Dostlar, məyus olmayın!

img

25-08-2013 [23:17]


Milli Şuranın avqustun 18-də Bakıda keçirdiyi mitinqdə iştirak edən vətəndaşlarımızın sayı ilə bağlı mübahisələr davam edir. Hakimiyyət təbliğatçıları aksiyada iştirak edən adamların sayını kiçiltməyə, müxalifət funksionerləri isə bu rəqəmi şişirtməyə çalışırlar. Mitinqə gözləniləndən az adamın qatıldığını isə hətta təşkilatçılar özləri də etiraf edirlər...

Müşahidələrim onu deməyə əsas verir ki, Milli Şuranın avqustun 18-də izdihamlı mitinq keçirə bilməməsi müxalifətçi dostlarımın çoxunu məyus edib. Aksiyadan sonra utandığından dost-tanış üzünə çıxa bilməyən, hətta depressiyaya düşənlər də var. Biz mitinqin keçirildiyi meydanı tərk edəndə stajlı müxalifətçilərdən biri belə dedi: "Axşam məni toya çağırıblar. Amma bu biabırçılıqdan sonra camaatın üzünə çıxa bilmərəm".
Əslində, nə baş verir? Birləşmiş müxalifətin keçirdiyi mitinqdə niyə az adam iştirak etdi? Biz hələ meydandaykən bu suala cavab tapmağa çalışırdıq. Jurnalist həmkarım Şahvələd Çobanoğlu vəziyyəti daha düzgün qiymətləndirdi: "Xalq meydanda yoxdur".

Şahvələd bəyin bu sözlərindən sonra yenidən meydana nəzər saldım. Mitinqə gələn adamların böyük əksəriyyəti köhnə simalar idi. Aksiya başlamamışdan əvvəl mən bu adamların təxminən yarısı ilə salam-laşmışdım. Meydandakı yeni simalar isə müxalifətçilərin öz övladlarıydı. Məsələn, həmin gün mitinqdə gənclərin adından çıxış edənlərdən biri Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər idi. AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli isə aksiya başa çatandan sonra avtobus dayanacağına bizimlə birlikdə getmişdi. Mitinqin qətnaməsini həmişə olduğu kimi yenə Müsavat başqanı İsa Qəmbərin həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu oxudu. Görünən odur ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparmaq uzun illərdən bəri eyni adamların boyuna biçilib...

Mitinq başa çatandan sonra çay içib, söhbət etmək üçün jurnalist həmkarlarımla birlikdə Milli Parka üz tutduq. Təxminən 10-a yaxın çayxanaya baş çəksək də, oturmağa yer tapmadıq. Hətta Milli Parkdakı bahalı restoranlar da dolu idi. Mitinqdə görə bilmədiyimiz xalq dəniz kənarında istirahət edirdi.
Kafe və restoranlarda insanların çox olması o demək deyil ki, Azərbaycanda hamı yaxşı yaşayır. Bəlkə də həmin gün restoranda kabab yeyən adamların çoxunun evində heç vermeşel də yoxdur. Yaxud bunun əksi də ola bilər. İstənilən halda insanların həyat tərzinə qarışmağa ixtiyarımız yoxdur. Ќecə yaşayacağına hər kəs özü qərar verir...

Sonda ötən bir həftə ərzində heç cür rahatlıq tapa bilməyən müxalifətçi dostlarıma səslənmək istəyirəm: Azadlıq və demokratiya uğrunda mübarizə bəzən yüz illərlə davam edir. Buna görə də "qatarın" getdiyini düşünüb, məyus olmağa dəyməz. Əsas odur ki, tarix qarşısında sizin üzünüz ağdır...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq