Gülarə Əliyevanın vaxtsız susmuş həyat melodiyası... - FOTOLAR
17-11-2020 [20:03]
Bu gün Əməkdar İncəsənət xadimi GÜLARƏ ƏLİYEVAnın doğum günüdür.
Gülarə xanımdan söz düşəndə “Dan ulduzu”nu, “Dan ulduzu”ndan söz düşəndə istər-istəməz Gülarə xanımı xatırlayırsan. Nə qədər ki sənətə, sənətkara dəyər verən insanlar var və nə qədər ki, Azərbaycan musiqisi var, Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Gülarə Əliyeva adı da yaşayacaqdır!
Görkəmli sənətkarın sənət və həyat yoluna yeganə yadigarı, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müəllimi Ayəndə Əliyeva:
- Musiqinin, sənətin, ansamblın inkişafı, mədəniyyətin təbliği Gülarə Əliyevanın həyat amalı idi. Necə də olmaya?!
O, Tanrı tərəfindən bu missiya ilə göndərilmişdi Yer üzünə…
Və öhdəsindən də layiqincə gəlirdi. Amma hər qadının bir müqəddəs missiyası da var bu həyatda — analıq missiyası. Hər qadın üçün ailəsi, uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Elə Gülarə xanım üçün də eləydi. Düzdür, mənəvi analığı „Dan ulduzu”nu Azərbaycan musiqi dünyasına gətirdiyi gündən yaşayırdı. Ansambl onun ilk övladı sayılırdı. Üzvlərinin hər birinə ana nəvazişi ilə yanaşır, ana qayğısı göstərirdi. Amma əsl analıq zirvəsi tamam başqa yüksəklik idi...
Çox unikal insan və şəxsiyyət idi. Özünü heç vaxt yekəxana aparmazdı, sadə idi. Bu da genetik xüsusiyyət kimi ona keçmişdi. Atasından o cür görüb- götürmüşdü. Deyirdi, atam da belə olub. Emosional, şən, eyni zamanda həssas və kövrək qəlbli idi. Adi bir sözdən belə kövrələ bilərdi.
Bir də yaman nigaran olurdu. Gündə bir neçə dəfə bacı-qardaşları ilə mütləq danışmalıydı. Qızlarını daim nəzarətdə saxlayırdı...
Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. O, 1933-cü il noyabrın 17-də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdur.
Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir.
1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdır.
O, eyni adlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir.
Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış etmişdir.
Gülarə xanım eyni zamanda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.
"Dan ulduzu" ansamblına onun adı verilmişdir.
"DAN ULDUZU" - TALE ULDUZU
"Dan ulduzu" ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi. O, düz 23 il bu kollektivə rəhbərlik etmiş, ömrünün sonunadək “Dan ulduzu”nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır.
"Dan ulduzu"nun adını Azərbaycanın Xalq şairi Nəbi Xəzri təklif edib. İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilib. Gülarə хanım müntəzəm məşqlərin, ansambl üzvlərinin əzmkarlığı, sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb, bir çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu.
"Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər.
Bu gün Azərbaycan musiqisi tarixində öz sözlərini demiş Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və digər ifaçılar "Dan ulduzu”nun solistləri kimi məşhurlaşmışdılar.
1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə proqramla dövlət konsertlərində çıхış etmişdir.
Xalq artisti Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət olunmuşdular.
Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa ifaçılar "Dan ulduzu"yla məhşurlaşdılar, sevildilər.
Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət etmişdi.
Gülarə xanımın yeganə yadigarı Ayəndə xanımın xatirələrindən: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb.
Konservatoriyanın iki - bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov... və digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…”.
Əməkdar İncəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir.
Əməkdar İncəsənət xadimi, pianoçu, mərhum Həsənağa Qurbanov Gülarə Əliyeva ilə birgə bu ansamblda çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Sonralar Gülarə xanımla bağlı bir kitab da yazmışdı. Amma amansız ölüm Həsənağa Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi.
Onun “Bizim Gülarə Əliyeva” kitabı ölümündən sonra işıq üzü gördu...
Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb.
27 iyul 1991-ci il...
Həmin gün Gülarə Əliyevanın faciəvi şəkildə dünyasını dəyişməsi xəbəri bütün musiqisevərlər üçün böyük itki oldu...
Gülarə Əliyeva həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və ...
Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…”
O, 57 yaşında həyata gözlərini yumdu. Yaşasaydı bəlkə də daha neçə-neçə sevilən nəğmələrin, musiqi nömrələrinin müəllifi olacaqdı...
Yaşasaydı...
İstedadlı pianoçu, Əməkdar İncəsənət xadimi Gülarə Əliyevanın vəfatından bizi artıq 19 illik zaman ayırır. İllər keçir, amma o faciəli günün ağrısı insanı yenidən Gülarə Əliyeva taleyi, Gülarə Əliyeva ömrü haqqında bir daha düşündürür...
P.S. Nə yaxşı ki, bu gün o ailədə ikinci Gülarə Əziz qızı Əliyeva böyüyür...
Həyat, həqiqətən də, qəribə təsadüflərlə doludur. Gülarə xanımın qızı Ayəndə Əliyevanın da qismət payına belə bir təsadüf düşüb. Onun həyat yoldaşının adı Əziz, soyadı Əliyevdir.
Ayəndə xanım qızına anasının adını - Gülarə adını verib. "O da nənəsi kimi yaradıcı ruhludur, musiqini sevir, gitarada ifa edir, gözəl rəsm qabiliyyəti var. Bəzi xüsusiyyətləri, xarakterik cizgiləri ilə nənəsinin bənzəridir”, - deyir Ayəndə xanım.
13 ildir anasını qızının adında, gülüşündə, davranışlarında yaşadır. Anasının xatirəsini qızı ilə birlikdə böyüdür. Ətrini-qoxusunu ondan alır.
Kim bilir, bəlkə o da elə nənəsinin yolunu davam etdirəcək, təkcə adını yox, əməllərini, sənətini, arzularını da davam etdirəcəkdir...
...Bu da bir tale.
Bu da gözəl, alicənab, yumşaq ürəkli, nəcib bir xanımın ömür yolu...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
MİA.AZ
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb