04-04-2013 [12:34]
Müsahibimiz keçmiş vicdan məhbusu Vidadi İsgəndərlidir. Onunla prezidentliyə namizədliyi, son dövrlər müxalifət partiyaları ilə çəkişmələri və ölkədə cərəyan edən ictimai-siyasi proseslər ətrafında söhbətləşdik.
[b]- Vidadi bəy, həbsdə olduğunuz zaman İctimai Palatanın simasında müxalif düşərgə tərəfindən müdafiə olundunuz. Ancaq həbsdən çıxandan sonra AXCP və xüsusən ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidlə aranızda ?Facebook? və media səviyyəsində qarşılıqlı ?atışmalar? oldu. Mübahisənin səbəblərini izah edə bilərsinizmi?[/b]
- Sözsüz ki, hər şeyi olduğu kimi doğru danışacağam. Mən həbsdə olanda, AXCP və Müsavat, o cümlədən üzvü olduğum İctimai Palata müdafiəmdə fədakarlıq göstərdi. Həm ailəmə, həm özümə maddi və mənəvi dəstək oldular. Azad olunandan sonra da münasibətlərimiz yaxşıydı. Ancaq indiki Vidadi İsgəndərli həbsə atılan Vidadi İsgəndərli deyildi.
[b]- Əvvəlki ilə indiki Vidadi İsgəndərlinin fərqi nədən ibarətdir?[/b]
- Hakimiyyətin 1 il 9 ay həbsxana divarları arasında mənə qarşı törətdiyi cinayətlər məni daha da aqressivləşdirdi. Həbsxanada da hakimiyyətlə mütəşəkkil formada mübarizə aparmağa and içmişdim. Fərq ondaydı ki, həbs olunanda radikal sayılırdımsa, hesab edin ki, azad olunandan sonra radikal + 15 Vidadi İsgəndərli oldum.
[b]- Bu fərqə görə prezidentliyə namizəd olmaq iddianızı ortalığa qoydunuz?[/b]
- Xeyr, namizəd olmaq istəyimin bir neçə səbəbləri var, mətbuata da demişəm ki, mənim prezident olmağa nə istəyim, nə də arzum var. Digərlərindən fərqli olaraq, mənim AXCP və Müsavatda təmsil olunan dostlarımla fikir ayrılıqlarım var.
[b]- Fikir ayrılıqlarının kökündə hansı amillər dayanır?[/b]
- Mən deyirəm ki, partiya psixologiyasından çıxmaq lazımdır, çünki Azərbaycanda xalq anlayışı var, hər hansı partiya isə xalq deyil. Hakimiyyətdə təmsil olunmaq üçün xalqın dəstəyini qazanmaq lazımdır, partiyanın dəstəyini qazanmaq hələ kifayət deyil.
[b]- Ancaq bütün avtoritarizmdən demokratiyaya keçən cəmiyyətlərdə partiyaçılıq sistemi var, hakimiyyətə də partiyayla gəlirlər...[/b]
- Sözsüz. Azərbaycandakı partiyalarla demokratik cəmiyyətlərdəki partiyaların fərqi var. Bizdə avtoritarizmin ən pis formasıdır, korrupsiya üzərində qurulmuş avtoritarizm feodal və quldarlıq elementləriylə birgə. Belə olanda heç bir partiya tərəfdarlarıyla birgə qalib gələ bilməz. Hətta əmin edirəm ki, bütün müxalif partiyaları da birləşsə, hakimiyyətə qalib gəlmək mümkün deyil.
[b]- O zaman çıxış yolu nədir?[/b]
- Bir çıxış yolu var və bizim fikir ayrılığımız da ondan ibarətdir. Mən deyirəm: həbsdə Azərbaycanda demokratik hakimiyyət qurmağın düsturunu işləmişəm, real müxalifət partiyaları, bütün ziyalılar, liberal gənclər və üstəgəl xalq, bununla da qalib olan Azərbaycan milləti. Yəni şəxs və partiya yox.
[b]- Ancaq tarixən siyasi dəyişikliklərdə şəxslərin rolu danılmazdır və böyük şəxsiyyətlərin ideyaları olmasa, nəyisə dəyişməyin təməlini qoymaq olarmı? Bu mənada fikriniz absurd görünmürmü?[/b]
- Yox. Bir daha deyirəm, mənim kiminləsə aram dəyməyib, sadəcə, fikir ayrılığı var. Bəli, sözsüz ki, müəyyən bir lider lazımdır, sual verirəm, bəs xalqı ətrafına toplaya biləcək lider varmı Azərbaycanda?
[b]- Ancaq həbsdən çıxandan sonra İctimai Palatanın toplantılarının birində demişdiniz ki, ?Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli, hər ikinizə dəstək verirəm, önə çıxın və rejimdən qurtulaq?. Bu gün isə liderin olmadığını deyirsinizsə, bunları necə başa düşək?[/b]
- Yox, demədim ki, lider yoxdur. Heç kim Əli Kərimli və mənim dostum İsa Qəmbərin müxalifətdə lider olduğunu dana bilməz. Mən ötən əsrin 80-ci illərinin Elçibəyinin olmadığı mənasında həmin fikri işlətdim. Nə İsa bəy, nə Əli bəy təkbaşına Azərbaycan xalqının lideri olmur, bu gün xalqımızın da 90 faizi siyasiləşməyib. Əlbəttə ki, hakimiyyətin də müəyyən təbliğatı rol oynayıb, iqtidar hər iki siyasətçiyə qarşı kampaniya aparır. Mənim məqsədim odur ki, hər iki siyasətçi xalqı özünə tərəf çağırmaq yox, onun içinə çıxsınlar, bununla Azərbaycanda xalq hərəkatı yaranandan sonra meydanda xalq özü liderin kim olduğunu deyəcək. Sözsüz ki, mənim sözlərim müxalifətdə olan dostlarımın xoşuna gəlmir. Amma mən deyirəm ki, söylədiklərim reallıqdır. Fikir verin, avtoritar rejimdir, mənim dostum, müxalifətin lideri İsa Qəmbər adicə bir rayona gedir - Lənkərana. Bir ordunu tökürlər, şəhərə daxil olmağa qoymurlar. Yaxud Göyçayda əsgər ölür - Seymur Allahverdiyev. Bununla bağlı rayona gedirəm, bütün ordunu tökürlər, qoymurlar. Rejim xalqla liderlərin təmasına imkan vermir.
[b]- Bir tərəfdən liderlərin xalqla təmasının vacibliyini deyirsiniz, o biri tərəfdən də rejimin buna imkan vermədiyini vurğulayırsınız, o zaman göstərdiyiniz çıxış yolu absurd olmurmu?[/b]
- Niyə ki, çıxış yolu var.
[b]- O zaman deyin bilək![/b]
- Azərbaycanda nə qədər avtoritarizm olsa da, müxalifət liderləri Bakıda yox, hər hansı bir rayonda öz tərəfdarlarıyla görüş keçirsinlər. Həbs olunmayacaqlar? Qoy, həbs olunsunlar.
[b]- Bununla nə dəyişəcək?[/b]
- Özləri görəcəklər nə dəyişəcək. O dəyişəcək ki, xalq liderinin ölümə də, həbsə də hazır olduğunu görəcək. Xalq da belə insanları sevir. Mən deyərdim ki, bəlkə hələ tezdir, amma buna baxmayaraq xalqın içinə getmək lazımdır.
[b]- Bu gün əhalinin böyük əksəriyyəti banklardan götürdüyü kreditlərin faizini qaytarmaq əzabını yaşayır, üstəlik, icra strukturlarının təzyiqləri, məişət qayğıları insanları sıxır, televiziyalar da bəsit şou-maqazin proqramlarıyla zombiləşmə əməliyyatını davam etdirirlər. Belə bir məqamda özünüzün də dediyi kimi 90 faizi siyasiləşməyən əhaliylə görüşə gedən liderlərin həbsi nəyisə dəyişəcəkmi?[/b]
- Yox, biz məsələlərə fərqli yanaşırıq, mən qəsdən həbs olunmaqlarını söyləmədim.
[b]- Axı dediniz ki, ?həbs olunsunlar, o zaman xalq da görsün ki, belə liderlər var?...[/b]
- Əgər tutulmaqla nəyinsə qarşısını alacaqlarsa, bu da olsun. Məsələn, ?NİDA!? Gənclər Hərəkatını dünən 5 adam tanıyırdısa, hazırda 5 min nəfər tanıyır. 7 nəfərin həbsi həmin təşkilata min ərizənin daxil olmasıyla nəticələndi. O cümlədən, mən də NİDA-çı oldum. Demək istəyirəm ki, mübarizə fəal olmalıdır.
[b]- Bu fəallığa görə də AXCP və ?Azadlıq? qəzetini hədəfə almalıydınız?[/b]
- Yox, bizim ?Azadlıq? qəzeti və Əli bəylə olan münasibətimiz tam fərqlidir. Tam səmimi deyirəm, mən prezidentliyə namizədliyimi irəli sürəndə, bütün saytlar, hətta hakimiyyətyönlü qəzetlər də bu barədə informasiya yaydı, ?Azadlıq? qəzetindən başqa. Səbəblərini araşdırmaq üçün qəzetə zəng etdim, məsləhət oldu ki, Əli Kərimliylə danışmalıyam. Onunla danışanda, o, etik normaları qorumayıb kiçik xətaya yol verdi.
[b]- Nədən ibarətdir dediyiniz xəta?[/b]
- Xəta mənimlə kobud danışması və özünü yüksək tutmasıydı. Mən də elə bir insanam ki, heç kimə əmr və hökmlə danışmağa imkan vermərəm. Digərlərindən fərqli olaraq, nə əqidəmi dəyişmişəm, nə keçmiş tariximin əleyhinə çıxmışam. Həbsdən çıxanda Əli bəy məni evimizdə ziyarət etdi, həm də üstündə adım olan köynəyi ona hədiyyə edib demişdim ki, Sizi siyasətdə böyük qardaş kimi görmək istəyirəm. O, isə kiçik xətaya yol verdi, ola bilər əsəbi olub, sözləri mənə toxundu, sanki Vidadi İsgəndərıliylə yox, çöl adamıyla danışırdı. Bu da nəticə etibarıyla əsəbləri pozulmuş mənə toxundu və baş verənləri mediaya dedim. Ancaq bu davanın nə onlara, nə də mənə xeyri oldu. Bu gün isə qarşılıqlı razılıq əsasında müvəqqəti atəşkəsdir.
[b]- Bütün bunlarla bərabər prezidentliyə namizədlik iddianız üzərində qalırsınızmı?[/b]
- Bəli, mən bütün KİV-də ideyanı irəli sürmüşəm, ancaq prezident olmağın nə arzusunda, nə də amalındayam. Sadəcə, İsa bəyin bir fikri var: kimin əlindən nə gəlirsə, xalqı bir araya gətirsin, ?qrubı? desəm, şəhid kimi qabağa düşmüşəm, ya vurub öldürərlər, ya da həbs edərlər. Elə ona görə namizədliyimi irəli sürmüşəm ki, Azərbaycanda hərəkata qüvvə və güc verim.
[b]- İstər-istəməz sual yaranır: bir cümləsində 5-6 hərf səhvi olan Vidadi İsgəndərli necə ölkə prezidenti ola bilər?[/b]
- Mən BDU-nun hüquq fakültəsini bitirmişəm, 16 il prokurorluq orqanlarında işləmişəm. Birinci, rus dilliyəm, ikinci, noutook-umda müəyyən problemlər var, üçüncü Əli Kərimlinin mənə dediyi sözdən üç gün şoka düşmüşəm. Əgər kiminsə mənim savadıma şübhəsi varsa, debata çıxmağa və hər hansı mövzuda mübahisə etməyə hazıram. Sadəcə, bu rejim mənə o qədər iynə vurub əsəb gətirib ki, həbsdə olanda tədricən özümdə dəyişikliklərin baş verdiyini anlayırdım.
[b]- Özünüzü həkimə göstərməmisinizmi?[/b]
- Yox, mənim maddi imkanım yoxdur.
[b]- Bax, deyirsiniz ki, səhhətinizdə problem var, Əli Kərimlinin kiçik xətasından şoka düşmüsünüz, sabah prezident olanda, hansısa qəzetin sərt tənqidinə hədəf olsanız, o zaman hansı duruma düşərsiniz?[/b]
- Ona görə deyirdim ki, məndən üç səbəbə görə prezident olmaz. Birinci, həddən artıq qisasçıyam. Hər şeyi bağışlayardım, amma balalarımı 1 il 9 ay gözüyaşlı qoyanları bağışlamaram. İkinci, prezident olmaq niyyətim yoxdur. Axı, kimə aydın deyil ki, demokratiya sözü necə yazılır, yaxud ata sözü...?
-[b] Ancaq bir cümlədə 5-6 səhv olmaz da...[/b]
- Axı mən nə deyim, yenə də hər şeyi açıb-töküm?! Siz bilsəniz ki, həmin vaxt hansı şəraitdəydim, faktiki olaraq anlaqsız vəziyyətdəydim. 1 il 9 aylıq həbsdən çıxandan sonra Əli bəyin mənə ?hər gün mənə 9 milyon insan zəng edir, hər küçədən gedənlərin telefonunu götürməliyəmmi?? söyləməsi məni hansı duruma saldı. Mahiyyətə gəlincə, siz qrammatik səhvlərə baxmayın, əsasına baxın. Son vaxtlar statuslar yazıram, görürsünüz də.
[b]- Bəs özünüz həbsdəki Vidadi İsgəndərliyə olan reaksiyalarla indikinə olan münasibət arasındakı fərqi də görürsünüzmü?[/b]
- Axı Sizə necə izah edim ki, mənə inanasınız? 8 ay mənə olan zülm faşistlərin düşərgəsində heç kəsə edilməyib, 9 saat yarım kvadrat yerdə saxlayıblar, özüm də şəkər. 18 günün hər günü nə iynəsi vurublar, hələ də anlamıram, Kürdəxanıda 6 kameranın qapısını sındırmışam. Əvvəllər də çılğın olmuşam, amma 6-7 yaşımda qızımın dili tutulub, gecə saat 3-də oyanıb üstümə qaçır ki, ata hücum edəcəklər. Siz nələr danışırsınız, hansı problemdən danışırsınız? Bu gün məni bir şey maraqlandırır, hakimiyyətin dəyişməsi və cinayətlərinə görə mühakimə olunmaları. Azərbaycan tarixində yeganə insanam ki, məhkəmədəki son sözümdə dövlətin birinci şəxsindən sonuncu şəxsinə kimi hökm oxumuşam. Mən səmimi insanam, heç kəslə konfliktim yoxdur, son sözümü unutmayın: bu ilin seçki gününün səhəri daha dəhşətli, qanlı hadisələr olacaq, nəinki 10 il əvvəl olanlar. Amma heç kəs bunları boynuna götürməyəcək(bizimyol.info).