Vətənpərvərliklə “vətənşüvənliyi” dəyişik salanlar

img

05-11-2018 [14:01]


Bildiyiniz kimi 9 noyabr bayraq günüdür. Bu münasibətlə, paytaxt məktəbliləri arasında 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib. 

Bu prosedur qaydalar hamıya məlumdur. Hər bir məktəb fərqli bir formada iş görmək istəyir və bəzən də heç bir iş görməyən kimsələr, görülən işdə başqa nəsə axtarmağa çalışır. Bəli, tənqid lazımdır. Çatışmazlığı demək lazımdır. Necə ki, məndə bunu deyirəm.

Amma görülən işdə başqa nəsə axtarmaq, bu yaxşı deyil.

Təəssüf ki, bəzən insanlar həqiqi vətənpərvərliklə "vətənşüvənliyi” dəyişik salırlar. Bəzi sosial media səhifələrində bir məktəbdə asfalt üzərinə çəkulmiş bayrağın üzərindən keçdiyi görüntüsü ciddi "müzakirə”lərə səbəb olub. Təbii həmin uşağın bu hərəkətinə haqq qazandırmaq fikrində deyiləm. Amma videogörüntünü çəkən şəxsin həmin uşağa irad bildirmək əvəzinə "sevincək” bunu lentə alıb ictimailəşdirməsi də bəzi "böyüklər”in də həmin uşaqdan fərqlənmədiyini göstərir. Bir məsələni də qeyd edim ki, hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir. Bu, bütün dünyada yayılmış tendensiyadır. Həmin müsabiqələrdə isə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər (Bayraq, ölkənin xəritəsi, əsgər görüntüsü və digər bu kimi rəsmlər) mövzusunda uşaqların yaradıcılığı əks olunur. Yəni, demək istədiyim odur ki, Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin tədbir üçün hazırladıqları kompazisiya üçün çəkmiş olduqları rəsm ətrafındakı qara fonlu hay-küy adekvat deyil. Hansı ki hələ ayın 2-də məktəb öz "Facebook” səhifəsində həmin kompazisiyanın görüntüsünü paylaşıb. Məncə bir az real vətənpərvər olaq ki, uşaqlar da bizə ikrahla baxmasınlar. Onların da çoxu "Facebook” və digər sosial şəbəkələrdə olduğunu unutmayaq )) Bu kimi məqsədyönlü təhrifləri onlar da görür və ən azından ciddi qəbul etmirlər.
Dostlar, Bayraq haqqında qanuna görə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Amma yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Bunlar azyaşlı uşaqlardır. Onlar sabahın naziri, həkimi, müəllimi və bəzən də şəhididirlər... Və bəlkədə:
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Bəli, biz onlara vətənpərvərliyi bütün üsul və vasitələrlə öyrətməliyik.. Onların işini aşağılalamamaqla.
Dövlət Bayrağı Bakı şəhərində keçirilən bir çox beynəlxalq yarışlarda da yerə çəkilib. Keçirilən mötəbər yarışlarda dövlət bayrağı yerə çəkilin.

Keçirilən bu tədbirlərin, görülən işlərin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.
Kimlərsə Roma papasından artıq katolik olmaq istəyirlər deyəsən.

Kamran Əsədov, Təhsil eksperti





Digər xəbərlər
SON XƏBƏRLƏR