"...ölkə prezidentinin başlatdığı islahatları yandırmaq istəyirlər" - Deputat

img

30-03-2019 [15:49]


"Dünən Milli Məclisdə çıxışımda xüsusi olaraq bir sözü vurğuladım: yanan təkcə bir ticarət mərkəzi deyil, bütövlükdə ölkə prezidentinin başlatdığı islahatları yandırmaq istəyirlər". 

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, bu ölkəni gələcək kataklizmlərdən qorumaq, məsuliyyətsiz siyasi və kriminal personaların xarici yönləndirmələrlə idarəolunmaz xaos yaratmaq cəhdlərini əngəlləmənin tək yolu səmimi və əsaslı siyasi, iqtisadi, sosial və xüsusilə də məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparmaqdır: "Yəni, imitasiya ilə bir nöqtəyə varmaq mümkün deyil və xalqı bu islahatların səmimiliyinə inandırmaq lazımdır ki, insanlarımız dəstəyini əsirgəməsinlər və zəruri fədakarlıq göstərsinlər.

 Rusiyanın inqilab ərəfəsi tarixini diqqətlə araşdıranda gəldiyim nəticə bu oldu: o dövr hakimiyyət eşalonunda olan məsuliyyətli insanlar durumun nə dərəcədə kritik olduğunu anlayırdılar və Stolıpinin başlatdığı iqtisadi islahatların siyasi istiqamətini müəyyənləşdirməyə çalışırdılar. Lakin bu islahatlar natamam olduğuna görə həmin dövrdə məsuliyyətsiz və qəzəbli kütlənin Trotskisinin və Leninin yetişməsi təəccüblü görünmədi. 

Fikrimcə, Çar Rusiyasında inqilab ərəfəsinə yaxın dövrdə aparılan islahatların natamamlığının əsas səbəbi bu idi ki, islahat aparanlar özlərinin siyasi, sosial, iqtisadi imtiyazlarını qorumaqla islahat barədə düşünürdülər. Elementar Məlik Məhəmməd məntiqi də onu deyir ki, baldırından Simurq quşuna ətindən kəsib verməsən, işıqlı dünya perspektivi ümidverici görünməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA