Hacı ibrahim Nehrəmli milyonlarla manat borcu olduğu zikayətçini hədələdi

img

11-06-2012 [12:39]


Qiyməti milyardlarla ölçülən ?Khazar İsland? layihəsinin rəhbəri ?Avesta? Konserninin prezidenti Hacı İbrahim Nehrəmli uzun illər borclu olduğu şəxsi həbslə hədələyir. O, bir neçə il əvvəl torpaq sahəsini aldığı Bakı sakininin pulunu ödəmək əvəzinə, tam əksinə, qabaqdangəlmişlik edir. ?Gündəm xəbər? qəzetinə müraciət edən Bakı şəhər sakini, Əzizağa Əliyev adlı iş adamı Hacı İbrahimdən öz pulunu ala bilmədiyini yazıb. Ə.Əliyevin sözlərinə görə, ona məxsus ?Ceyhun? müəssisəsinin balansında 192,4 hektar torpaq sahəsi olub. 1989-cu ildə yaradılan müəssisənin dövlət və banklardan kredit ala bilmədiyi üçün fəaliyyətinin bir neçə il əvvəl dayandırıldığını deyən iş adamı qeyd edib ki, müəssisəni işlədə bilmədiyi üçün balansındakı ərazi ilə birgə satmaq qərarına gəlib və 2008-ci ildə Hacı İbrahimlə görüşüb. Şikayətçi iddia edib ki, üstündən 3 il keçsə də, Hacı İbrahim ona razılaşdıqları kimi nə ev, nə də pulun tam həcmini verməyib. ?Mən Hacı İbrahimdən 750 min manat pul əvəzinə cəmi 110 min manat almışam. O, mənə çatacaq qalan 640 min manat pulu vermir? - deyə, Ə.Əliyev bildirib. Şikayətçi onu da qeyd edib ki, şirkət sahibi ona vəd etdiyi mənzillərə görə nömrəsiz, qeydiyyatdan keçməyən, qeyri-qanuni müqavilə sənədlərini verib. Şikayətdə digər iddialar da əksini tapır. Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmliyə müraciət etdikdə, iddiaları qəti təkzib etdi: - O, mənə yer satıb, pulunu da alıb. Ancaq indi başqa şey deyir. Mən də deyirəm qardaş, əvvəlcədən sən bu barədə düşünməmişdin? Digər tərəfdən də hər üç məhkəmədə uduzmusan, indi təzədən gedib qəzetlərə nə danışırsan? Pulunu da yüz faiz almısan, qanun da sənin tərəfində idi, şərləməklə iş olur? - Siz ona nə qədər pul vermişdiniz? - Müqavilədə nə qədər yazılmışdısa, elə o qədər. Sonra gedib məhkəməyə verdi ki, yox, mənə şifahi bu qədər demişdi. Ancaq dedilər ki, əsas məsələ müqavilədə əksini tapan rəqəmlərdir. Pulunu alıbsan, məhkəməni də uduzmusan, indi daha nə istəyirsən? - Bunun qarşılığında sizin atacağınız addım necə olacaq? Görüşüb məsələni aydınlaşdırmaq fikriniz varmı? - Mən də onu verəcəyəm məhkəməyə, tutdurub qoyacağam içəri. Özü də təzədən türmədən çıxıb, qoy ağlı başına gəlsin. - Son dəfə nə zaman görüşübsünüz? - Mən heç onu qəbul eləmirəm. Onunla nə alış-verişim ola bilər. Şər-böhtandan başqa bir şey danışmır. - Qəzetə müraciətində deyib ki, söhbət ?Ceyhun? müəssisəsinin balansında olan 192,4 hektar torpaq sahəsindən gedir. - Mən o torpaq sahəsini aldım, pulunu ödədim, ancaq sonra ?Baksovet?dən o müqaviləni ləğv etdilər. Bununla da məsələ bitdi. Artıq o torpağın mənə aidiyyatı yoxdur. - Bu torpaq sahəsi harada yerləşirdi? - Həmin ərazi yeni şəhər yaşayış massivinin yaxınlığında yerləşirdi. Bu adama balıq yeri kimi vermişdilər. O da sonra mənə satmışdı. - Əzizağa Əliyev iddia edir ki, Hacı İbrahim Bəylər Əyyubovun, Arif Paşayevin adından sui-istifadə edir... - Deyir də. O, məni son dəfə iki il bundan qabaq görüb. Harada görüb ki, mən kiminsə adından istifadə edim. Yaxud sizinlə danışanda heç görübsünüzmü ki, kiminsə adını çəkim? Mənim öz adım kifayətdir də, kiminsə adını niyə çəkməliyəm. Özü də mən nə iş görürəm ki, kiminsə adından da istifadə edim. Mənim ehtiyacım yoxdur axı kiminsə adını çəkim. Allaha şükür, məni hamı tanıyır. - Amma şikayətçi deyib ki, sizinlə söhbəti əsnasında torpağın müqabilində ona 10 dəfə az pul ödəmisiniz. Sizə istinadən bildirib ki, 1 350 000-dən baha ala bilməyəcəyinizi demisiniz və bildiribsiniz ki, oradan 50 hektar sahəni Bəylər müəllimə, 20 hektarı da Bakı meriyasına verəcəyinizi" demisiniz. Belə bir şey olubmu? - Deyir də. Balalarımın canı elə bir söz deməmişəm. O deyib yerin qiyməti budur, mən də almışam. Razı deyildisə, satmayaydı da, aparıb başqasına sataydı. Lap tutaq ki, mən nəsə demişəm, bəs, sənin ağlına nə gəlmişdi? - Onun sözlərinə görə, torpaq sahəsinin 20 milyon manat dəyəri olsa da, siz ona cəmi 1 mln. 350 min manat ödəməyə razılaşıbsınız. - Oranın qiyməti 100 milyon da ola bilərdi, 500 milyon da. Sənin satış qiymətin budur da. Onun dediklərində məntiq yoxdur axı. Necə olur ki, sən torpağı satandan, müqavilə bağlayandan sonra deyirsən ki, yox, mən aldanmışam? Biznesmenin bacarığı ondadır ki, alanda udsun, satanda yox. - Əzizağa Əliyev qəzet vasitəsilə prezidentə müraciət edib. Bundan narahat deyilsiniz ki? - Mənim sənədlərim düzdür. Hələ mən onu məhkəməyə verib şər-şəbədə danışdığına görə tutduracağam. Şikayət etsin də. Hər qəzetə çıxarılan iddia qanuni olsaydı, nə vardı ki. O sadəcə məni şantaj edir ki, əlavə pul verim. Bu adamın dərdi odur. Kimlərinsə gözü götürmür, deyirlər get, belə elə. Mən bu işləri aparıram deyə, yavaş-yavaş kimlərsə peyda olur. Gərək belə şeylərə bir az soyuqqanlı olaq. - Sizin tikinti işiniz nə yerdədir? - İşlərimiz yüksək səviyyədə gedir. Alıcıların sayı normaldır. Ayın sonu investorlar da gələcək. "Musaavat.com" P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA