ADP də vəkillərin müdafiəsinə qalxdı

img

26-09-2011 [04:53]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakitrə obyekti olub. İdarə Heyəti üzvləri BMT-nin 66?cı sessiyasında müzakirə edilən məsələlərə, xüsusilə Türkiyənin baş naziri T.Ərdoğanın Fələstin, Kipr və Dağlıq Qarabağ problemləri ətrafında səslənndirdiyi bəyanatlara münasibət bildirib və onun BMT-nin bu problemlərin çözülməsində passivlik nümayiş etdirməsi barədə dünya ictimaiyyətinə ünvanladığı müraciətləri ilə həmrəy olduğunu diqqətə çatdırıb. Fələstin dövlətinin tanınması ilə bağlı məsələyə diqqət çəkən partiya rəsmiləri BMT-ni Fələstinlə bağlı öz qərarlarına hörmətlə yanaşmağa və Fələstin dövlətinin tanınması isytiqamətində zəruri addımlar atmağa cağırıb. Partiya yetkililəri həmçinin Türkiyənin islam dünyasının problemlərinə həssas yanaşması və Yaxın Şərq hadisələrində fəal mövqe tutması faktına bəzi dairələr tərəfindən Osmanlı imperiyasının bərpası kimi qiymət verilməsini əsassız və məkrli olduğunu diqqətə çatdırıb. Rusiyadakı siyasi situasiyalara münasibət bildirən İH üzvləri prezident D.Medvedyevin qarşıdan gələn seçkilərdə öz namizədliyini deyil baş nazir V.Putinin namizədliyini müdafiə edəcəyini bəyan etməsindən narahat olduğunu bildirib və bu faktın Rusiyada demokratiyanın əngəlləşdirən amilə çevrilə biləcəyini diqqətə çatdırıb. Əsrin neft kontraktlarının bağlanmasının 20 illiyinin tamam olması münasibəti ilə keçirilən tədbirlərə münasibət bildirən İdarə Heyəti üzvləri bu kontraktların bağlanmasından Avropa ilə iqtisadi əlaqələrin qurulmasında nailiyyətlər əldə edilməsinə baxmayaraq demokratiya, insan haqları və xüsusi ilə də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dair verilən vədlərin yerinə yetirilməməsini diqqətə çatdırıb və ölkədə işsizlik, ekoloji problemlərin, korrupsiya və rüşvətxorluğun dərin kök salmasından narahat olduğunu bildirib. Partiya yetkililəri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni müstəviyə daxil olması şəraitində Dağlıq Qarabağ məsələsinin əsas şərt kimi irəli sürülməsinin vacibliyini hakimiyyətin diqqətinə çatdırıb. Siyasi partiyalar haqqında qanun layihəsinin təzədən müzakirə obyektinə çevrilməsinə münasibət bildirən İdarə Heyəti üzvləri bu məsələdə siyasi konyunkturaya yol veriləcəyi təqdirdə ölkədə siyasi münasibətlərin pozulması ilə nəticələnə biləcəyindən narahat olduğunu bildirib və bu qanunun qəbul edilməsində təkcə partiyaların Milli Məclisdə təmsilçiliyi prinsipinin deyil, onların cəmiyyətdə tutduğu mövqe və siyasi çəkisinin əsas götürülməsinin vacibliyi diqqətə çatdırılıb. İdarə Heyəti üzvləri Londonda keçiriləcək boks yarışlarında iki qızıl medalın müqabilində 10 milyon rüşvət verilməsi barədə yayılan məlumatlardan ölkəmizin imicinə dəyə biləcək zərbədən narahat olduğunu bildirib və hüquq mühafizə orqanlarından bu faktın araşdırılmasını tələb edib. Bakının ayrı-ayrı rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi və yerində iaşə obyektlərinin tikilməsi faktından ciddi narahat olduqlarını bildirən İH üzvləri hakimiyyətdən yaşıllıqların genosidinə yönəlmiş bu cinayət əməllərini törədənlərə qarşı təcili tədbir görməyə və günahkarların cəzalandırılılması istiqamətində qanuni addımlar atmağa çağırıb. İdarə Heyəti son vaxtlar hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalan demokratik fikirli vəkillərlə bağlı məsələni də bir daha müzakirə edib və bu məsələ ilə bağlı bəyanat qəbul edib. Bəyanat əlavə edilir. AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI Azərbaycan hakimiyyətinin ölkədə zaman-zaman demokratik fikirli vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılması, onların təqib və təzyiqlərə məruz qalması son vaxtlar adət halını almışdır. Son bir ay ərzində vəkil Elçin Namazov və Xalid Bağırov təzyiqlərə məruz qalmış, hakimiyyət orqanlarının sifarişi ilə saxta və qondarma ittihamla Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Açıq-aydın görünür ki, Elçin Namazov və Xalid Bağırovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinin səbəbi bu vəkillərin demokratik fikirli olması, həbsdə olan müxalif fikirli insanların, o cümlədən İctimai Palatanın 02 aprel aksiyasına görə qeyri-qanuni olaraq həbsdə olanların hüquqlarını müdafiə etmələridir. ADP vəkillərə qarşı aparılan çirkin kampaniyanı qətiyyətlə pisləyir və hesab edir ki, bu kampaniyanın arxasında ölkənin siyasi hakimiyyəti durur. ADP hesab edir ki, demokratik düşüncəli vəkillərin Vəkillər Kollegiyasının üzvlüyündən qeyri-qanuni olaraq uzaqlaşdırılması ölkə vətəndaşlarının effektiv hüquqi yardım almaq imkanını ortadan qaldırır. ADP hakimiyyəti demokratik fikirli vəkillərə, o cümlədən Elçin Namazov və Xalid Bağırova qarşı aparılan kampaniyanı durdurmağa, onların pozulmuş hüquqlarının bərpası istiqamətində addımlar atmağa çağırır. ADP vəkillərə qarşı aparılan kampaniyanın qarşısını almaq üçün cəmiyyətin bütün mütərəqqi qüvvələrinin birləşməsinin zəruri olduğunu, eyni zamanda ölkədə alternativ vəkillik institutunun yaradılmasının vacibliyini bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA