ADP SOCAR-ı neft pullarını ölkədən qaçırmaqda suçladı

img

09-07-2012 [04:01]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. ARDNŞ-in Monteneqro Respublikasında 320 milyon dollara ada alması haqqında yayılan məlumatlara münasibət bildirən İdarə Heyəti üzvləri son vaxtlar Dövlət Neft Şirkətinin Türkiyə, Moldova, Rusiya, Gürcüstan və digər ölkələrə müxtəlif adlar altında külli miqdarda yatırımlar qoymasından narahat olduğunu bildirib, bu cür cəhdləri əsasən neft pullarının ölkədən qaçırılması kimi dəyərləndirib və bu vəsaitlərin Respublikanın gələcək inkişafına stimul verən istehsal sahələrinə ayrılmasının vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti üzvləri son vaxtlar Gürcüstan vətəndaşı olan soydaşlarımızın miqrasiya problemləri ilə üz-üzə qoyulması və onlara qarşı əzabverici bürokratik əngəllərin yaradılması faktından narahat olduğunu bildirib və hakimiyyəti soyadaşlarımızın Azərbaycan ərazisində sərbəst hərəkəti üçün normal qanuni şərait yaratmağa, bu sahədəki mövcüd problemləri təcili olaraq aradan qaldırmağa çağırıb. İdarə Heyəti üzvləri sabiq prezident A.Mütəllibovun Vətənə qayıtması və öz ölkəsində sərbəst yaşaması ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təqdir edib və eyni zamanda hakimiyyəti onun haqqında vaxtilə qaldırılan ağır hüquqi ittihamlarla bağlı əsaslandırılmış açıqlama verməyə çağırıb. İdarə Heyəti son vaxtlar yol-nəqliyyat qəzalarının humanitar fəlakət həddinə yaxınlaşmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu qəzaları yaradan istər texniki, istərsə də sosial, hüquqi və psixoloji səbəbləri aradan qaldırmaq üçün aktiv tədbirlər planı hazırlamağa çağırıb. İdarə Heyəti üzvləri İranla Azərbaycan arasında münasibətlərin yeni gərginlik fazasına daxil olmasından, ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni münasibətlərin korlanmasından, bütün bunlardan isə hər iki tərəfdə yaşayan soydaşlarımızın əziyyət cəkməsindən narahat olduğunu bildirib və hər iki ölkənin hökumətlərini öz münasibətlərində beynəlxalq hüququn dövlətlərə şamil edilən dostluq və əməkdaşlıq prinsipinə hörmətlə yanaşmağa və ölkələrimizin dinc vətəndaşlarının həbsi ilə nəticələnən sərt siyasətə son qoymağa çağırıb. İdarə Heyəti üzvləri Rusiyada yaşanan təbii fəlakətlər nəticəsində çox sayda insanın həlak olmasından üzüntü keçirdiyini bildirməklə yanaşı, Rusiya tərəfindən yardım barədə müraciət edilmədən, hakimiyyətin Azərbaycanda baş verən təbii fəlakətlərdən ziyan çəkənlərə yardımlar ayrılmadığı, lazımi səviyyədə köməklik göstərilmədiyi halda bu ölkədə yardımdan ziyan çəkənlərə böyük miqdarda vəsaitin ayrılmasını məqbul hesab etməyib, bunu siyasi konyuktur addım kimi dəyərləndirib və dövlət rəsmilərini bir daha Kür daşqınından və digər təbii fəlakətlərdən ziyan çəkən vətəndaşlara ədalətli kompensasiyalar ayırmağa çağıırıb. İdarə Heyəti üzvləri Fransanın yeni prezidenti F.Hollandın özündən əvvəlki prezident N.Sarkozinin xəttini davam etdirirək erməni genosidini tanımaq barədə yeni paketlə çıxış etməsindən narahat olduğunu bildirib və tarixi əsası olmayan bu məsələdə ermənipərəst mövqe sərgiləməyin istər Azərbaycan Fransa, istərsə də Türkiyə-Fransa arasında olan qarşılıqlı münasibətlərə xələl gətirəcəyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA