Məmurların gizlənpaç oynadığı dərdli qadın...

img

27-08-2019 [22:33]


Seymur VERDİZADƏ


***

Vəsilə Məmmədova özünü həmkəndliləri arasında ən bəxtsiz adam sayır.

Ona görə yox ki, 2019-cu il fevral ayının 5-də Ağsuda baş verən zəlzələ zamanı onun da evi qəzalı vəziyyətə düşüb. Vəsilə xanım deyir ki, elnən gələn qara gün toy-bayramdır.

Ağsuda baş verən zəlzələ zamanı təkcə Vəsilə Məmmədovanın deyil, Qaraqoyunlu kənd sakinlərinin yarısından çoxunun evi dağılıb. Allah adamı olan Vəsilə xanım yaradanın işinə qarışmayıb.

Əksinə, sağ-salamat qurtulduqlarına görə yerin-göyün sahibinə təşəkkür edib, nəzir-niyaz paylayıb ...

Qəzadan dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları təşrif buyurublar.

Ölçüb-biçiblər, araşdırıblar və axırda kənd sakinlərinə deyiblər ki, narahat olmayın, evləriniz tezliklə bərpa olunacaq.

Həmin vaxt havanın üzü də məmurların üzü kimi soyuq olub.

Şaxta evsiz-eşiksiz sakinlərin iliyinə işləyib, soyuq onların əhdini kəsib. Vəsilə Məmmədova iki ay gözləsə də, onun evi təmir olunmayıb.

Zavallı qadın həmin vaxtdan yollarda qalıb, dövlət idarələri arasındakı məsafəni gündə beş dədə ölçməyə başlayıb.

Vəsilə xanım deyir ki, əsas güman yeri Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev olub. Ama Ənvər müəllim onun ümidlərini doğrultmayıb. İcra başçısı vətəndaşı dinləyəndən sonra belə deyib: "Mən sənə ev tikənəm? Get, Fövqəladə Hallar Nazirliyi sənə ev tiksin!"

Bu söhbətdən sonra Vəsilə Məmmədova FHN başçısı Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyib.

Amma onu başa salıblar ki, Kəmaləddin müəllim heç deputatları qəbul etmir, o ki qaldı sənin kimi kəndli ola...

Bu xəbərdarlıqdan sonra zərərçəkən qələmə sarılaraq, "fövqəlnazir"in şəninə yaraşan bir məktub yazıb. 4 iyul 2019-cu ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Vəsilə Məmmədovaya cavab verib.

Elxan müəllim yazıb ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən göndərilən qəzalı ev sahiblərinin siyahısında sizin də adınız var. Narahat olmayın, Ağsu rayon İcra Hakimiyyəti tezliklə evinizi təmir edəcək.

Bu cavabdan sonra Vəsilə xanım yenidən Ağsu rayon İcra Hakimiyyətinin qapısını döyməyə başlayıb.

O, əvvəlcə müavinlərin, sonra şöbə müdirlərinin yanında olub, əlindəki məktubu onlara göstərərək, tədbir görmələrini xahiş edib.

Vətəndaşın öz haqqını tələb etdiyini görən Ağsu rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov ona bu məzmunda cavab yazıb: "Apardığımız araşdırmalar zamanı məlum oldu ki, siz hazırda Bakının Fatmai qəsəbəsində yaşayırsınız.

Buna görə də evinizi təmir etməyi məqsədəuyğun saymırıq".

Vəsilə Məmmədova and-aman edir ki, evi qəzalı vəziyyətdə olmasa, bir gün də onun bunun qoltuğunda qalmaz. O, divarların başına uçacağından qorxur ...

Zərərçəkəni diqqətlə dinləyəndən sonra bu qənaətə gəldim ki, cavabdeh mənurların uşaqlıq illəri yadlarına düşüb; vətəndaş qan ağlayır, amma onlar gizlənqaç oynayır ...

BAKU.WS


Digər xəbərlər
SON XƏBƏRLƏR