"Hakimiyyət ölkəni reket dəstəsi kimi idarə edir"

img

02-10-2011 [05:50]


Arzu Səmədbəyli: "Bu dəstə insanların var-yoxunu əlindən almaqla, güc tətbiq eləməklə, qorxutmaqla, həbsə atmaqla, bəzilərini də ölkədən didərgin salmaqla məşğuldur" Müxalifət yazdakı aktivliyini bərpa etmək istəyir. Yəni, İctimai Palata bir neçə aylıq fasilədən sonra kütləvi etiraz aksiyalarına başlamaqda qərarlıdır. Amma hakimiyyətin kütləvi tədbirlərə qarşı olan mövqeyində hər hansı yumşalma baş verməyib. Müsavat Partiyasının Məclis sədri, keçmiş millət vəkili Arzu Səmədbəyli ilə söhbətimizə də bu mövzudan başladıq. - Bu gün kütləvi aksiyalar məsələsi gündəmdədir. Oktyabr ayında kütləvi etiraz aksiyalarına başlayacağıq. Bilirsiniz ki, hakimiyyət, istər piket, istər yürüş, istərsə də mitinqləri qadağan edib. İndi də Konstitusiya və qanunları pozmaqda davam edir, dəfələrlə müraciət etməyimizə baxmayaraq, aksiya keçirmək üçün uyğun bir yer ayırmırlar. Bakı Şəhər İcra Hakimiyyəti isə yalnız bir sözü əzbərləyib - "20-ci sahə, stadion". Hamıya da məlumdur ki, ora gedib-gəlmək mümkünsüzdür, həmin yer mitinq üçün tamamiylə yararsızdır. Yəqin ki, müraciətdə normal yerin ayrılması da tələb ediləcək. - Hakimiyyət nümayəndələrinin mövqeyi bəllidir, necə düşünürsünüz, budəfəki revanşda aksiyalara razılıq veriləcək? - Hakimiyyətin ən çox qorxduğu məsələ xalqın bir araya gəlməsidir. Bu hakimiyyət narazı kütlənin meydanlara çıxmasından, kütləvi aksiyaların keçirilməsindən çox qorxur. Bu səbəbdəndir ki, insanların bir araya gəlməsinə, mitinqlərin keçirilməsinə imkan vermir. Bizim gümanımız yoxdur ki, hakimiyyət mitinqlərə icazə verəcək. Amma onlar öz şər əməllərindən əl çəkməyəcəklər deyə, biz öz xeyir işimizdən, qanuni hüququmuzdan istifadə etməyəcəyik? Əlbəttə edəcəyik! Biz onların qeyri-qanuni əməllərini, pozmaqda olduqları qanunları, atdıqları addımları növbəti dəfə ifşa edəcəyik. Sərbəst toplaşmaq haqqında qanun var, biz də deyirik ki, bizə qadağan olunmuş yerlərdən başqa yüzlərlə meydan var, onlardan birini verin. Kütləvi aksiyanın keçirilmə məqsədi odur ki, ictimaiyyətin diqqətini cəlb edəsən, yoxsa gedib şəhərin ucqar bir yerində, düzün ortasında keçirilən mitinqin nə əhəmiyyəti olar? - Hakimiyyət rəsmiləri də deyirlər ki, müxalifət qəsdən şəhərin mərkəzində icazəsiz aksiya keçirir ki, həmin ərazidə olan başqa şəxsləri də aksiyaya cəlb etsinlər və sıralarının seyrək olduğu anlaşılmasın... - Bu, hakimiyyətin diqqəti yayındırmaqdan ötrü işlətdiyi bir fənddir. Amma bu fənd keçməz! Əgər hakimiyyət müxalifətin gücsüzlüyünü təsdiq etmək istəyirsə, onda buyursun, şəhərin normal yerində icazəli mitinqə meydan versin və görsün ki, müxalifətin gücü nədən ibarətdir. Onu da deyim ki, müxalifətin gücü təkcə partiyalardan ibarət deyil, Azərbaycan xalqının böyük əksəriyyəti də artıq bu hakimiyyətə müxalifdir, onun siyasətindən bu və ya digər formada narazıdır, ondan əziyyət çəkir. İstər mülki, istər sosial hüquqlarla bağlı, istər məhkəmələrin qanunsuz hökm çıxarması, istər sahibkarların mülklərinin əlindən alınması ilə bağlı ciddi narazılıqlar var. Mətbuatda oxuyuruq ki, Zülfüqarlı qardaşları, ABU-nun keçmiş rektoru Elşad Abdullayev hansı dəhşətli faktlar açıqlayır. Görün, nələr baş verirmiş, bu hakimiyyət nələr edirmiş. Bütün bunlar onu göstərir ki, hakimiyyət ölkəni reket dəstəsi kimi idarə edir. Bu dəstə insanların var-yoxunu əlindən almaqla, güc tətbiq eləməklə, qorxutmaqla, həbsə atmaqla, bəzilərini də ölkədən didərgin salmaqla məşğuldur. Amma ölkəni belə idarə etməzlər. Əlbəttə, bu hakimiyyət insanların bir araya gəlib öz fikirlərini sərbəst formada ifadə etməsindən əndişəyə düşəcək və qorxacaq. Ona görə də aksiyalara imkan vermir, əlindəki zor aparatı, polis sistemi, təhlükəsizlik qüvvələri ilə hər addımda insanların hüquqlarını pozur, onları şərləyib həbs edirlər. 2 aprel mitinqinə görə həbs olunanların məhkəməsi də bu hakimiyyətin ifşasına yönəlmiş ən gözəl sübutlardan biridir. Məhkəmənin gedişatından da, verilən izahatlardan da görünür ki, bu, hakimiyyətin məhkəməsi yox, məzhəkəsidir. Bizim qardaşlarımız öz qanuni hüquqlarından istifadə etdiklərinə görə, heç bir əsas olmadan həbs ediliblər. Ancaq hakimiyyətin istəyinin əksinə olaraq, həbsdəki qardaşlarımızın heç birinin nə əqidəsi zədələnib, nə mənəviyyatı sınıb, nə də peşman olublar. Əksinə, hər biri hakimiyyətə meydan oxumaqdadır. Əvvəl-axır bu xalq öz istəyinə nail olacaq, sadəcə olaraq, bunun geci-tezi var. - Görünən odur ki, yenə də icazəsiz akiyalar başlayacaq. Sizcə, "haqq alınar, verilməz",- prinsipi ilə mübarizəyə başlasanız, nəyəsə nail ola biləcəksiniz? - Biz hakimiyyətdən qanunlara, Konstitusiyaya əməl olunmasını tələb edirik. Amma bu hakimiyyət beynəlxalq aləm qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Artıq dünyanın demokratik institutları, birlikləri, təşkilatları Azərbaycan hakimiyyətinə inanmır, onun demokratik ənənələri tapdağını görür. Bu hakimiyyətin korrupsioner, rüşvətxor bir komandadan ibarət olduğu da bir faktdır və bu fakt günü-gündən daha artıq gözə çarpmaqda, ifşa olunmaqdadır. Təbii ki, hakimiyyət də ölkənin, xalqın mənafeyini yox, öz hakimiyyətini qoruyub saxlamaq üçün gücə, zora əl atmaqdadır və mitinqlərə, küçə yürüşlərinə qadağaları davam etdirməkdədir. Çox təəssüf ki, bu tendensiya davam edir. Amma bu şəkildə davam edə bilməz. Ona görə də İctimai Palata olaraq növbəti dəfə mitinqlə bağlı qərar verib, müvafiq orqanlara müraciət edəcəyik... - Müxalifətdəki bəzi şəxslər isə deyirlər ki, yenidən mitinqlərə başlamaq siyasi məhbusların sayını daha da artıracaq və bu aksiyaların xalqa xeyri dəyməyəcək. Bu fikirləri bölüşürsünüzmü? - Müxtəlif cür düşünmə azadlığı var. Hərə öz fikirini deyə bilər. Başqa biri də iddia edər ki, gördünüzmü, İctimai Palata qorxdu, yenidən mitinqlərə başlamadı, hakimiyyətlə anlaşdı və s. Yəni, müxtəlif variantlarda müxtəlif fikirlər, ittihamlar irəli sürə bilərlər. Amma biz bütün qərarları kollektiv müzakirələrlə qəbul edirik. Düşünürəm ki, indiyə qədər atdığımız addımlar doğrudur və heç bir peşmançılıq da yoxdur. Bundan sonra da verilən qərarlar kollektivin ümumi fikirinin nəticəsi ilə ortaya çıxacaq... - Arzu bəy, başqa mövzuya keçək. Neçə müddətdir ki, müxalifət düşərgəsində birləşmə istiqamətində fəaliyyət davam edir, amma nəticə yoxdur. İctimai Palata, xüsusiylə də Müsavat Partiyası birləşmə məsələlərinə sıcaq yanaşmır. ?iyə daha geniş formatda birləşmə prosesindən kənarda dayanırsınız? - Azərbaycanın aparıcı qüvvələri əsasən bir yerdədir. Yəni, İctimai Palata partiyalar birliyi olmasa da, Müsavatın, AXCP-nin, AMİP-in, KXCP-nin, VHP-nin, ADP-nin, Ümid Partiyasının aparıcı şəxsləri, millət vəkilliyinə keçmiş namizədləri, eyni zamanda vətəndaş cəmiyyətinin üzvləri, tanınmış hüquqşünaslar, ziyalılar, vəkillər bu qurumda cəmləşiblər... - Amma sadaladığınız partiyaların əksəriyyətinin sədrləri İctimai Palatada təmsil olunmurlar... - (Sualı dinləmir) Əsas odur ki, İctiami Palata hakimiyyətə alternativ olan güc mərkəzinə çevrilib. Hamını eyni vaxtda bir araya yığmaq isə mümkün deyil. Çünki hakimiyyətə münasibətdə eyni mövqe sərgiləyən adamlar bir yerdədir. Müxtəlif cür düşünən, bayaq deydiyiniz kimi, mitinqlərə və digər məsələlər fərqli yanaşmaları olanlar isə kənardadırlar. İctimai Palataya daxil olmaq azaddır və kimsəyə də bununla bağlı qadağa qoyulmayıb. Amma sadə şərtlər var ki, gələn adam onu qəbul eləməlidir. Bu qurumun hakimiyyətə alternativ olduğunu, bu parlamentin qeyri-legitimliyini və İctimai Palatanın qərarlarını qəbul edib, bizimlə bir yerdə olmaq mümkündür. Bundan sonra da müraciətlər olacaqsa, yəqin ki, müzakirə olunub, uyğun qərar veriləcək. Müxalifət bir araya gəlməməsi, dağınıq vəziyyətdə olması isə hakimiyyətin siyasətidir. Bu siyasətə xidmət edən bəziləri də daim bunu gündəmdə saxlayacaq. Baxın, Ukraynada, Gürcüstanda Yuşşenko, yaxud Saakaşvili qalib gələndə mübarizəyə bir neçə blokla girmişdilər. Amma yeni tələb vardı, demokratik seçki və seçkinin beynəlxalq standartlara uyğun nəticələri. Bu mənada hamının bir arada olması o qədər də vacib deyil. Əsas yetərli olanı doğru-dürüst siyasət yürütmək və dediyim məsələləri bu hakimiyyətdən birgə tələb etməkdir. - Axı, Lalə Şövkət də, Sərdar Cəlaloğlu da, İqbal Ağazadə də, Əli Əliyev də, Mirmahmud Mirəlioğlu da, Yusif Bağırzadə də hakimiyyətə qarşı Sizin kimi sərt mövqedədirlər. Siz onlarla birgə olmursunuz, onlar isə deyirlər ki, Müsavatla AXCP gələcəkdə əldə oluna biləcək qələbəni başqaları ilə bölüşmək istəmir. - Bu fikirlərin əsası ola bilməz, onları haqlı saymaq da mümkün deyil. Əgər onlar İctimai Palatada öz fəaliyyətlərini qurmağı düşünmürlərsə, onda birləşsinlər, bir qurum yaratsınlar və özləri hakimiyyətə qarşı mübarizə aparsınlar. Bu gün adını çəkdiyiniz partiyalar yığışıb birlik yarada bilmirlərsə, bizi nədəsə ittiham eləməsinlər. Bir də ki, adını çəkdiyiniz şəxslərin rəhbəri olduğu partiyaların - AMİP-in və KXCP-nin də rəhbərliyinə daxil olan şəxslərin böyük əksəriyyəti İctimai Palatanın üzvləridir. Hakimiyyətə qarşı biz bu cür mübarizə aparırıq. Hakimiyyətə qarşı mübarizə aparmaq istəyirlərsə, adını çəkdiyiniz şəxslər də birləşib ayrıca mübarizə aparsınlar, onların qarşısını kəsən yoxdur. Biz mübarizəmizi aparırıq, ortaya bir "Yol xəritəsi" qoymuşuq, plan işləyib hazırlamışıq. Buyursunlar, onlar da bu istiqamətdə fəaliyyətlərini qursunlar, öz güclərini göstərsinlər, kütləvi aksiya keçirsinlər, ölkədə hüquq və azadlıqlar uğrunda mübarizə aparsınlar. Amma fikir verirsinizsə, onların fəaliyyəti daha çox İctimai Palatanın işini təftişə yönəlib. Bu isə doğru yol deyil. Yaxşı olar ki, həmin qüvvələr özlərini ictimaiyyətə təqdim eləsinlər. Belə olduqda, hansısa bir mərhələdə hamının bir arada olması prosesi daha da sürətlənər. Onu da nəzərə çatdırmaq istəyirəm ki, biz, hakimiyyətin planlarına uyğun olaraq müxalifət rolu oynayan adamlarla heç vaxt bir arada ola bilmərik. - Müxalifətdə olub hakimiyyətə işləyənləri konkretləşdirə bilərsinizmi? - O kimdirsə, siz onu daha gözəl tanıyırsınız. Ona görə də ad çəkməyə lüzum görmürəm... - Ötən həftə qəzetimizə müsahibə verən Sərdar Cəlaloğlu deyib ki, müxalifətin pərakəndə olması hakimiyyətə sərf edir. ADP sədri həm də bildirib ki, Müsavatla AXCP şəxsi mənafeləri naminə müxalifətin bir araya gəlməsinə mane olur. Bu ittihamlara nə deyərsiniz? - Tamamiylə yanlış fikirdir. Çox təəssüf edirəm ki, Sərdar Cəlaloğlunun son bir ildəki fəaliyyəti yalnız İctimai Palatanı, Müsavatı, AXCP-ni təftiş eləməkdən ibarətdir. Real qüvvəni gözdən salmaq üçün bu kampaniya gedir və Sərdar Cəlaloğlu bununla heç nəyə nail olmur. ADP-nin kifayət qədər üzvü İctimai Palatada təmsil olunur. Sərdar Cəlaloğlunun da burada təmsil olunmasına hər hansı problem yoxdur. Amma o, İqbal Ağazadənin də bura gəlməsi şərtini irəli sürür ki, bu da mümkün deyil. Çünki İctimai Palata seçkidə hüquqları pozulmuş şəxslərin birliyidir, İqbal Ağazadə isə hazırda parlamentdə təmsil olunur. Adını çəkdiyiniz Lalə Şövkətin, Mirmahmud Mirəlioğlunun, nə də digərlərinin İctimai Palataya üzv olmasına qadağa yoxdur. - Arzu bəy, Müsavatın qurultay məsələsi nə yerdədir? - Biz Müsavatın 100 illik yubileyinə hazırlaşırıq. Ayın 7-8 bu tədbirlər keçiriləcək. Qurultayın bu il keçirilməsi ilə bağlı qərar qəbul etmişik, hazırlıqlar gedir. Rayon təşkilatlarının bir çoxu kofranslarını keçirib, amma hakimiyyət bizə basqıları artıraraq, işimizi ləngidib. Həbslər, partiyanın tədbirlərinə müdaxilələr və digər təzyiqlər işimizə mane olur. Amma buna baxmayaraq, qurultayımızı keçirməkdə qərarlıyıq. - Məhkəmədə Arif Hacılının partiya başqanlığına namizədliyi irəli sürüldü. Siz nə zaman iddianızı ortaya qoymaq fikrindəsiniz? - Başqanlığa namizədlər məsələsi qurultayın yeri, vaxtı müəyyənləşdikdən, bütün konfranslar yekunlaşdıqdan sonra həyata keçirilir. Məsələ bu gün aktual olmadığına görə gündəm mövzusu deyil. - Arif Hacılıya güzəştə gedərsinizmi? - Arif Hacılı təkcə Müsavata yox, başqa partiyalara da rəhbərlik etmək qabiliyyətinə malik siyasətçidir. İnşallah, qurultaya qədər Arif bəy də azadlığa çıxar, elə onun da iştirakı ilə bu məsələləri müzakirə edib, başqanlığa namizədliklə bağlı uyğun qərar verə biləcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA