Eldar Əzizov, cavab ver!

img

16-10-2013 [18:35]


Eldar Əzizov Sumqayıtın icra başçısı təyin olunandan bəri onun haqqında bir neçə köşə yazmışam. Yəqin ki, çoxlarının xatirindədir. 

Cənab Əzizov başçı təyin edildiyi ilk vaxtlarda səs-küylü hadisələr baş verir, hətta onunla bağlı şəhər sakinləri arasında lokal əfsanələr də uydurulurdu. Guya Eldar müəllim iş-gücünü atıb, təxiri-libas olub, camaatın probemlərini öz gözü ilə görmək üçün xalqın arasında gəzir.

Bir çoxları elə bilirdilər ki, Eldar Əzizov sələfi Vaqif Əliyevdən fərqli olaraq, sumqayıtlıların dərdinə dərman olacaq. Onun başçı təyin olnandan sonra keçirdiyi geniş müşavirədə şəhərin üzdə olan iş adamlarını, yüksək vəzifəli məmurlarını sərt şəkildə danlaması, "daha əvvəlki kimi rahat şəkildə fironluq edə bilməyəcəksiz",- mesajını verməsi mənim özümü də fərqli düşünməyə vadar etmişdi. Hətta Eldar Əzizovun bu çıxışından sonra ilk dəfə olaraq, hansısa məmuru tərifləyən bir yazı da yazmışdım, yeni başçının uzun illər sumqayıtlıları cana gətirən məmur və "akula" iş adamlarını divara dirəməsini təqdir etmişdim. Nə yazıq ki, az keçmədi yanıldığımı gördüm. Sən demə, cənab Əzizov ayrı-ayrı şəxslərin fironluğuna son verib, öz şahənşahlığını elan etmək üçün bu taktikadan istifadə edirmiş.

Heç kim inkar elməz ki, Eldar Əzizov Sumqayıta rəhbər təyin ediləndən sonra şəhərdə xeyli işlər görü-lüb, adablıq işləri aparılıb, ümumi görüntü göz oxşayır. Düzdür, deyilənə görə, Sumqayıtda aparılan abadlıq işləri zamanı başçının adamları hər obyektdən 5 min manatdan başlayaraq, 40-50 min manata qədər haqq alıb, təmir-tikintidə istifadə olunan bütün materiallar Əzizovun sahibi olduğu müəssisələrin istehsalıdır. Əlimdə konkret faktım olmadığı üçün bu barədə dəqiq bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, bu abadlıq işləri başlayandan bəri Sumqayıtın ən kiçik iş adamından ən böyük biznesmenləri-nə kimi hamıya qan qusdurulub.

Eldar Əzizov Sumqayıta rəhbər gələndən sonra həyata keçirdiyi ən böyük lahiyələrdən biri icra hakimiyyəti binasının qarşısındakı yolu bağlayıb, orda Bayraq meydanı tikdirmək olub. Bayraq hər bir Azərbaycan vətəndaşı kimi mənim üçün də əzizdir. Amma bayrağımıza sayğı göstərən başçının eyni diqqətin şəhidlərimizə də ayırmasını istərdik.

Cənab Əzizov Sumqayıta gələndən bəri şəhərin mərkəzi küçələrini, oturduğu binanı necə lazımdırsa, abadlaşdırıb, gözəlləşdirib. Amma Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında bircə daş da tərpətmə-yib. Ora yağışdan sonra gölməçələr yaranan, zibil əlindən tərpənməyin mümkün olmadığı bir məkana çevrilib. Şəhidlər Xiyabanında suyu olmayan, divarı pas atmış bulaq, odu yanmayan məşəl var. Görəsən, Eldar Əzizov Sumqayıtın girişindəki abidəni dəyişdirmək əvəzinə, şəhidlər abidəsinin ucaldılması üçün niyə barmağını belə tərpətmir? Bərli-bəzəkli kabinetinin pəncərəsi önündə 75 metrlik bayraq ucaldan başçı niyə o bayrağın daim dalğalanması naminə canından keçənlərin uyuduğu xiyabanda bayraq asdırmır? Niyə şəhərin ən müqəddəs yeri olan Şəhidlər Xiyabanı kimsəsiz bir məkana oxşayır?

Bir ŞƏHİD övladı kimi, şəhərimin başçısından bununla bağlı hesab sormağa haqqım var. Eldar müəllim, cavab verin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq