MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜNƏ

img

21-07-2019 [12:59]


Etibar ƏLİYEV,

Təhsil üzrə ekspert

***

1989-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Kamilo Xose Sela (1916-2002) 84 yaşında (2000-ci ilin mayında) onun şərəfinə adlandırılmış universitetdə «XXI əsrdə Cəmiyyət və Kommunikasiya» adlı konfransda JURNALİSTİKA haqqında nitq söyləyib. 

Burada o, jurnalistika işinin bir sıra mühüm prinsiplərini ortaya qoymuşdu. Yazıçının baxış nöqtəsində söz jurnalistin qılıncıdır ki, onun vasitəsilə kəskin silah əldə edir. 

Bu, bumeranq kimi onun özünə qayıdan silahdır və ona güclü ziyan vura bilər:  

"Jurnalist onun üçün gerçəkliyə kölgə salan səbəblər, gümanlar, xülasələr qasırğası, tufan və fırtınaya düçar ola bilər. Buna qarşı dayanmaq çətindir. Həmişə dəyişməz qalan prinsipləri isə kənara atmaq mümkün deyil. Jurnalist nə baş verə biləcəyindən, yaxud nəyin baş verməsini istəməsindən deyil, yalnız baş verəndən danışmağa borcludur. Yalanın yenilik, xüsusən də yaxşı mükafatlandırılan yenilik ola bilmədiyini həmişə xatırlayaraq, hər şeydən əvvəl həqiqəti danışmalıdır. Jurnalist gerçəkliyi təhrif etməkdənsə, sussa yaxşıdır. Bu sənətin sahibləri intellektual inkişafı ruhlandırmalı, heyvani və hissi ehtiraslara yol verməməlidir. Bütün mülahizə palitrasını ifadə etmək üçün jurnalistin imzasını qoyduğu, yəni üzərinə cavabdehlik götürdüyü köşə, yaxud məqalə var."

Sela kədərlə yazır ki, müasir jurnalistikada kiçik istisna ilə ədəbi və qeyri-siyasi mövzulardakı düşüncə məqalələri artıq yoxa çıxmaqdadır: "Nöqsanla verilmiş, ehtiras çalarlı yenilik jurnalistika janrlarının bütün zənginliyini əvəz edib. Öz fərdiliyini gizlətmək, dürüst, sadə, aydın və dilə maksimal hörmət etməklə məqalələr yazmaq jurnalistin məqsədi olmalıdır. Poetik tapıntılar və dil axtarışları qəzet məqaləsində gülməli görünür, sözlərini dırnaq arasına alıb kursivlə ayırmaq jurnalisti sadəlövh göstərir.

Müasir jurnalistikanın əsas günahı «vəhşi heyvana ət atmaq» istəyidir. İnsanların ehtiras və hissləri ilə oynamaqla jurnalist oxucuları heyvan sayır və nəticədə onları heyvani vəziyyətə gətirir. Jurnalistlər çox vaxt situasiyanın pis və çirkin tərəflərini hədsiz dramatikləşdirirlər ki, bu da müasir jurnalistikanın əzab çəkdiyi xəstəliklərdən birirdir.

Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır. Jurnalist olmağa çalışan siyasətçi zalıma çevrilir, çünki jurnalistlər böyük gücə malikdirlər." 

Sela bu nitqində xəbərdarlıq edir ki, həqiqət vahid və daimi ola bilməz- həyat və onun dəyişiklikləri həddən artıq mürəkkəbdir: "Nəşriyyatların və istedadsız jurnalistlərin səhv siyasəti üzündən İspaniyada 110 qəzet çıxır. Onları üç milyon nəfər oxuyur. Böyük Britaniyada isə 100 qəzet nəşr olunur, onların iyirmi bir milyon nəfər oxucusu var. Qəzetlərin oxunmamasının səbəbi televiziya və radionun auditoriyanı qoparıb alması ilə yox, jurnalistlərin pis yazması ilə bağlıdır. Məqalələr mürəkkəb və maraqsız alınır, sanki ölü dildə yazılmış olur. Oxucuya real baş verəni, ona yaxın, həqiqi xəbərləri, fərqli fikirlər doğuran mülahizələri vermək lazımdır. Qəzet jurnalistlərin balasıdır və yalnız onlar qəzetin taleyinə görə cavabdehdirlər".

Böyük yazıçı İspaniyanın «El Pais» qəzetində «Buridanın eşşəyi» rubrikası ilə 1983-cü ilin martından 1985-ci ilin iyununa kimi məqalələr yazmışdır. 

P.S. Kamilo Xose Sela "Paskual Duartenin həyatı", "Arı pətəyi", «Alkorriyaya səyahət» , «Yəhudilər, mavrlar və xristianlar» romanlarının müəllifidir.

Yeri gəlmişkən: onun "Paskual Duartenin həyatı" əsəri İspaniyada Servantesin «Don Kixot» romanından sonra ikinci populyar roman sayılır...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR