Azərbaycan Prezidenti Astanada - Tokayevlə görüş + ÇIXIŞLAR (YENİLƏNİB)

img

21-10-2025 [11:44]


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib:

-Hörmətli İlham Heydər oğlu, Sizi Qazaxıstanda rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir.

Sizi ölkəmizdə salamlayıram.

Prezident İlham Əliyev deyib:

- Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.

Əvvəlcə qardaş Qazaxıstana dövlət səfərinə dəvətinizə, həmçinin qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə görə sağ olun. Biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük.

Həmçinin qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.

İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.

Bu gün bizim danışıqlarımız çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Biz gündəlikdəki geniş məsələləri bir daha nəzərdən keçirəcək və təbii ki, tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.

Bir daha təşəkkür edirəm.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

***

"Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir".

Mia.az xəbər verir ki, bunu Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

“Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.

***

Bu gün Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Dövlət başçıları birgə foto çəkdiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA