"Fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər" - KTN-dən qarpızın bahalaşmasına şərh

img

19-07-2018 [15:04]


"Son zamanlar sosial mediada bazarda qarpızın qiymətinin bahalaşması ciddi müzakirə olunmağa başlayıb. Bununla bağlı nazirliyə olan müraciətlərə, bizə ünvanlanan suallara cavab olaraq bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir".

Mia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır:

"Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib - becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşması səbəblərinə gəldikdə, bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər.

Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən, təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s.

Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur. Amma bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı