaşır

Açıklama yok.

Şəkildə - Ana babamgilin həyətidir- Gülcan xalam və Bəhərçin dayımla. Ortadakı da mənəm

-Bəs, uşaqlıq və yeniyetməlik illərinizdən bu gün ən çox nəyin həsrətini çəkirsiniz?

-Ən çox ana babamgilin həyətinin həsrətini çəkirəm. Kəndimiz durur, amma o ev satıldığı üçün daha ora gedə bilmirik. Hesab edirəm ki, o həyət dirilərdən küssə də, ruhları özündə saxlayır. Maraqlıdır ki, dünyasını dəyişmiş yaxınlarımızı çox vaxt tək-tək yuxuda görmürəm, amma o həyət yuxuma girəndə hamısı bir yerdə olur. Elə bil ruhlar yenə orada toplaşır, necə ki, babamla nənəm sağlığında çillə axşamlarında, dini mərasimlərdə, əsgər yola salanda bütün qohumları ora yığardı.

Açıklama yok.

Şəkildə - Ata babamgilin həyətidir. Ata babamın adını daşıyan əmim oğlu Novruzla xatirə fotosu

Deyim ki, ata babamın evi də, ocağı da qalır. Lakin oradan da nisgilli bir məqamı qeyd etməsəm, olmaz. Ata babamgilin həyətinin yanında uşaqlıqda çox oynadığımız bir bağ vardı, meşə kimi. Ancaq artıq onun bir hissəsi yoxdur. Ona görə də sanki uşaqlığımın 70 - 80 faizi ana babamgilin həyətində, qalan hissəsi də ata babamın bağında ilişib qalıb.

Əzrailin bizi də qəfildən yaxalamayacağına heç bir təminat yoxdur

-Bu gün həm QHT təmsilçisi, həm siyasi şərhçi, həm də tanınmış media təmsilçisi kimi fəallıq göstərirsiniz. Bu işlərin hamısının öhdəsindən gəlmək çətin deyilmi?

-Həmişə demişəm: həyat həm “dostla”, həm düşmənlə, həm də zamanla mübarizədir. Zaman elə sürətlənib ki, bir gündə beş günün işini görməliyik. Hələ illər öncə müsahibələrimin birində “Sizi tanıyanlar deyirlər ki, Nadir Azəri hər zaman harasa tələsir. Hara tələsirsiniz?” sualına cavab vermişdim ki, zaman çox qısadır, geciksək, uduzarıq.

Açıklama yok.

Şəkildə - Rəhmətlik Qənirə xanımın yeri hər zaman görünür

Digər tərəfdən, son vaxtlar həyat da, ömür də etibarsız olub. Dostlarımız, özü də həmyaşıd və media camiəsindəki dostlarımız bir-bir aramızdan ayrılır. Vaxtsız, vədəsiz, gözlənilmədən... Sanki əcəl zəngi media təmsilçiləri arasında daha tez-tez səslənməyə başlayıb və Əzrailin bizi də qəfildən yaxalamayacağına heç bir təminat yoxdur. Ona görə də tələsməli, zamanı düzgün dəyərləndirməli, cəmiyyətə mümkün olduğu qədər çox sahələrdə töhfə verməyə çalışmalıyıq.

Açıklama yok.

Şəkildə - Bu iki foto sankı həyatın bütün rənglərini özündə cəmləşdirib

Həm diplomlu politoloq, həm də köklü QHT keçmişi olan birisi...

-Yəni, deyirsiniz ki, zaman qızıldan da qiymətlidir...

-Bəli. Amma, sizin yaratdığınız imkandan istifadə edib bir məqama da aydınlıq gətirmək istərdim.

Açıklama yok.

Şəkildə - KKTC Cümhurbaşqanlığında keçiridyimiz “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransdan xatirə

Düşünürəm ki, mediaya necə gəldiyimizlə yanaşı, siyasi şərhçiliyimiz və QHT təmsilçiliyimizlə bağlı da bəzi aydınlatmaya ehtiyac var.

Açıklama yok.

Şəkildə - CASCFEN-in rəhbər heyəti ilə işgüzar səhər yeməyindən

Bəziləri yalnız media çıxışlarıma görə siyasi şərhçi kimi tanısalar da, mən ali təhsilli politoloqam. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq - dövlətşünas ixtisası üzrə bitirmişəm. Yəni həm ali təhsil, həm də uzun illərin təcrübəsi politoloq kimi formalaşmağıma təsir edib. Bu gün tv kanallar, media qurumları Güney Qafqaz, Türk dünyası və s. ilə bağlı fikirlərimi soruşur, mən də bacardığım qədər dəyərləndirmələr edirəm.

Açıklama yok.

Şəkildə - QHT təmsilçiləri ilə Xankəndi xatirəsi

QHT fəaliyyətimin də əsası 1990-cı illərə gedib çıxır. Yevlax, Gəncə, Goranboyda fəaliyyət göstərən gənclər qrupları ilə ilk QHT-ləri yaratmaq, bu sahədə birliklər, ittifaqlar formalaşdırmaq təşəbbüslərinin içində olmuşam. Daha sonra, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bu sahədə də inamlı addımlar atılmağa başlandı. O zaman QHT-lərin vahid platformada bir araya gəlməsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yaradıldı. Çoxları bilmir ki, Milli Şuranın ilk mətbuat xidmətinin rəhbəri, eləcə də onun ilk regional bölməsi olan Yevlax şöbəsinin yaradılmasının təşəbbüskarı mən olmuşam.

Açıklama yok.

Şəkildə - CASCFEN-in dəyərli dostu, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayellə görüşdən xatirə

Təsəvvür edin, əyalətdən - Yevlaxdan Bakıya gələn və Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi ilə görüşüb “Mən bu qurumun mətbuat xidmətinin rəhbəri olmaq istəyirəm, xahiş edirəm mənə şans verin” deyən bir gənc cəmi iki aydan sonra öz fəaliyyəti ilə hər kəsin sevimlisinə çevrildi. Həmin vaxt rəhbərlik tərəddüd etsə də, o zaman Gənclər və İdman Nazirliyində yüksək vəzifə tutan İlham Mədətovun “Nadirə etibar edə bilərsiniz, o işlək oğlandır” deməsi, həmçinin Əkbər Qoşalının mənəvi baxımdan hər an yanımda olması heç zaman yadımdan çıxmaz. Təbii ki, bütün riskləri gözə alaraq o zaman mənə bu vəzifəni etibar edən həmin dövrün Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyinə də bir minnətdarlıq borcum var.

Açıklama yok.

Şəkildə - Naxçıvan xatirəsi. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Dr. Yücel Karauz və Nadir Azəri

Bu gün isə nəinki Azərbaycanda, ümumilikdə Türk dünyasında özünəməxsus yeri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri kimi fəaliyyətimi davam etdirirəm.

CASCFEN Türk dünyasına xidmət və gənclərin irəli çəkilməsi ənənəsini davam etdirir

-CASCFEN-dən söz düşmüşkən, bir müddət əvvəl mediada belə bir xəbər oxuduq ki, təşkilatınız yeni mərhələyə qədəm qoyur...

-Bəli, CASCFEN idarəçilik və fəaliyyətində yeni mərhələyə qədəm qoyur. Əslində bu, mövcud ənənənin davam etdirilməsidir. Bu ənənənin əsas mahiyyəti ondan ibarətdir ki, təşkilat daim yenilənir və hər yeni nəsil özündən əvvəlki nəslin təcrübəsini daha da inkişaf etdirərək, təşkilatı irəli aparır. Eyni zamanda təşkilatda idarəçiliyin tədricən ötürülməsi prinsipi mövcuddur. Bu prinsipə görə, təşkilatın idarəçiliyi şəxsi maraqlara deyil, bilik və bacarığa əsaslanaraq daha layiqli şəxslərə həvalə olunmalıdır.

Açıklama yok.

Şəkildə - Türk dünyası sevdalıları bir arada

Digər tərəfdən, mahiyyət etibarı ilə Türk dünyasına xidmət edən CASCFEN-in yaranması da Türk dünyasının milli bayramı olan Novruz Bayramı günlərinə təsadüf edir. Belə ki, təşkilat 2003-cü ildə 18-20 mart tarixlərində təsis olunub. Yarandığımız gündən etibarən Türk dünyasının daha dərin inteqrasiyasına, həmçinin Orta Asiya ilə Güney Qafqazın bir araya gəlməsinə yönəlmiş siyasətə ictimai dəstəyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişik. Müxtəlif dövrlərdə həm Azərbaycanda, həm də digər ölkələrdə bir sıra layihələr həyata keçirmişik. Həmçinin, türk dövlətklərindən olan bir sıra təşkilatlarla əməkdaşlıq sazişlərimiz var.

Açıklama yok.

Şəkildə - QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər zaman bizə dəstək verir. Agentliyin dəstəyi  iştirakı ilə xaricdə keçirilən tədbirlərdə də mümkün olduqca iştirak edirik. Bu foto da 2024-cü ildə Özbəkistanda çəkilib

Xüsusilə son illərdə fəaliyyətimiz Türk dünyasının gələcəyinə, ortaq mirasına və inteqrasiya proseslərinə xidmət edən layihələr üzərində cəmlənib. Bu layihələr çərçivəsində Azərbaycanda, Türkiyədə, KKTC-də reallaşdırılan işlər kifayət qədər rezonans doğurub və Türk dünyasında maraqla qarşılanıb.

Açıklama yok.

Şəkildə - CASCFEN layihələr zamanı uşaq və gəncləri diqqətdə saxlayır

Layihələrimizə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə, o cümlədən dövlətin ictimai sektorla bağlı siyasətini uğurla həyata keçirən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevaya və Agentliyin məhsuldar komandasına dərindən minnətdarlıq edirəm. Bu il də həmin ənənəni davam etdirəcək, Agentliyin maliyyə dəstəyi ilə bu istiqamətdə növbəti layihəmizi reallaşdıracayıq. 2026-cı ildə Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyi, eyni zamanda Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin 5 illiyi qeyd olunur. Məhz bu səbəbdən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlanan layihəmizi bu mühüm hadisələrə həsr etməyi planlaşdırmışıq. Lakin, bu dəfə beynəlxalq tədbiri ancaq Azərbaycanda keçirəcəyik..

Açıklama yok.

Şəkildə - KKTC-nin Azərbaycandakı nümayəndliyinin rəhbəri Ufuk Arca Turganer hər zaman yanımızda olub

Bununla belə, hesab edirəm ki, layihənin mövzusunun aktuallığını nəzərə alaraq, Türk dünyasına xidmət edən bəzi iş adamları və təşkilatların dəstəyi ilə layihə çərçivəsində olmasa da, layihənin mövzusuna dəstək məqsədi ilə qardaş Türkiyədə bir konfransın keçirilməsi də mümükün ola bilər.

Açıklama yok.

Şəkildə - Türk dünyasının dəyərli ziyalısı, həm də dostum Şəmil Sadiq bu gün uşaq və gənclərə türklük ruhunun aşılanmasında mühüm işlər görür

Fürsətdən istifadə edib bu vaxta kimi CASCFEN-in Türk dünyası ilə bağlı fəaliyyətinə dəstək verən millət vəkilləri - Fazil Mustafaya, Hikmət Babaoğluna, Vüqar İskəndərova, Elçin Mirzəbəyliyə, Vüqar Rəhimzadəyə, Mətbuat Şurasının sədri Rəşad Məcidə, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelə, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganerə, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıça, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauza, bir müddət öncə Türkiyənin Özbəkistandakı Səfirliyinin Mətbuat müşaviri təyin olunan Prof. Dr. Mehmet Yüceyə, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazgana, ATİB-in keçmiş başqanı Cemal Yanğına, həmçinin Türkiyə (xüsusi olaraq İzmir, Eskişehir və Manisa- N.A) və KKTC-dəki diaspor təmsilçilərimizə, həmçinin, Azərbaycan, Türkiyə, Türkmənistan, KKTC və Özbəkistandan olan dəyərli media quruluşlarına da minnətdarlıq edirəm.

Açıklama yok.

Şəkildə - Çanaqqala xatirəsi. Mən əziz dostum-qardaşım Aqil Camalı orada yenidən kəşf etdim

Xoşbəxtəm ki, ailəcanlı, qayğıkeş və Türk dünyası sevdalısı dostlarım var

Açıklama yok.

Şəkildə - Bu fotonun 36 yaşı var. Seymur Verdizadə fotoda sağda arxa tərəfdədir. Mən isə orta cərgədə

- Bəs, Nadir Azərini əsl dost baxımından bəxti gətirmişlərdən hesab etmək olarmı?

-Bu baxımdan özümü xoşbəxt bəndə hesab edirəm. Düzdür, həyatın müxtəlif mərhələlərində çox tanışın olur, amma “qədim dost” anlayışı başqadır. Bununla belə, elə dostlar da var ki, onların hər biri bir orduya bərabərdir.

Şəkildə - Dostların növbəti görüşündən xatirə. Azər Həsrət, Əkbər Qoşalı və mən

Təbii ki, bütün dostların adını bir-bir çəksəm və fikir bildirsəm, müsahibəmiz uzana bilər. Sadəcə, mən üç nəfərin adını çəkərək onların timsalında bütün sədaqətli, qeyrətli və mərd dostlara təşəkkür edirəm. Birincisi, Seymur Verdizadədir ki, onunla dostluğumuzun tarixi 36 ilə yaxındır. 1990-cı ildə Qubada yerləşən “Qırmızı Qərənfil” düşərgəsində tanış olmuşuq və bu günə qədər dostluğumuz davam edir, hətta artıq ailəvi dostluğa çevrilib. Onu deyə bilərəm ki, Seymur ailəcanlı dost kimi dəyərlidir.

Açıklama yok.

Şəkildə - 2024-cü ildə CASCFEN-in növbəti layihəsi çərçivəsində getdiyimiz Eskişehir həm də Avukat Mail Büyükerman İlkokulunda Seda Gökmenin sinifində şagirdlərlə görüşüb, onlara Azərbaycan bayrağı hədiyyə etdik

Digər iki dostum Azər Həsrət və Əkbər Qoşalı ilə təxminən eyni dövrdə tanış olmuşuq, onlarla da ailəvi dostluğumuz var və bu dostluq indiyə qədər bütün sınaqlardan üzüağ çıxıb. Ümumiləşdirsəm, belə deyə bilərəm: xoşbəxtəm ki, mənim Seymur Verdizadə kimi ailəcanlı, Əkbər Qoşalı kimi qayğıkeş və Azər Həsrət kimi Türk dünyası sevdalısı dostlarım var. Allah heç kimi ağır sınağa çəkməsin, amma mənim ən çətin günlərimdə məhz bu üç insan xüsusilə yanımda olub. Onlar bütün dostluq imtahanlarından üzüağ çıxıblar. Bilmirəm, mən onların imtahanından necə çıxmışam, amma hələ də dostluğumuz davam edirsə, deməli, ən azı bir neçə sınaqdan keçmişəm.

Türklük bizim milli kimliyimizdir

-Açıklama yok.

Şəkildə - Foto illər öncə Tükiyədə, Denizlidə çəkilib. Denizli yörükləri bayram tədbirlərinə məni də dəvət etmişdilər

-Sizi həm də türkçü, Türk dünyası sevdalısı kimi tanıyırlar...

-Türkçülük mənim üçün seçim deyil, kimlik məsələsidir. Yəni türkçülük bizim kimliyimiz, mənliyimiz, varlığımızdır. Elə hazırda çalışdığım BAYRAQDAR MEDİA-da da bu amala xidmət edirik.

Bir dəfə türklüklə bağlı tədbirə dəvət almamışdım, o zaman tədbirin təşkilatçısı olan şəxsə dedim ki, başqa mövzuda tədbir olsa, dəvət etməsəniz də incimərəm, amma türklüklə bağlı tədbirdə mütləq olmalıyam. Çünki türklük bizim üçün namus məsələsidir. Ailə bizim üçün nədirsə, türklük də odur.

Açıklama yok.

Şəkildə - Türk çadırında. Şəkildə sağdan sola - Yılmaz Okuklu, Nadir Azəri, Əkbər Qoşalı, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov və digər qonaqlar

Mən hər zaman Turan sevdalısı, “Qızıl Alma” idealına inanan bir insan olmuşam. Bu gün biz xoşbəxtik. Çünki Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, Türk Dövlətləri Təşkilatının güclənməsi Turan ideyasının tədricən real siyasi platformaya çevrilməsinə xidmət edir. Sualınıza cavab olaraq bir məqamı da xüsusi qeyd etməliyəm. Hesab edirəm ki, insan milli kimliyini dəyişə bilməz- türk olaraq doğulursan və bu, dəyişməzdir. Milli kimliyini dəyişən insanlar olubmu? Yox. Ona görə də çəkinmədən bəyan edirik ki, türklük bizim milli kimliyimizdir və milli kimlik varlığımızın əsas sütunudur.

Açıklama yok.

Şəkildə - Əvvəl-axır dünya Türkün dünyası

-Son olaraq bilmək istərdik, gələcək barədə arzularınız nədir?

-Əvvəla, arzum budur ki, qalib Azərbaycanın bundan sonra da yeni-yeni uğurlarının şahidi olaq və biz də həmin uğurların əldə edilməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilək. Həmçinin arzum budur ki, uca tanrı ailəmizə daha çox sağlam və uğurlarla zəngin günlər, ali təhsillərini başa vuracaq övladlarımızın bacarıqlı kadrlar kimi dövlətimizə xidmət etməsini görmək xoşbəxtliyini nəsib etsin.

Açıklama yok.

Şəkildə - Zaman və məkan dəyişsə də, yolumuz, amalımız dəyişmir

Mənbə: türküstan.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR