Saakaşvili aksiyaçılara niyə ölkəyə döndüyünü açıqladı, mesaj verdi: "Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır..."

img

14-10-2021 [21:46]


Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb.

Məlumata görə, üç saatdan çox davam edən aksiyada on minlərlə insan iştirak edib.

Genişmiqyaslı mitinqə dövlət himninin canlı oxunması ilə yekun vurulub.

Sonda çıxış edən Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya deyib ki, üçüncü prezidentin həbsdə qalacağı müddətdə Gürcüstanda əmin-amanlıq hökm sürməyəcək.

O qeyd edib ki, eks-prezident azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq.

VMHP sədri aksiyaya qatılan müxalifət partiyalarının nümayəndələri və sıravi vətəndaşlara təşəkkürünü bildirib/Report.

***

Tbilisinin Azadlıq meydanında keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi mitinq davam edir.

Məlumata görə, “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya iştirakçılara üçüncü prezidentin müraciətini oxuyub.

M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib: “Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.

Siyasətçinin sözlərinə görə, Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır: “Biz bir yerdə Gürcüstanı demokratiya, islahatlar və inkişaf mayakına çevirməliyik. Gürcüstanı azad və xilas etmək zamanı artıq yetişib. Bu gün birliyə ən çox ehtiyac var”.

Mitinq müxalifət liderlərinin çıxışları ilə davam etdirilir/Report.

***

Tbilisidə Respublika meydanından Azadlıq meydanına qədər olan avtomobil yolu bağlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər meriyasından bildirilib.

Məlumata əsasən, Azadlıq meydanında bu gün keçiriləcək aksiya ilə bağlı Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sərnişin avtobuslarının hərəkət marşrutu da müvəqqəti dəyişdirilib.

Qeyd edək ki, bu gün saat 18:00-da Azadlıq meydanında Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə mitinq keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq