İcra başçısının çarığı

img

08-08-2013 [16:24]


Türkiyənin nüfuzlu "Hürriyət" qəzetinin əməkdaşı Fatih Çəkirgə indi Təhsil naziri vəzifəsində çalışan Mikayıl Cabbarovu sərt üslubda tənqid edəndə hamı çaş-baş qaldı. Mikayıl müəllimi tanıyanlar dərhal ağız büzdülər: "Mikayıl Cabbarov mədəni insandır. O, heç vaxt qarşısındakı adamın üstünə qışqırmaz". 

Vəzifəli şəxslərlə yaxından-uzaqdan heç bir əlaqəm olmadığı üçün əlimi-qolumu yanıma sallayıb, məmur-jurnalist qalmaqalının kimin xeyrinə başa çatacağını gözlədim. Çox keçmədən "Hürriyət" qəzeti təkzib verib, yanlışlığa görə Mikayıl Cabbarovdan üzr istədi. Təsadüf elə gətirdi ki, həmin günlərdə Bakıda keçirilən beynəlxalq konfransların birində Mikayıl Cabbarovla qarşılaşdım. Cəmi yarım saatlıq ünsiyyət nəticəsində mən onun necə mədəni insan olduğunu müşahidə edə bildim. Həmin vaxt ən çox ona təəssüfləndim ki, Mikayıl müəllimi niyə vaxtında tanımamışam. Mən öz məmurumu tənqid etdiyim kimi, müdafiə etməyi də bacarıram. Amma bir şərtlə ki, gərək onu yaxından tanıyım, səmimiliyinə əmim olum... 
Türkiyədə yüksək və orta ranqlı məmurlar tez-tez jurnalistlərlə ünsiyyətdə olur, çay süfrəsi arxasında ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edirlər. Bu, jurnalistlərə onları yaxından tanımaq, həmin adamların mənəvi keyfiyyətlərinə bələd olmaq imkanı verir. Təəssüf ki, azərbaycanlı məmurlar bu məsələdə türkiyəli həmkarlarından geri qalırlar. Elə məmur var ki, jurnalist görəndə sanki cin-şeytan görür. Təkcə məmurlar deyil, siyasi partiya liderləri, millət vəkilləri də qeyri-rəsmi atmosferdə jurnalistlərlə ünsiyyətdən qaçırlar. 
YAP-çı deputat Məlahət İbrahimqızı iki il əvvəl məni və Tərəfsiz Jurnalistlər Birliyinin bir neçə üzvünü səhər yeməyinə dəvət edəcəyinə söz verib. YAP-ın ən böyük rayon təşkilatlarından birinə rəhbərlik edən bu xanımla çay süfrəsi arxasında söhbət etmək mənim üçün çox maraqlı olardı. Buna görə zarafatla da olsa, ötən iki ildə iki dəfə verdiyi vədi Məlahət xanımın yadına salmışam. Əlbəttə, Azərbaycanda ən kasıb jurnalistin də səhər evində bir stəkan çay içib, iki yumurta yeməyə imkanı var. Bu görüş bizə Məlahət xanımı yaxından tanımaq, sabah hansısa əcnəbi jurnalistin haqsız hücumuna məruz qalanda onu müdafiə edə bilmək üçün lazımdır... 
Ötən bazar Lahıcda olanda İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovla qarşılaşdıq. Jurnalist olduğumuzu biləndə Mirdamət müəllim bizi öz evinə dəvət etdi. Çay süfrəsi arxasında əyləşib, xeyli söhbət etdik. Bizə icra başçısının oğlu qulluq edirdi. Bu cavan oğlan öz sadəliyi ilə məndə həm özünə, həm də atasına qarşı rəğbət oyatdı. Həmin vaxt ağlımdan bu fikir keçdi: əgər İsmayıllının keçmiş icra başçısı Nazim Ələkbərovun oğlu da belə sadə olsaydı, atası bu gün də vəzifədə işləyərdi. Üstəlik, camaat od vurub, onların mülkünü yandırmazdı... 
Çay içib, bir qədər söhbət edəndən sonra icra başçısı bizi uşaqlıq illərinin keçdiyi balaca otağa apardı. Mirdamət müəllim anası ilə bağlı xatirələrini danışanda, hamımız kövrəldik. Həmin gün diqqətimi ən çox cəlb edən Mirdamət Sadıqovun uşaq vaxtı geyindiyi çarıqlar oldu. Professor həmin çarıqları bu gün də əziz xatirə kimi qoruyub-saxlayır. Əgər hamı öz çarığını yaşadığı evin divarından assa, ölkədə məmur qudurğanlığı baş alıb getməz...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq