ibrahim ibrahimli Baz Prokurorluğa və DiN-ə müraciət etdi

img

09-04-2013 [01:29]


Naxçıvanda təzyiqlərə məruz qalan istiqlalçı deputat İbrahim İbrahimli aprelin 10-da ötən həftə Naxçıvanda təzyiqlərə məruz qalması və ölkədə baş verən repressiyalarla bağlı mətbuat konfransı keçirəcək. Bu barədə qəzetimizə İ.İbrahimli özü məlumat verdi. O dedi ki, Müsavat Partiyasının qərargahında keçiriləcək tədbirdə Naxçıvanla yanaşı ölkədə davam edən repressiya mühiti ilə də bağlı çıxışlar olacaq. ?Media forum? saytına açıqlama verən İ.İbrahimli Naxçıvanda təzyiqlərə məruz qalmasını hakimiyyətin repressiv siyasətinin tərkib hissəsi kimi qiymətləndirdiyini vurğulayıb. O, qarşılaşdığı hadisəni mənəviyyata zidd hərəkət adlandırıb: ?Aprelin 6-da başıma gələn hadisənin siyasi və hüquqi tərəfini bir qırağa qoysaq, mənəvi prinsiplərə, dəyərlərə yad olan hərəkətdir. 35 yaşında dünyasını dəyişmiş bacıoğlumun yasına getmişəm. Yasdan başıma torba keçirilərək uzaq, insan yaşamayan çölə aparılmağım, təhqir olunmağım, fiziki zorakılığa məruz qalmağım məsələyə mənəvi tərəfdən yanaşdıqda Azərbaycanda baş verən ilk insidentdir. Yas yerinə gedən adam bu cür vəhşiliklərlə üzləşir, zorakılığa məruz qalır?. Sabiq deputat bildirib ki, Azərbaycanda siyasi dəyişiklik istəyən bütün kəsimlər repressiyalara məruz qalır: ?Son zamanlar xüsusən gəncliyə, gənclər hərəkatının yetişməsində xüsusi xidməti olan NİDA-çı gənclərə qarşı klassik repressiv metodlardan istifadə olunur. Dindar kəsimə qarşı repressiyalara başlanılması da buna əyanı sübutdur. Mənim başıma gələnlər bu prosesin tərkib hissəsidir?. İ.İbrahimli məsələ ilə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət göndərdiyini vurğulayıb: ?Bu məsələ ilə hüquq müdafiəçi İntiqam Əliyev məşğuldur. Məsələnin siyasi-hüquqi tərəfinin araşdırılması ilə bağlı qəti tələblər irəli sürmüşük. Məni əsasən məsələnin siyasi tərəfi maraqlandırır. Çünki məsələnin hüquqi tərəfi bu tip proseslərdə heç vaxt həllini tapmır. Azərbaycanda məhkəmələr, hüquq-mühafizə orqanları müstəqil deyil?. Qeyd edək ki, ötən saylarımızda İ.İbrahimli ilə eyni vaxtda ADP sədri Sərdar Cəlaloğlunun da Naxçıvanda olması ilə bağlı məlumat vermişdik. Məlum hadisədən sonra İ.İbrahimlinin bir neçə saat S.Cəlaloğlunun qonağı olduğunu qeyd etmişdik. ADP sədri ?Yeni Müsavat?a bildirdi ki, aprelin 6-da Naxçıvanda yaxın qohumunun yas mərasimində olarkən İ.İbrahimli onlara gəlib: ?Düzü, əvvəl diqqət eləmədim, amma sonra gördüm ki, İbrahim bəy axsayır, üst-başı qaydada deyil. Əvvəlcə qəzaya düşdüyünü zənn etdim. Amma sonra Ümid Partiyasının yerli təşkilatının sədri dedi ki, bəs bəyə qarşı zorakılıq olub. Çox narahat idi. Soruşdum, dedi ki, bacısı oğlunun yasına gedibmiş. Yasda ona deyiblər ki, yas məclisi olan ərazi mühasirəyə alınıb. Yasdan çıxandan sonra özünü polis və MTN işçisi kimi təqdim edənlər onu maşına oturdub aparıblar. Bir az sonra başına torba keçiriblər. Hara getdiyini bilməyib. Düzdağ deyilən kimsəsiz əraziyə apararaq orada ona işgəncə veriblər?. Naxçıvanda müxalifətçilərə qarşı təzyiqlərin adi hal aldığını deyən S.Cəlaloğlu son zamanlar hakimiyyətin hətta adət-ənənələrə hörmətsiz yanaşdığını, yas mərasimlərinə hörmət edilmədiyini bildirdi: ?Bu hadisədən sonra dəhşətə gəldim ki, bunlar üçün artıq milli adət-ənənə deyilən şey yoxdur. Bu sərhədləri artıq keçiblər. Təbii ki, bu gün hakimiyyətin qanunsuzluqlara yol verməsini gözləyirik. Müxalifətçilər döyülməyi, hücuma məruz qalmağı hər an gözləyir. Burda ən təhlükəli olan məsələ artıq yas məclislərinə də əl uzadılmasıdır. Azərbaycanda bir adət var, yasa və toya toxunmurlar. Hətta düşmənlər də yas zamanı bu qaydaya əməl edirdilər. Amma indi bunlar elə vəziyyətə gəlib çatıblar ki, hətta yasa gələn adamlara da əl qaldırırlar?. S.Cəlaloğlu Naxçıvan hakimiyyətinin addımlarının düşmənçilikdən o yana olduğunu deyir: ?Bunlar artıq bizim adət-ənənələrə əl atır, xalqın adət-ənənəsinə hörmətsizlik edirlər. İbrahim bəy deputat olub, siyasi partiya rəhbərliyində təmsil olunub, hazırda bir ictimai təşkilatın nümayəndəsidir. Əlbəttə, qəbul edirəm ki, bu dəyərlərin bunlar üçün əhəmiyyəti yoxdur. Amma bir adamın əziz adamı dünyadan köçüb, 35 yaşında bacısı oğlu dünyasını dəyişib. Yasa gəlib başsağlığı vermək istəyən adama imkan vermirsən, onu yasdan çıxarıb oğurlamaq, işgəncə vermək artıq düşmənçilikdən də pis münasibətdir, eybəcərlikdir. Söhbət burda siyasətdən, hüquqdan getmir. Aydın məsələdir ki, ölkədə siyasi repressiya da var, hüquq pozuntusu da var. Amma adət-ənənələrə bu qədər hörmətsizlik olmamışdı. Hətta burda iqtidar nümayəndələrinin bir yası olanda mətbuat bizdən soruşur ki, siz onun yasına getdinizmi. Bir zamanlar mətbuat müxalifətin Heydər Əliyevin yas mərasiminə getməsi məsələsini müzakirə edirdi. Amma indi təsəvvür edin ki, bir adam öz yasına, yaxın adamının yas mərasiminə gedə bilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA