19-11-2012 [12:26]
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iki gün öncə Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ağababa Babayevlə baglı yaydığı video-material gündəmə oturdu. E.Abdullayevin təqdim etdiyi video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır. Bundan əlavə, hakim söhbət əsasında bir sıra vəzifəlilər haqda, həmçinin Daxili işlər naziri Ramil Usubov, müavin Vilayət Eyvazovla gizli görüşləri və Zülfüqarlı qardaşları ilə bağlı qalmaqallı məlumatlar açıqlayıb.
[b]Mia.az bu və ya digər hadisələrin fonunda tanınmış hüquqşünas Qurban Məmmədovun "Reytinq" qəzetinə verdiyi müsahibəni təqdim edir: [/b]
- Elşad Abdullayevin narazılığını, qoyduğu tələbləri başa düşürəm. Amma mən qətiyyən onun bu hərəkətini qəbul eləmirəm. Çünki iki normal adam arasında olan söhbəti bu formada ortalığa çıxartmaq düzgün deyil. Bir adam səni dost sayıb, etibar edib sənin yanında giley-güzar edibsə, onu videoya çəkib ekranlara çıxarmaq yaxşı hərəkət deyil və bu, Elşad Abdullayevə hörmət gətirmir. Amma Azərbaycanda məhkəmə sistemindəki vəziyyətlə bağlı o video-materialdakı fikirlər doğrudur. Bəyəm Azərbaycan, məhkəmələrindəki vəziyyəti Ağababa müəllimin sözlərindən sonra bilib? Elşad Abdullayev məgər bilmirdi ki, Azərbaycanda hansı rejim var və rejim hansı qaydalarla işləyir? Orda səslənən fikirlər nəinki Azərbaycan ictimaiyyəti, heç dünya ictimaiyyəti üçün də qaranlıq deyil. Bunu Ağababa müəllimin dilindən eşitməyə ehtiyac yox idi axı. Azərbaycan hakimlərinin əksəriyyəti ürək xəstəsidir. Hakimlərin arasında yüzlərlə tanışım, qohumum, dostum var. Vicdanı olan hər bir hakim düşdüyü şəraitə görə ürəyi xəstədir. Bu sistemə gələnlər əvvəl böyük ideyalarla gəlirlər, amma görəndəki onu sifarişlə işləməyə məcbur edirlər, o zaman mənən sınırlar. Geriyə də yolları olmadığı üçün ürək, əsəb xəstəsi olmağa başlayırlar. Hakimlər də insandırlar, bizim bacı, qardaşlarımızdır, onları belə ləkələmək düzgün deyil. Hesab edirəm ki, son videonun yayılması da Ağababa müəllimə qarşı haqsızlıqdır. Yəni, Elşad Abdullayev bu məsələdə çox səhv hərəkət edib.
[b]- Burada söhbət hansısa hakimin şəxsi hərəkətlərindən yox, ümumilikdəki məhkəmə sistemindəki eybəcərliklərin etiraf olunmasından gedir. Sizin sözünüzdən belə çıxır ki, bütün hakimlər əqidəlidirlər, sadəcə, hakim rejim onları bu yola vadar edir...[/b]
- Xeyr. Mən deyirəm ki, hamıya bəlli olan faktları Elşad Abdullayev Ağababa müəllimin dilindən ortalığa gətirməsi düzgün deyil. Azərbaycanın məhkəmə sistemindəki rüşvət-korrupsiyanın, özbaşınalığın, yuxarıdan aslığın olması hamıya gün kimi aydındır. Bu günlərdə Ali Məhkəmənin sədri Ramiz Rzayev bəyanat verib deyir ki, guya psixatriya sahəsindəki nöqsanlar var, hakimlər işə yaxşı baxmırlar, həkimlərin rəylərini yoxlamırlar. Ondan soruşan yoxdur ki, bəs bu günə kimi həmin işləri aparan hakimlər cəzalandırılıblarmı, işdən çıxarılıbmı? Yəni, Elşad Abdullayevin yaydığı videoda Ağababa müəllimin dediklərini hamı bilir, mən Qurban Məmmədov Cəlaloğlu da dəfələrlə bu məsələləri gündəmə gətirmişəm. Aslan İsmayılov, Adil İsmayılov və digər həmkarlarım hər gün məhkəmə orqanlarındakı qanun pozuntuları ilə bağlı bəyanatlar veririk, mesajlar veririk. Bəyəm bunları cəmiyyət eşitmir? Azərbaycanda hakimlər bataqlığa düşəndən sonra əmrlə işləmək məcburiyyətində qalırlar. Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Ona görə də özünə hörməti olan, abrına qısılan adam bu rejimin dövründə hakimlik etməməlidir. Sizin vasitənizlə bundan sonra hakim olmaq istəyən dostlarımıza çatdırıram ki, abır-həyalarını qorumaq istəyirlərsə, vicdansız olmaq istəmirlərsə, ürək və əsəb xəstəsi olmaq istəmirlərsə, bu rejimlə əməkdaşlıq eləməsinlər. Çünki Azərbaycanda başdan-ayağa korrupsiya, rüşvət sistemi var. Bu ölkənin siyasi iradəsi korrupsiyaya qulluq edir. Bunu ki, bütün dünya bilir.
[b]- Bu gün kimi çoxları parlamentin saxta yolla formalaşdığını iddia edirdi, amma bu fikirlər subyektiv xarakter daşıyırdı. Amma Gülər Əhmədova ilə Elşad Abdullayevin mandat sövdələşməsi videosu yayılandan sonra bu fikirləri təsdiqləndi. Bu mənada Elşad Abdullayevin yaydığı videolar önəmli deyilmi?[/b]
- Əlbəttə, Gülər Əhmədova olayı olduqca önəmli hadisədir. Əgər ekspertiza sübut eləsə ki, doğrudan da o, Gülər Əhmədovadır, səs onun səsidir və məzmun da dəyişdirilməyib, bu, çox ciddi məsələdir. Buna görə hakimiyyət bütövlükdə istefaya getməlidir. Çünki orda etiraf olunur ki, prezidentin stoluna gedən bir siyahı var və o siyahını dəyişdirirlər, bu yolla kimlərisə deputat edirlər. Azərbaycanda ali siyasi iradə ortada olsaydı, kimlərsə mandat bazarlığı eləməzdi, kimlərsə pul alıb kimi deputat təyin etdirməzdi və sonda bu qədər iyrənc faktlar açılmazdı. Baş verən hadisələrə hakimiyyətin gec reaksiya verməsi belə bir vəziyyətin ortaya çıxmasına səbəb olur. Fikir verin, Elşad Abdullayev bu videoları yaymasaydı, bu qədər hay-küy salmasaydı, deməli, onun qardaşının oğurlanması faktının araşdırılması üçün komissiya yaradılmayacaqdı. Bu, bir həyasızlıq, abırsızlıq, tərbiyəsizlikdir və dövlətçiliyə zidd hərəkətdir. Belə çıxır ki, Azərbaycanda o adamın işi araşdırılacaq ki, şantaj eləməyə imkanı olsun? Bəs mən dövlətə niyə vergi verirəm, niyə deputat, prezident seçirəm? Bəyəm hamı işi keçməsi üçün Elşad Abdullayev kimi höküməti şantaj eləməlidir ki, ondan sonra onun haqları müdafiə olunsun? Bütün bunlar Azərbaycan dövlətinin adına dünya miqyasında gələn ləkədir. Bu baxımdan Elşad Abdullayevin yaydığı videoların çoxu sübut baxımından dəyərlidir. Hamıya bəlli olan cinayətlərin faktlarla və yüksək rütbəli hakimiyyət nümayəndələri tərəfindən ortaya qoyulması baxımından əhəmiyyətlidir. Ona görə də bu məsələni diqqətdən yayındırmaq olmaz.
[b]- Gülər Əhmədova olayı ortaya çıxdı, məsələylə bağlı cinayət işi açıldı, amma nədənsə proses hüquqi cəhətdən davam eləmədi. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Bütün bunlar onu göstərir ki, bu məsələnin nəticəsində siyasi iradə maraqlıdır. Dünya ictimaiyyəti bilir ki, Azərbaycanda parlament saxtakarlığına göz yuman hakimiyyətdəki yuxarı dairələrdir. Ortalığa fakt qoyulub ki, ölkədə parlament seçkiləri saxtalaşdırılıb. Hakimiyyət buna hansı münasibəti bildirib? Gülər Əhmədovanın videosunda hakimiyyətin yüksək çinli məmurlarının adı hallanır, maraqlanan yoxdur ki, hadisə necə olub. Soruşan yoxdur ki, Elşad Abdullayev kimə, nə qədər pulu niyə verdi? Necə oldu ki, Elşad Abdullayev Məzahir Pənahovun siyahısında qaliblərin arasında oldu və sonra o dairənin nəticələri niyə ləğv olundu? Bu günə qədər Məzahir Pənahovdan bu günə qədər izahat alınıbmı ki, Elşad Abdullayev necə qalib gəlmişdi? Bütün bunlar hamının gözü qabağında baş verir. Sadəcə olaraq, hakimiyyət elə bir mövqe tutub ki, xalq nə deyir desin bunu xalqa yedirdəcəyəm. Yəni. Bu hakimiyyətin xalqa münasibəti budur.
[b]- Bayaq qısaca da olsa, Ramiz Rzayevin məhkəmələrlə bağlı bəyanatına toxundunuz. Yenidən o məsələyə qayıdaraq soruşmaq istəyirəm ki, nəyə özbaşınalıqlar, qanunsuzluqlar yüksək çinli məmurlar tərəfindən etiraf olunur, amma cəzasızlıq davam edir?[/b]
- Ramiz Rzayev kimi vəzifəli şəxslərin hərdən-birdən belə bəyanatlar verməsi ictimai nifrətin, ictimai partlayışın qarşısını almağa yönələn əvvəlcədən düşünülmüş tədbirlərdir. Əgər belə çıxışların arxasınca çoxsaylı hakimlər cəzalandırılmırsa, işdən çıxarılmırsa, deməli, bunlar gözə kül üfürməkdən başqa bir şey deyil. O bəyanatdan sonra bu günə qədər psixatriya sahəsində qanunsuz qərar verən bütün hakimlər işdən çıxarılmalı idi. Mədəni dünyada problemlər belə həll olunur. Haqqı pozulan insanlara da kompensasiya verilir. Ramiz Rzayevin çıxışından sonra kimdən üzr istənildi, kimə kompensasiya ödənildi? Heç kəs. Deməli, bunların hamısı quş qoymaq xatirinədir.
[b]- Qurban bəy, söhbətimizin istiqamətini dəyişək. Son olaylardan sonra müxalifət ?saxta parlament buraxılsın? tələbi ilə bir sıra etiraz tədbirləri həyata keçirir. Müxalifətin bu istiqamətdəki fəaliyyətini qənaətbəxş sayırsınızmı?[/b]
- Mən istərdim ki, Azərbaycan xalqı rastlaşdığı bu dəhşətli hadisələri təkcə müxalifətin vəzifəsi hesab eləməsin. Müxalifət siyasi qurumdur və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Bu gün fakt ortadadır ki, Azərbaycanda hakimiyyət bəzi cinayətkar qrupların əlinə düşüb. Bu gün Azərbaycan xalqının, dövlətinin, büdcəsinin taleyini cinayətkar adamlar həll edirlər. Ona görə də xalq öz taleyinə sahib çıxmalıdır. Təəssüflə də olsa deməliyəm ki, Azərbaycanda müxalifət çox zəifdir və hakimiyyətdəki cinayətkar qrupları aradan götürməyə gücü çatmır. Bəs, xalq hara baxır, o nə fikirləşir? Bizim balalarımızın gələcəyi necə olacaq? Azərbaycan xalqı heç bir siyasi qrupa baxmadan öz taleyinə sahib çıxmalı, bu cinayətkar qruplara qarşı mübarizə aparmalıdır.
[b]- Necə düşünürsünüz, xalq kortəbii şəkildə mübarizəyə başlasa, proseslə hər hansı bir siyasi qüvvə tərəfində tənzimlənməsə, xaotik vəziyyət yaranmazmı?[/b]
- Mən bir siyasətçi, bir hüquqşünas kimi narahatam ki, hadisələr məhz kortəbii üsyana doğru getməkdədir. Məni qorxudan da budur. Bəli, bu xalq gec-tez partlayacaq və o zaman bu xalqın qarşısını heç bir tank, top ala bilməyəcək. Dağılan ana vətənimiz olacaq, paytaxtımız olacaq, onun-bunu halal zəhmətlə tikib-yaratdığı ev-eşiyi, mülkü olacaq. Ona görə də bunun qarşısı alınmalıdır. Bunun da qarşısını almağın iki yolu var. Ya İlham Əliyev xalqa müraciət eləməlidir ki, indiki vəziyyətdən çıxmaq üçün gəlin bir yerdə islahatlara başlayaq, hakimiyyəti bu cinayətkarlardan təmizləyək, ya da müxalifət qüvvələri o qədər güclənməlidir ki, xalqın kortəbii hərəkətini idarə eləməyə hazır olsun.
[b]- Müxalifətdə belə bir potensial görürsünüzmü?[/b]
- Çox təəssüf ki, bu gün müxalifətdə belə bir hazırlıq yoxdur. Bu da həm müxalifətə, həm dövlətə, həm də elə iqtidarın özünə ziyandır. İnsanlar kortəbii şəkildə ayağa qalxanda vəziyyət çox ağır olur, diktatorların sonu Qəddafininki kimi olur. Ona görə də məsuliyyətli tərəflər ayılıb vəziyyəti o yerə çatdırmasınlar.
[b]- Xalqı öz arxasınca apara bilməməsində müxalifətin zəifliyinin rolu varmı?[/b]
- Xalqın ayağa qalxmamasının əsas günahı bizdə müxalifətdədir. 90-cı ildən bu yana biz xalqın daxili enerjisindən çox istifadə eləmişik. Sosialogiya sübut edir ki, xalqların enerjisindən çox istifadə edəndə uzun müddətli belə bir depressiv vəziyyət yaranır. Xalq kütləsinin ayağa qalxması üçün onu coşduran ideya lazımdır. Obyektiv səbəbləri sürətləndirmək üçün subyektiv amillər yerində olmalıdır. Azərbaycan müxalifətinin liderləri dərhal birləşməlidirlər, hamısı öz ambisiyalarından imtina etməlidirlər, prezident seçkisi haqqında düşünməməlidirlər. Ona görə ki, bu gün Azərbaycanda hər hansı bir seçki üçün normal şərait yoxdur. Nə qədər ki, cinayətkarlıq və cinayətkarlar ölkədə ad oynadır, tüğyan edir, bütün müxalifət qüvvələri birləşməlidir. Xalq da görməlidir ki, bunlar səmimidirlər və qarşıya bir məqsəd qoyulmalıdır ? Azərbaycanda normal hüquqi dövlətin yaradılması, demokratik seçkilərin keçirilməsi. Amma müxalifət daxilindəki bəzi qüvvələr seçkidən vahid namizəddən danışırlar. Deyirlər ki, İctimai Palata budəfəki seçkidə vahid namizədlə çıxış eləsin. Hansı seçkidən danışırsınız? Bu günə kimi normal seçki keçirilməyib ki, gələn il də normal seçki olsun. Hazırda kim seçkidən, vahid namizəddən danışırsa, hakimiyyətin mətbəxində hazırlanan ideyaları təbliğ eləmiş olur.
[b]- Onda AXCP də, Müsavat da. ADP də və digər aparıcı müxalifət partiyaları hakimiyyət işləyir?[/b]
- AXCP-dən də, Müsavatdan da, ADP-dən də kimsə prezident seçkisində iştirak, vahid namizəd barədə danışırsa, bilin ki, o adam hakimiyyətin tapşırığını icra edir. Ona görə ən savadsız adam da bilir ki, bu ölkədə seçki keçirilmir. Gülər Əhmədova olayı ortaya sübut qoyub. Hakimiyyətin cinayətkar bir prosesində müxalifətin iştirakı ona demokratik don geydirməkdən başqa bir şey deyil. Azərbaycan müxalifətindəki seçkidə iştirak edən adamlar oyunu satıb sonra da yalandan oynayan futbolçular kimi bir şeydir. Seşkinin saxtalaşdırılacağını əvvəlcədən bilirsənsə, bunun da qarşısını almaq gücün yoxdursa, hara gedirsən? Mən yenə də deyirəm ki, müxalifətin seçkidə iştirakını təbliğ eləmək kampaniyası hakimiyyətin maraqlarına uyğundur.
[b]- Əgər müxalifətdə hakimiyyətin sifarişi ilə hərəkət edənlər varsa, o zaman 2013-dən nəsə gözləmək lazım deyil?[/b]
- Sizə indidən deyirəm, 2013-cü ildə Azərbaycanda seçki olmayacaq. Nə qədər ki, bu hakimiyyət, bu seçki komissiyaları qalıb, 2013-cü ildə də hakimiyyət zəbt olunacaq. Sadəcə olaraq, hakimiyyətin zəbt olunma prosesinə demokratik don geyindirməmək üçün müxalifətin bu seçkidə iştirakının əleyhinəyəm. Kim bu seçkiyə gedəcək, hakimiyyətin cinayətinə şərik olacaq, xalqa xəyanət edəcək. Əksinə, müxalifət birləşib normal seçki keçirilməsi uğrunda mübarizə aparmalıdır.
"Reytinq"