İNTİM VİDEOLARLA ŞANTAJ VƏ... - Xırdalanda 20 yaşlı gəncin özündən 21 yaş böyük qadının başına açdığı film kimi olay...

img

20-09-2021 [13:31]


Abşeron rayonunda qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını qanunsuz azadlıqdan məhrum edən, onu döyən, intim videolarını yayan və beləliklə qadını intihar həddinə çatdıran şəxslə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə Şamaxı rayonu, Qaleybuğurd kəndində anadan olmuş 20 yaşlı Yusif Babayev (şərti) barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 145.1-ci (qanunsuz azadlıqdan məhrum etmə), 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, 20 yaşlı Yusif Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binada kirayə yaşayan Talıbə Bəkirovanı görəndən sonra onunla birgə yaşamaq fikrinə düşüb. Özündən 21 yaş böyük qadının daha əvvəl bir neçə dəfə rəsmi və qeyri-rəsmi ailəli olmasını bilən, onun ailəli qızının olmasını öyrənən Yusif fikrindən daşınmayıb və Talıbə ilə nəyin bahasına olursa olsun birgə yaşamaq qərarına gəlib. Bu məqsədlə o, cinayət törətməkdən də çəkinməyib.

Məhkəmə prosesində çıxış edən zərərçəkən qadın hadisələri belə nəql edib:

“Qəbələ rayonunda anadan olmuşam, 1994-cü ildə kənd orta məktəbin 8-ci sinfini bitirmişəm və 1997-ci ildə ailə qurmuşam və həmin vaxtdan Xırdalanda yaşamağa başlamışam. 1998-ci ildə bu rəsmi nikahdan Rasimə (şərti) adlı qızım anadan olum. 2011-ci ildə həyat yoldaşımdan boşandım və qızımla Xırdalan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışam. Boşandığım ildə əslən Lənkəran şəhərindən olan 1959-cu il təvəllüdlü Ş.N ilə ailə münasibətində olmuşam, həmin münasibətdən 2014-cü ildə M.V adlı oğlum doğulub. Ş.N oğlumun atalığını qəbul edim. Qızım 2017-ci ildə ailə qurduqdan sonra Xırdalanda başqa ünvanda yaşamağa başlayıb. Ş.N ilə 3 il olar ki ayrılmışıq. Lakin uşağımın atası olduğu üçün münasibətimiz normal qalıb və vaxtaşırı olaraq görüşürük. Onunla ayrılandan az sonra Astara rayonu, Cəngərədi kəndindən olan 1987-ci il təvəllüdlü Nazim İmanovla görüşməyə başladım, maddi durumum çətin olduğundan hər ay yaşadığı evin kirayə pulunu Nazim ödəyirdi. O, Astara rayonunda yaşasa da, işi Bakı şəhəri ilə əlaqədar olduğundan ayda 5-6 dəfə şəhərə gəlirdi və hər dəfə gələndə 3-4 gün, bəzən 10 gün mənimlə qalırdı. 22 mart 2020-ci il tarixdə istifadəmdə olan nömrəli telefona tanımadığım nömrədən zəng gəldi. Adını və səsini tanımadığım şəxs səhv zəng etdiyini deyib üzr istəyərək telefonu söndürdü. Təxminən beş dəqiqədən sonra həmin şəxs təkrar zəng edib «hacı» olduğunu məni bacı gözündə gördüyünü, pis fikirlə zəng etmədiyini bildirdi. Onu dinlədikdən sonra telefonu söndürüb həmin nömrəni bloka atdım. Üstündən 5-10 dəqiqə keçməmiş tanımadığım başqa nömrədən yenə zəng gəldı, cavab verərkən özünü «hacı» kimi təqdim edən şəxsin zəng etdiyini bildim. Telefona cavab verdikdə həmin şəxs “bilirəm məni bloka atmısan, bu mənə pis təsir etdi, mənim də evdə anam-bacım var, sən də anam-bacımın biri, mən sənə pis fikirlə zəng etmərəm” dedi. Sonra özündən danışıb dedi ki, kişi həyatı sürür, atası polis rəisidir, nə kömək lazım olsa hər an kömək etməyə hazırdır, bir neçə adamın batmış borcunu qaytarıb. Səhəri həmin səxs növbəti dəfə zəng edəndə onun adını soruşdum, bu dəfə özünü Yusif kimi təqdim edib market işlətdiyini, kifayət qədər pul qazanıb yaxşı dolandığını deyərək idarə etdiyi xeyli bahalı xarici avtomobillərin şəkillərini mobil telefonuma göndərdi. Son dərəcə təmkinli və inandırıcı danışdığından sözlərinə inanıb onunla tanışlığıma sevindim. İki gün mobil telefonda onunla bir neçə dəfə danışdıqdan sonra görüşmək təklifini qəbul etdim və Xırdalan şəhərindəki parkda görüşdük. Yusif mənə və oğluma diqqət və qayğı göstərdi, yaşadığım ünvanı öyrənib getdi. Tanışlığımızın üçüncü günü Yusif kirayədə yaşadığı Xırdalan şəhəri, H Əliyev prospektində yerləşən “Fresco” marketin binasındakı mənzilə gəldi. Yusif məndən xoşu gəldiyini və ailə qurmaq fikrində olduğunu dedi. Yusifin yaşını soruşduqda o, 1999-cu il təvəllüdlü olduğunu bildirdi. Aramızda 21 yaş fərq olduğunu, Yusiflə ailə qura bilməyəcəyimi dedikdə Yusif pis oldu. Buna baxmayaraq həmin gün yəni, 25.03.2020-ci il tarixdə kirayədə yaşadığım evdə razılıq əsasında Yusiflə cinsi əlaqədə oldum, səhəri gün isə o çıxıb getdi”.

T.Bəkirova ifadəsinin davamında bildirb ki, İlk görüşdən sonra Yusifdən qorxub və ondan uzaqlaşmağa çalışıb: “Bu səbəbdən Yusiflə bir daha görüşməmək məqsədi ilə 26.03.2020-ci il tarixdə guya Qəbələ rayonuna getdiyimi, gələndə isə Bakıda xalamın evinə köçəcəyimi bildirdim və qapının yanına əşyalarımı düzərək şəklini çəkib Yusifə atdım. Yusifin həmin ünvandan köçdüyümü yəqin edib arxamca gəlməyəcəyini düşündüm. Yusifin mobil telefonuna şəkil atarkən qeyri-rəsmi nikahda yaşadığım Nazim gəldi, nə baş verdiyini kimə şəkil atdığını soruşdu, ona Yusif adlı birisi ilə tanış olduğumu, Yusifin mənə evlilik təklif etdiyini desəm də onunla cinsi əlaqədə olduğumu gizlətdim. Nazim söylədiklərimdən əsəbləşdi, buna baxmayaraq Nazimlə birlikdə həyətə düşdükdə binanın qabağında Yusiflə rastlaşdıq. O, Nazimin kim olduğunu hara getdiyini soruşduqda Nazimi Yusifə dayım oğlu kimi təqdim etdim, anam xəstə olduğu üçün Nazimlə rayona gedəcəyimi dedim. Yusif də rayona gəlmək istədiyini bildirdi. Mən isə Nazimlə kəndə gedəcəyimi təkrar etdim, bu zaman aralamızd mübahisə yarandı. Yusif qardaşım Anarın nömrəsini alandan sonra sakitləşdi və çıxıb getdi. Həmin gün axşam Nazim məni və oğlumu Astara şəhərinə apardı, orada ev kirayə tutaraq bizimlə 10 gündən artıq qaldı. Bu müddət ərzində mobil telefonumu söndürdüyüm üçün Yusif mənimlə telefon əlaqəsi saxlaya bilməyib. Ona görə qardaşım Anara zəng edərkən o, Yusifin zəng etdiyini bildirdi. Bundan sonra mobil nömrəmi aktivləşdirib Yusifə zəng etdim, nə üçün məni axtardığını soruşdum. Yusif mənlə görüşüb söhbət etmək istədiyini dedikdə Yusifə Nazimin əslində dayım oğlu deyil, sevgilim olduğunu və hazırda onunla Astarada bir yerdə istirahət etdiyini bildirdim. Yusif isə mənimlə görüşüb münasibətləri aydınlaşdırdıqdan sonra məni və ailəmi bir daha narahat etməyəcəyini deyib Xırdalana qayıtmağımı xahiş etdi. 08.04.2020-ci il tarixdə Xırdalana gəldikdə Nazim həmin evin kirayə pulunu verdi. Evə çatdıqda evin giriş qapısının dəstəyinin sınıq olduğunu gördüm, həmin gün axşam saatlarında qorxduğum üçün Yusifə zəng edib onu söhbət etmək üçün evə dəvət etdim. Yusif gəldi, söhbət zamanı nə üçün ondan qaçdığını soruşduqda Nazimin əslində dayım oğlu deyil sevgilim olduğunu, 2 ilə yaxın olar ki, onunla ər-arvad münasibətində yaşadığımı dedim. Yusif isə məni bu vəziyyətdə də qəbul etdiyini və rəsmi nikaha daxil olmaq istədiyini dedi, Lakin təklifi rədd etdim. Yusif bundan sonra əgər ondan imtina etsəm, onda olan Nazimlə intim münasibətinin video görüntülərini, müxtəlif pornoqrafik şəkillərini ailə üzvlərimə göndərəcəyini, daha sonra sosial şəbəkədə yayacağını bildirdikdə onunla razılaşmağa məcbur oldum. Yusif mənzilin qapısını açarla bağlayıb açarı cibinə qoydu, istifadəsində olan “Samsung A30“ markalı mobil telefonumu əlimdən alaraq “sən mənimsən, başqa heç kimin ola bilməzsən, Nazim sənə yaxın gələ bilməz!” dedi. Həmin gündən aprel ayının sonunadək birlikdə həmin mənzildə yaşadıq. Yusif mobil telefonumu özündə saxlayıb kodunu dəyişmişdi, telefonuna daxil olub oradakı SMS-ləri oxuyaraq şəkillərə baxmışdı. Mobil telefonumda şəxsi və ailə həyatının sirri olan xeyli məlumatlar, video və foto şəkillər vardı. Yusiflə yaşadığım müddətdə “Samsung Galaxy A30” markalı mobil telefonundan heç kəsin görüb bilməyini istəmədiyim 4 ədəd Nazimlə intim münasibətdə olarkən mobil telefonuna çəkdiyim videonu, eyni zamanda özümə aid olan erotik fotoları icazəsiz “Whatsapp” vasitəsi ilə özünün “İphone” markalı mobil telefonuna göndərmişdi. Yusifin hər sözünə diqqətlə yanaşıb ona nəvaziş göstərərək onda özümə qarşı inam və etibar yaratmağa çalışırdım və nəticədə mobil telefonumun kodunu və evin açarını harada gizlətdiyini öyrəndim. 28.04.2020-ci il tarixdə Yusif araq alıb birliklə içməyi təklif etdikdə Yusifin bu təklifi ilə razılaşdım, o, qapını bağlayıb marketə gedərək araq alıb qayıtdı. Şam edib birgə araq içdik. Yusif spirtli içki çox qəbul etdiyindən sərxoş olub yatdıqdan sonra onun yatmağından istifadə edib saat 22 radələrində evdə özümə məxsus olan ümumi dəyəri 5000 manat olan 1 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan çəkisi 35 qram təşkil edən boyunbağını, 1 ədəd çəkisi 13 qram təşkil edən qızıl qolbağını, 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan ümumi çəkisi 8 qram təşkil edən üzərində at nalı formalı klonu olan boyunbağını, eyni əyyarlı, Rusiya istehsalı, ümumi çəkisi 12 qram təşkil edən 1 cüt qotazlı qızıldan sırğa və üzükdən ibarət dəsti, eyni ilə Rusiya istehsallı, eyni əyyarlı qızıldan ortası göy ətrafına xırda ağ qaşlar düzülmüş çəkisi 6 qram təşkil edən 1 cüt qızıl sırğa və onun 1 ədəd üzüyünü, 2 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan qırmızı qaşlı çəkisi 8 qram təşkil edən üzüyü, 1 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan ortasında qızılgül asması (klonu) olan çəkisi 11,5 qram təşkil edən boyunbağını, sənədləri, geyim əşyalarımı və mobil telefonumu götürüb həyətə düşərək oğlumla birlikdə Xırdalanda yaşayan Vüsalə adlı rəfiqəmin evinə getdim. Bundan sonra Nazimə zəng edib Yusifin əlindən qaçıb Vüsaləgilə gəldiyimi dedim”.

Nazim T.Bəkirovaya neçə gündür onunla əlaqə saxlaya bilmədiyini, binanın ətrafında dolandığını deyib. Qadın isə Yusifin onu evdə girov saxladığını və qaçıb rəfiqəsigilə gəldiyini bildirib. İfadəsinə davam edən zərərçəkən qadın deyib: “Az sonra Nazim Vüsalə gilə gəlib dostları ilə gəldiyini, onlarla birlikdə evə gedib Yusifi evdən çıxaracaqlarını bildirdi. Bu məzmunda söhbət edərkən qızımın ərinin telefonundan zəng gəldi. Cavab verəndə zəng edən şəxsin Yusif olduğunu bildim. Yusif “evdən getmisən, kürəkənini tapıb evə gətirmişəm, əgər evə qayıtmasan sənin məndə Nazimlə intim münasibətdə olduğun video çəkilişləri, pornoqrafiq şəkilləri və səs yazılarını ailə üzvlərinə yollayıb, daha sonra sosial şəbəkədə yayıb səni rüsvay edəcəyəm” dedi. Nazim kürəkənimlə danışıb dostları ilə Yusifin yanına gəlib məsələni aydınlaşdırıb həll edəcəyini dedi və Yusifin yanına yollandı. Nazimi tək buraxmayıb onunla birlikdə getdim. Nazimin yanında gələn tanımadığım iki nəfər də bizlə getdi. Evə çatarkən Yusif orada yox idi. Yusifin Nazimin oraya tək gəlmədiyini eşidib mənzili tərk etdiyini başa düşdük. Ona görə Nazim dostlarını yola salmağa getdi. Amma bir neçə dəqiqədən sonra binanın blokunda Nazimin vahiməli qışqırıq səsini, “Yusif eləmə” dediyini eşitdim. Nazim mənzilə gələrkən ağzından qan axdığını gördüm. Nə baş verdiyini soruşduqda Nazim Yusifin əslində blokda yuxarı mərtəbədə gizlənib onları izlədiyini, dostlarını yola salıb qayıdarkən hücum edib onu yumruqla vurub qaçdığını dedi. Nazimin ağzının qanını silib ondan evdən getməsini xahiş etdikdən sonra Nazim getdi. Səhəri tanımadığım mobil telefon nömrədən zəng gəldi, cavab verərkən Yusifin olduğunu bildim. Yusif “gördün? Nazimi vurmuşam, indi də gedib qızını öldürəcəm” sözlərini dedim. Yusifə yalvarıb ondan nə istədiyini soruşduqda cavabında “sən mənim olmalısan” dedi. Yusifin artıq azğınlaşdığını, uşaqlarına qarşı hər bir hərəkəti etməyə qadir olduğunu yəqin edib sonuncu ilə birgə yaşamağa razılıq verdim və qızımla işinin olmamasını xahiş etdi. Yusif bundan sonra başqa ev tapıb həmin ünvana köçərək ünvanı Nazimə deməməyi tapşırdı”.

Özündən 21 yaş kiçik oğlanın hədələrinə tabe olan qadın onunla birlikdə yaşamağa başlasa da, problem həll olunmayıb: “Bu müddət ərzində Yusif qızıl zinət əşyalarımı gizlətdiyimi bildi. Yusif “biz bir ailəyik” deyib qızılları geri almağı tələb etdikdən sonra onları alıb evə gətirdim. Həmin gün Yusif “bir ailəyik, mənim malım-pulum sənin, sənin malın-pulun mənimdir” deyib qızıllarımı və 3 min manat pulumu alıb cibinə qoydu. Həmçinin birlikdə Türkiyəyə gedəcəyimizi, birlikdə orada yaşayacağımızı və bunun üçün də pul lazım olduğunu dedi. 04.05.2020-ci il tarixdə Yusif ilə birlikdə onun kirayə tapdığı ünvana - Masazıra köçdük. Təxminən bir ay həmin mənzildə Yusiflə birlikdə yaşadıq. Həmin müddətdə Yusif məni mütəmadi şillə-təpiklə döyüb üzərimə bıçaq çıxararaq bunu mobil telefonuna çəkirdi. Birgə yaşadığımız müddət ərzində Yusif məni mütəmadi döymüş, söyüş söyərək təhqir etmiş, daima ləyaqətimi alçaltmışdır. Yusif pullarımı və qızıllarımı aldığından, həmçinin azadlığımı məhdudlaşdırdığından, qeyri rəsmi yaşadıqları dövrdə Yusifin həyatı boyu əl çəkməyəcəyi qənaətinə gələrək intihar etmək qərarına gədim, bu məqsədlə 2020-ci ilin may ayının ortalarında tarixini xatırlamadığı gündə günorta saatlarında Yusif başqa otaqda olarkən ülgüc ilə sol qolumun bilək hissəsini iki dəfə kəsdim. O, bunu görüb ülgücü dərhal əlimdən aldı, yardım göstərərək ev şəraitində qulluq etməyə başladı. Buna baxmayaraq intihar etmək üçün həmin gün evdə müxtəlif həblər də qəbul etdi, Yusif dərman içdiyimi görüb onları ağızımdan çıxartdı. Səhəri gün səhər saatlarında Yusifin evdə olmadığın istifadə edib evdən qaçıb rəfiqəm Vüsaləgilə getdim. Yusif evə qayıdıb məni görmədikdə zəng edib əlində olan intim görüntüləri yayacağı ilə hədələyib kirayə yaşadığımız mənzilə qaytardı. Evdən onsuz çıxmamağım üçün zəncir və qıfıl almışdı, evdən tək çıxıb harasa gedərkən zənciri ayağıma və ya qoluma keçirib məni evdə istilik radiatoruna bağlayırdı. Beləliklə, 2020-ci ilin may ayının sonlarından 05 iyun 2020-ci il tarixədək Yusiflə bir evdə bu qaydada yaşamışam”.

T.Bəkirova bildirib ki, daha sonra Nazimlə əlaqə saxlamağa imkan tapıb və evdən qaçıb: “Yusif daha sonra pandemiya ilə bağlı karantin müddətində gedib Şamaxıda qalmağı, pandemiya dövrü başa çatıqda qızıl və pulları götürüb Türkiyəyə gedib orada işləyib yaşamağı təklif etdi. Əslində həmin təkliflə razı olmasam da onun əlindən qaçmaq üçün yalandan ona razı olduğumu bildirdim. Yusif həmin gün kirayə yaşadığımız evdəki məişət əşyalarını atası evinə aparırdı. Bundan istifadə edib geyim əşyalarımı götürüb Nazimə zəng edərək Yusifin indi də məni Şamaxıya aparmaq istədiyini, ona görə evdən qaçdığımı dedim. Nazim Astara rayonuna onun yanına gəlməyimi təklif etdikdə pulumun olmadığını bildirdiç. O taksiyə minib rayona gəlməyimi, taksinin pulunu özü verəcəyini söylədim. Bundan sonra sifariş etdiyim taksi ilə Astaraya yola düşdüm. Nazim Salyan rayonunda məni qarşılayıb idarə etdiyi avtomobilə mindirdi. 05.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək Astara rayonunda Nazimlə birlikdə yaşadım. Daha sonra Yusifin məni aldadaraq ələ keçirdiyi qızıl zinət əşyalarını və pulları öz ehtiyacları üçün xərclədiyini, Yusifin 2020-ci ilin sentyabr ayında Nazimlə olan intim videomu, həmçinin Nazimlə olan şəxsi şəkilləri bacım oğluna və digər qohumlarına göndərərk məni rüsvay etdiyini öyrəndim. Bundan sonra polisə müraciət edərək onun əməllərindən şikayət etdim”.

Zərərçəkən qadın məhkəmədən son olaraq notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Yusiflə artıq barışdığını, vurulmuş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmədə ifadə verən Yusif Babayev isə Talıbənin özünü onunla münasiətdə maraqlı olduğunu, ilk tanış olduqları vaxt mütəmadi ondan ərzaq və sair alıb gətirməsini xahiş etdiyini və könüllü cinsi əlaqədə olduğunu deyib. O, özündən 21 yaş böyük olan qadınla münasibətdə fikrinin ciddi olduğunu, onunla evlənmək istədiyini və onu girov saxlamadığını deyib.

Ötən ilin dekabrında Zabrat qəsəbəsindəki karantin postundan keçərkən polislər Yusifə axtarışda olduğunu deyərək onu saxlayıblar. Bu zaman o, şəxsiyyət vəsiqəsini polislərdə qoyaraq Zabratdan qaçıb. Yanvarda isə polislər onu Qaradağ rayonunda avtomobildə yaxalayaraq istintaqa təhvil verilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Yusif Babayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR