"Müdafiə Nazirliyi klanlazıb və mafiya kimi formalazıb"

img

19-09-2011 [08:05]


Cümşüd Nuriyev: "Bu qurumda İranın dəstəklədiyi talış qrupu, ən çox da Rusiyanın dəstəklədiyi ləzgi və tat qrupudur. Hər ikisi Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükədir" Ölkə başçısının bilik gününə bir gün qalmış təhsil nazirinin üç müavinini vəzifədən kənarlaşdırması hələ də müzakirə olunur. Bəziləri belə sərt qərarların davam edəcəyini düşünürlər. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən kənd təsərrüfatı nazirinin keçmiş müavini, siyasət elmləri doktoru Cümşüd Nuriyev isə hakimiyyətin bütün təbəqələrində islahatların vacib olduğunu deyir: - Azərbaycanda ilk dəfədir ki, bir nazirin üç müavini eyni gündə işdən azad olunur. Bunun arxasında təbii ki, müəyyən sirli məqamlar var. Yaxın zamanlarda bu məqamlar bəlli olacaq. Biri var hökuməti buraxıb komanda yığasan, biri də var, birdən-birə belə bir addım atasan. Özü də dərslərin başlamasına bir gün qalmış üç nazir müavininin vəzifədən kənarlaşdırılması düşünməyə əsas verir. Sözsüz ki, bunlar boş yerə vəzifədən kənarlaşdırılmayıblar. Təhsil sistemindən kifayət qədər narazılıqlar var, müavinlərin fəaliyyəti isə yarıtmaz olduğuna görə nazir də danlanır. Etiraf edək ki, təhsil sahəsində çox ciddi problemlər mövcuddur. Orta və ali təhsildə ciddi narahatlıq yaradan problemlər göz önündədir. Mənə elə gəlir ki, nazirin üç müavininin "vurulması" da bununla bağlıdır. Təhsil sahəsindəki problemlər dövlət başçısını narahat etməyə bilməz. Bu mənada Təhsil Nazirliyindəki kadr dəyişiklikləri mövcud olan problemlərlə əlaqəlidir. - O fikirlər də səslənir ki, Təhsil Nazirliyində hər şey nazirin əlində cəmləşib və bütün proseslərə Misir Mərdanovun özü nəzarət edir... - Bu, bir qədər səhv fikirdir. Nazirlikdə hər şeyin Misir Mərdanovun əlində cəmlənməsi yalandır. Bir adam hətta fizki cəhətdən belə, nazirliyin bütün sahələrinə nəzarət edə bilməz. Mən də bir il neçə nazir müavini işləmişəm, hətta nazir müavininin özü belə, o sahəyə hərtərəfli nəzarət etmək üçün fiziki imkanlara malik deyil. Nazirin müavinləri, köməkçiləri var, onların informasiyanı necə çatdırmalarından çox şey asılıdır. Əgər onlar nazirə lazım olmayan sənədə qol çəkdirirlərsə, bu, nazirin təqsiri deyil. Ona görə də bütün təqsiri Misir Mərdanovun üstünə yıxmaq haqsızlıqdır. Misir Mərdanov təhsilin zəncirvari sistemində aparıcı həlqədir, amma hərə şeyə cavabdeh deyil. Lokomativin yaxşı işləməsi üçün arxasındakı bütün vaqonlar eyni xətt üzrə olmalıdır. Amma Misir Mərdanovun özü lokomativ olsa da, vaqonları eyni xətt üzrə düzülmək istəmirlər. Hətta nazir nə qədər güclü olsa da, müavinlərinin əli əyridirsə, onlar naziri də çətin vəziyyətə salacaqlar. - Sizcə, M.Mərdanovdan başqa hansı nazirlərin müavinləri əli əyridir, yaxud hansı nazirliklərdə bu tipli kadr dəyişiklikləri gözlənilir? - Kadr dəyişiklikləri mütləq digər nazirliklərə də keçməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf Nazirliyi - bunlar çox pis gündədirlər. Təcili olaraq, bu nazirliklərdə islahatlar aparılmalıdır... - Bir müddət öncə Nazirlər Kabinetindən də xeyli sayda məmurun vəzifədən uzaqlaşdırıldığı bildirildi... - Orda əsasən yaşla bağlı uzaqlaşdırılanlardır. Ona qalsa, baş nazir və onun bütün müavinləri 65 yaşın üstündədir, bütün heyətlə getməlidirlər. Amma getmirlər. Daha deməkdən yorulmuşuq. Dünyanın heç bir yerində eyni adam beş ildən artıq nazir işləmir. Ancaq bizdə beşillik nazir yoxdur, hamısı 10-15 illin nazirləridir. Bu prinsiplə isə heç bir uğur əldə etmək olmaz. Bir adamın eyni postda uzun müddət qalması həm korrupsiya şəbəkəsinin dərinləşməsinə yol açır, həm də islahatların aparılmasına maneçilik törədir. - Bir vaxtlar hökumətin iqtisadi blokunu sərt tənqid edirdiniz, son dövrlər ərzində hər hansı bir irəliləyiş varmı? - Heç bir irəliləyiş yoxdur. Çox təəssüf ki, Azərbaycan mətbuatının qaldırdığı məsələlər yüksək səviyyəyə çatdırılmır. Əslində çatdırılmalıdır. Əməliyyat-axtarış haqqında qanun qəbul olunub. Buna görə hər hansı nazir, nazir müavini haqqında ittiham irəli sürülürsə, onu mütləq nəzərə almalıdırlar. Hətta ona uyğun cinayət işi də qaldırıla bilər. Çox təəssüf ki, bizdə qanunların işləməsinə nəzarət mexenizmini həyata keçirən prokurorluq orqanları yumşaq desək, zəif fəaliyyət göstərirlər. Azərbaycanda, ümumiyyətlə, bazarın tənzimlənə bilməməsinin problemi ölkədə iqtisadi blokun olmaması ilə bağlıdır. Bütün günahları yığıb Dövlət Gömrük Komitəsi ilə, Vergilər Nazirliyinin üstünə atırlar, qalanları isə kənarda qalır. Amma dövlətin Tarif Şurası var və dövlətin iqtisadi siyasətini formalaşdıran İqtisadi İnkişaf Nazirliyidir. Beş nazirliyi bu qurumda birləşdirdilər ki, bəlkə nəticə oldu. İqtisadi İnkişaf Nazirliyi isə heç bir işlə məşğul olmur. Tarif Şurasının sədri də iqtisadi inkişaf naziridir. Bu günə qədər Azərbaycan xalqı nə vaxt görüb ki, Tarif Şurası yığışıb ölkənin daxili bazarını tənzimləmək üçün hansısa məsələni müzakirə eləsin? Gömrük Komitəsinin ixtiyarı yoxdur ki, rüsumları dəyişsin, amma əslində daxili bazarı tənzimləmək üçün tez-tez rüsumları dəyişmək lazımdır. Vergi sistemində hər hansı çatışmazlıq varsa, bu, artıq Milli Məclisin səlahiyyətindədir. Vergilər Nazirliyi vergi dərəcəsi müəyyənləşdirmir. Yəni, bizdə iqtisadi blokun yerdə sürünməsinin ən böyük səbəbkarı İqtisadi İnkişaf Nazirliyidir. Daxili bazara keyfiyyətsiz məhsulların çıxması isə Gömrük Komitəsinin yox, Standartlaşdırma və Metrologiya Komitəsinin təqsiridir. Çünki bu qurum birbaşa bu məsələlərə məsuliyyət daşıyır. Bu komitə isə ekspertiza aparmaq, daxili bazara müdaxilə eləmək əvəzinə, rüşvətxorluqla məşğul olur. - Son dövrlər səbəbi izah olunmadan ətin qiymətini qaldırırlar. Bəziləri bu məsələdə Gömrük Komitəsini, bəziləri isə Kənd Təsərrüfatı Nazirliyini ittiham edir. Siz bu barədə nə deyə bilərsiniz? - Burda Gömrük Komitəsinin heç bir təqsiri yoxdur. Çünki Azərbaycanın kənd təsərrüfatı naziri elan edib ki, ölkənin ətə ehtiyacı yoxdur. Hər dəfə də nazir qalır bir tərəfdə, Çingiz Fərəcovu önə verirlər. O da proseslərə iqtisadçı kimi yanaşa bilmir. Azərbaycanda adam başına düşən illik ət istehsalı norması aşağıdır. Bizdə bu rəqəm 170-180 kq arasında dəyişməlidir. Amma ölkədə bu qədər məhsul istehsal olunmur. Diri mal-qara ayrıdır, kəsimə gedən ayrı. Çox təəssüf ki, bu gün Azərbaycanın heyvandarlıq sektoru deputatlarla generalların əlindədir. Bütün fermalara bu iki zümrənin nümayəndələri rəhbərlik edirlər. Onlar kəsimə gedəsi malları kəsimə vermək əvəzinə, özlərinin var-dövlətini artırmaqla məşğuldurlar. Bundan da dövlətə təzyiq forması kimi istifadə etməyə çalışırlar. Bu sahədə müstəsna rolu generallar oynayır. Bu, danılmaz faktdır. Maraqlansınlar, görək hansı rayonda nə qədər ferma var və onlar kimə məxsusdur? Əgər dövlətin aqrar siyasətini general və millət vəkili olan "biznesmen"lər yönəldəcəklərsə, sözsüz ki, belə bir acınacaqlı vəziyyət yaranacaq. - Ancaq hələ də iqtisadi blokda ciddi kadr islahatı aparılmayıb... - (Sözümüzü kəsrək) Azərbaycan tezliklə kadr dəyişikliklərinə getməsə, çox ciddi problemlər olacaq. Əgər ölkənin pul-kredit siyasətində manitar siyasət yürüdülürsə, mütləq o ölkənin aqrar sektoruna diqqət yetirmək lazımdır. Əgər inflyasiya birrəqəmlidirsə, dövlət onu qoruyub saxlamaq üçün məcburi qaydada daxili bazarda kənd təsərrüfatı məhsullarının dəyərinin iki dəfə qalxması baş verəcək. Əgər ölkədə ümumi inflyasiya 8 faizdirsə, kənd təsərrüfatı məhsullarında 16 faiz olacaq. Hazırda Azərbaycan beynəlxalq iqtisadi qanunların da üstünə çıxıb. Açığı, buna görə kənd təsərrüfatı nazirinə mütləq "Nobel" mükafatı düşür. Dünya iqtisadiyyatı bacara bilmədiyi, bu günə qədər ABŞ kimi superdövlətin arzuladığı, amma həyata keçirə bilmədiyi işləri bizim kənd təsərrüfatı naziri ilə iqtisadi inkişaf naziri birgə "həyata keçirirlər". Onsuz da "Nobel" mükafatını bir nəfərə vermirlər. Yaxşı olar ki, iqtisadi inkişaf və kənd təsərrüfatı nazirlərinin üstünə Artur Rəsizadəni də qoyub, üçünə "Nobel" mükafatı versinlər ki, Azərbaycan dövlətini bu cür yüksək sürətlə məhvə aparırlar. Bilmirəm necə deyim ki, tənqidlərimizin səmərəsi olsun... - Cümşüd müəllim, ilin əvvəlində ölkədə korrupsiyaya qarşı mübarizə başlayanda demişdiniz ki, mübarizə getdikcə dərinləşəcək, amma dediklərinizin əksi baş verdi. Hazırda isə bu prosesi Respublika Prokurorluğu nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır, bəlkə problem bu idarənin özündədir? - Əvvəl prosesə çox yaxşı başladılar. Zakir Qaralov da o zaman yaxşı demişdi ki, birinci bizdən başlamaq lazımdı. Amma bu idarənin avtoriteti artmağa başlayan kimi, ora kütləvi axın başladı. Dövlət məmurlarının, millət vəkillərinin gülməşəkər balaları bu idarəyə gəldilər. Prokurorluq orqanlarında əlindən bir iş gəlməyənlər bu idarəyə doluşdu. İstər-istəməz təcrübəsiz, eyni zamanda harınlamış övladların olduğu bir təşkilat məhvə məhkum olmalı idi. Bu orqanın son zamanlar fəaliyyətsiz qalması kadr axsaqlığı ilə bağlıdır. Əgər bu şəkildə davam eləsə, təzədən bir təşkilat da yaratmalıyıq ki, korrupsiyaya qarşı mübarizə idarəsinin özünü korrupsiyadan qurtarsın. - Cümşüd müəllim, iqtisadi blokun fəaliyyətindən danışdınız. Hüquq-mühafizə orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz? - Daxili İşlər Nazirliyinin səlahiyyətində müəyyən məhdudlaşdırmalar aparılır. Qanunvericiliklə iqtisadi məsələlərin hamısı DİN-nin səlahiyyətindən çıxarılıb. Ölkə daxilində baş verən cinayətlər artıbsa, sabitlik pozulubsa, onda DİN-ə nəyisə irad tutmaq olar. Ancaq bu dəqiqə belə bir şey olmadığına görə, onlara irad tutmuq haqsızlıqdır. Nazirə gəlincə, dünyanın əksər ölkələrində daxili işlər nazirinə toxunmurlar. Türkiyənin özündə baş nazir dəyişsə belə, dövlət nazirlərini dəyişmirlər. Bu mənada DİN-də hansısa ciddi dəyişikliyə ehtiyac görmürəm. - Bəs prokurorluqda necə? - Prokurorluqda çox ciddi dəyişiklik getməlidir. Bir baş prokuroru, bir də onun birinci müavinini hamı tanıyır. Prokurorlar Zakir Qaralovun üçüncü seçkisində daha yaxşı işləyirdilər. İndi isə ya yanındakılar ona qısqanclıqla yanaşırlar, ya da Zakir Qaralova qarşı təxribat görürəm. Son on ili götürsək, prokurorluq orqanlarının ən ölü fəaliyyət dönəmi son dövrlərdir. Bu mənada prokurorluq orqanlarında kadr islahatları aparmaq olar. İri şəhərlərin prokurorlarına baxmaq, fəaliyyətlərini bir qədər canlandırmaq lazımdır. Bu gün bir dəfə də olsun, görməmişik ki, prokurorluq hansısa nazirliyin yoxlanması məsələsini gündəmə gətirsin. Bu dəqiqə ən çox korrupsiyaya uğramış nazirlik Kənd Təsərrüfatı Nazirliyidir. Həm taxıl əkini ilə bağlı verilən subsidiyaları, həm pambığa verilən subsidiyanı yeyirlər, həm də lizinqlərlə bağlı çox ciddi problemlər var. Eləcə də ölkəyə saxta gübrələr, dərmanlar gətirirlər, Baytarlıq Xidməti yaman gündədir. Bütün bunların fonunda bir dəfə də olsun, orda yoxlama aparılmır. Təhsil Nazirliyində həbslər başlayıb, amma səhiyyə sistemində hələ heç kimi həbs etməyiblər. Dövlətin səhiyyə müəssisələrində vəziyyət acınacaqlıdır. Ölkədə saxta dərman baş alıb gedir. Ölkəyə saxta dərman gətirənlərin bir-ikisini həbs eləsələr, bu iş genişlənməz. Aidiyyatı orqanlar isə ancaq şəxsi bizneslərini çiçəkləndirməklə məşğuldurlar. Azərbaycandan başqa dünyanın heç bir yerində dövlət məmurlarının bu qədər biznesi yoxdur. Azərbaycan birmənalı şəkildə Milli Məclisin inhisarındadır. Deputatlar dövlət məmurları ilə birgə Azərbaycanın daxili bazarını inhisara götürüblər. Mənə elə gəlir ki, prezident bu barədə ölçü götürəcək. - Son dövrlər Müdafiə Nazirliyi sistemində də ciddi narazılıqlar var. Artıq bu sistemin tərkib hissəsi olan zabitlər də narazılıqlarını açıq şəkildə bildirirlər... - Artıq Müdafiə Nazirliyi klanlaşıb və mafiya kimi formalaşıb. Ordunun daxilində azəri türkləri nə qədər üsyan qaldırsa da, onları eşitmirlər. Müdafiə Nazirliyi elə bir vəziyyətdədir ki, istənilən vaxt sosial partlayış baş verə bilər. Orda etniklərlə milli çoxluq arasında ciddi problem var. Ölkə əhalisinin cəmi 19 faizi etnik ola-ola Müdafiə Nazirliyində rəhbərlik 70 faiz etniklərin əlindədir. Onlar da Azərbaycan vətəndaşlarıdır, heç kəs onların əleyhinə deyil, amma bunlar birmənalı şəkildə mənsub olduqları milli qruplara üstünlük verirlər. Bununla da dövlətin yürütdüyü siyasətə kölgə salırlar, həm də ölkədə separatçılığı gücləndirməyə cəhd edirlər. Burda Rusiya da, İran da maraqlıdır. Baxın, Müdafiə Nazirliyində İranın dəstəklədiyi talış qrupudur, ən çox da Rusiyanın dəstəklədiyi ləzgi, tat qrupudur. Hər ikisi Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükədir. Onların generalını demirəm, adicə mayorunun övladı cəbhə xəttində xidmət eləmir. Son zamanlar orduda ölüm halları artır, qayıdan əsgərlərin hamısı xəstə düşür. Kasıbın balasını aparır quru torpaq üstündə yatızdırırlar, yemək vermirlər. Bizim yaxınlarımız əsgərlikdədir, gedirsən, yeməyə baxırsan, adamın yazığı gəlir, yemək əvəzinə, su verirlər. Amma baxırsan ki, generalların hamısının boynu yoğunlayıb. Müdafiə Nazirliyinin tenderlərini də bir qrup deputat keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA