Ramiz Mehdiyevlə görüzün detallarını açıqladılar

img

19-12-2012 [11:37]


"AzerRoss" prezidenti Söyün Sadıqov həmtəsisçisi olduğu Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) ünvanına Azərbaycan hakimiyyətindən səslənən ittihamlara növbəti dəfə münasibət bildirib. Faktxeber.com saytına müsahibəsində S.Sadıqov RATİ yaranarkən onun rəhbəri Abbas Abbasovun Bakıda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdüyünü və onun xeyir-duasını aldığını deyib. S.Sadıqovun iddiasına görə, PA rəhbəri hətta A.Abbasovu arxayın edib ki, bu barədə prezidentə məlumat verəcək. Öz planları barədə başqa ölkənin güc strukturlarına məlumat verməli olmadıqlarını deyən S.Sadıqov Azərbaycana, onun xalqına, prezidentinə hörmətdən bu addımı atdıqlarını bildirib. S.Sadıqov bundan əlavə, Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun Moskvaya səfərlərindən birində nümayəndələri Natiq Ağamirovun onunla görüşdüyünü və RATİ-nin qeydiyyat üçün sənədlərini təqdim etdiyini, İbrahimovun da bu qərarı alqışladığını deyib. S.Sadıqov deyib ki, bütün formal prosedurlar başa çatdıqdan və RATI qeydiyyata alındıqdan sonra sənədlər İlham Əliyevə, Ramiz Mehdiyevə və Nazim İbrahimova, həmçinin bütün regional Azərbaycan təşkilatlarına göndərilib. ?AzerRoss? prezidenti RATI-də təmsil olunan iş adamlarının Azərbaycandakı biznesinə qarşı başlanan təzyiqlərə və hakim partiya təmsilçilərinin onların ünvanına səsləndirdikləri ittihamlara da toxunub. A.Sadıqovun sözlərinə görə, minlərlə insanı işlə təmin edən iş adamlarına qarşı belə mürtəce tədbirlər ölkəyə maddi və mənəvi zərbə vurur, onu nüfuzdan salır. YAP funksioneri Siyavuş Novruzovun Rusiyada azərbaycanlı biznesmenlərin şirkətlərində işləyən həmvətənlərini kölə adlandırmasına toxunan S.Sadıqovun buna cavabı da sərt olub: ?Görünür, Azərbaycanda vəziyyət o qədər ?səfalı" və ?ümidvericidir? ki, azərbaycanlılar öz vətənlərində ac və ?azad? olmaqdansa, bu biznesmenlərin yanında ?kölə? olmağa hazırdırlar". S.Sadıqov hər hansı siyasi motivlərə görə sıxışdırmanı dövlət üçün intihar hesab edir. N.İbrahimovun RATI ilə bağlı verdiyi bəyanata münasibət bildirən ?AzerRoss? prezidentinin sözlərinə görə, bu bəyanat onun ikiüzlülüyünün və prinsipsizliyinin göstəricisidir. ?Rəhbərin özünün mövqeyi olmadıqda, məhz belə olur. Çünki o, əvvəlcə RATI-ni dəstəkləyir, sonra ona başqa göstəriş verildikdə isə bütün səyi ilə yeni təşkilatı pisləyir? deyən S.Sadıqovun sözlərinə görə, əsas problem Azərbaycan icmasında heç bir çəkisi olmayan, diasporun hər hansı problemini həll edən N.İbrahimovun özündədir. S.Sadıqov ermənilərlə əlaqələrdə ittiham olunmasına, eyni zamanda ?AzerRoss?un keçmiş vitse-prezidenti Mirəşrəf Fətiyevin istefasına da toxunub. Azərbaycanda yüksək vəzifədə çalışan şəxslər arasında qarışıq nikahların az olmadığını deyən S.Sadıqov çalışdığı yerlərdə ermənilərin olduğunu inkar etmədi. Lakin sürücüsünün və mühasibinin erməni olması ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını, sürücülərinin rus və ukraynalı, müsahibinin də ukraynalı olduğunu bildirdi. Fətiyevin istefasına gəldikdə isə S.Sadıqov bunu erməni məsələsində fikir ayrılığı ilə əlaqələndirmir. ?AzerRoss? prezidenti bunu daxili səbəblərlə izah edir və yenidənqurmanın öncə təşkilatın möhkəmlənməsi üçün vacib olduğunu qeyd edir. Fətiyev Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir və bunun üçün çox vaxt sərf edirdi. Bu isə ?AzerRoss?dakı fəaliyyətinin zəifləməsinə səbəb olmuşdu. Ona görə də belə qərar verildi: ?Onun bizim qurumdan ayrılmağı ilə verdiyi bəyanatları isə vicdanına tapşırıram. O, öz seçimini etdi, biz də öz seçimimizi?. Mirəşrəf Fətiyev ?Yeni Müsavat?a açıqlamasında bu barədə danışmağa həvəsli olmadığını bildirdi. Qeyd etdi ki, S.Sadıqovla görüşüb bir sıra məsələləri müzakirə edəndən və ixtilaflara nöqtə qoyduqdan sonra növbəti dəfə belə ittihamların səslənməsindən təəssüflənir: ?Mən erməni diasporu ilə mübahisəyə girib onu yerində oturdaram. Amma Azərbaycan diasporunun üzvləri ilə belə mübahisələrə girmək istəmirəm. Görünür, bizim yenidən görüşüb bir sıra məsələləri ayırd etməyimiz lazım gələcək?. Məsələ ilə bağlı Diaspor Komitəsindən də münasibət öyrənmək istədik. Bildirildi ki, ittihamlarla tanışdırlar, əgər lazım bilinsə, onlara cavab veriləcək. /musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA