ADP idarə Heyəti toplandı

img

19-09-2011 [04:52]


Bu gün ADP İdarə Heyəti növbəti toplantısını keçirib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk olaraq Türkiyənin Baş Naziri Ərdoğanın ərəb ölkələri - Misir, Tunis və Liviyaya etdiyi səfərlər və bu səfərlər zamanı diktatura və avtoritar tipli rejimlərə qarşı yönələn mesajlarını dəstəklədiyini bildirib və bu mövqeyi Türkiyənin daxilində aparılan demokratik islahatların xarici siyasətdə davamı kimi dəyərləndirib. İdarə Heyəti hesab edir ki, Türkiyənin bölgədə demokratik bir güc kimi çıxış etməsi bütünlükdə həm Türkiyənin həm də bölgə dövlətlərinin maraqlarına tam cavab verir. İdarə Heyəti ötən həftə ?Hizbullah?ın baş katibinin müavininin Azərbaycan hakimiyyətini xalqı sıxışdırmaqda ittiham etməsi məsələsinə də münasibət bildirib. Toplantı iştirakçıları Azərbaycanda vicdan azadlığının ardıcıl olaraq pozulmasını bir daha pisləyib və qeyd edilib ki, bu hadisə Azərbaycan cəmiyyətini daim radikal islamçıların diqqət mərkəzinə gətirir. İdarə Heyəti hakimiyyəti bir daha vicdan azadlığı sahəsindəki siyasətinə yenidən baxmağa çağırıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Türkiyənin İslam modelini qəbul etməli, dövlətin təhlükəsizliyi istisna olmaqla dövlətin dinə hər hansı müdaxiləsinə yol verilməməlidir. İdarə Heyəti ötən həftə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qərarvermə qaydasının indiki yekdillik prinsipindən səsverməyə keçirilməsinə dair Rusiya tərəfinin təkliflərini müzakirə etmiş, veto hüququnun məhdudlaşdırılmasını bu quruma üzv dövlətlərin, o cümlədən Azərbaycanın suverenliyinin və Konstitusiyasının pozulması kimi dəyərləndirib. İdarə Heyəti hesab edir ki, bu təkliflər qəbul olunacağı təqdirdə Azərbaycan MDB-ni dərhal tərk etməli və ya bu qurumda müşahidəçi statusunda iştirak etməlidir. Toplantı iştirakçıları son vaxtlar Dağlıq Qarabağla bağlı təhlükəli beynəlxalq səylərin meydana çıxmasını, o cümlədən ötən həftə Ermənistan KİV-ləri Latın Amerikası ölkəsi Uruqvayın Dağlıq Qarabağın ?müstəqilliyini? tanımağa hazır olduğu barədə xəbərlər yaymasını və bu günədək Azərbaycan XİN-in Uruqvay hökumətinə nota verməməsini pisləyib və bu hadisəni ölkənin xarici diplomatiyasının acizliyinin və işinin düzgün qurmamasının təzahürü kimi dəyərləndirib, eyni zaman da Azərbaycan hökumətini bu məsələyə kəskin reaksiya verməyə çağırıb. İdarə Heyəti Azərbaycan Vəkillər Kollegiyasından demokratik fikirli vəkillərin qeyri-qanuni olaraq çıxarılması məsələsinə də münasibət bildirib. İdarə Heyəti hesab edir ki, ölkədə zaman-zaman Azərbaycan Vəkillər Kollegiyasından demokratik fikirli vəkillərin çıxarılması bu gün artıq kütləvi xarakter almışdır ki, bu hadisə ölkədə insanların effektli hüquqi yardım almaq imkanını ortadan qaldırıb. İdarə Heyəti bu prosesin qarşısını almaq üçün cəmiyyətin bütün mütərəqqi qüvvələrinin birləşməsinin zəruri olduğunu, eyni zamanda ölkədə alternativ vəkillik institutunun yaradılmasının vacibliyini qeyd edib. İdarə Heyəti Naxçıvanda son vaxtlar insan hüquq və azadlıqlarının total şəkildə pozulmasını, aşkarlığın təmin edilməməsinı, ölkə qanunlarının bu bölgədə işlək olmamasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi dəyərləndirib və hakimiyyəti Naxçıvanda baş verən özbaşınalıqların aradan qaldırılması istiqamətində təcili tədbirlər görməyə çağırıb. İdarə Heyəti son vaxtlar Rusiyanın ?MİR? və ?REN? TV kanallarının Azərbaycan və Türkiyə əleyhinə kampaniya apardığını pisləyib və ölkənin Rabitə və İnformasiya Nazirliyini bu kanalların rəhbərliyi ilə müvafiq iş aparmağa, əks halda bu kanalların ölkə ərazisində yayımının qarşısının alınması istiqamətində tədbirlər görməyə çağırıb. İdarə Heyəti Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfəri məsələsinə də toxunub. Toplantı iştirakçıları hesab edir ki, Azərbaycan hakimiyyəti daim ermənipərəst mövqedən çıxış edən Fransa rəhbərliyinə Qarabağ həqiqətlərinin çatdırılması baxımından bu səfərdən səmərəli istifadə etməlidir. Ölkənin sosial problemləri məsələlərinin müzakirəsi zamanı toplantı iştirakçıları ölkədə evsiz gənclərin sayının həddən artıq çox olmasına, evlənmələrin sayının həddən artıq az olmasına və mənzil almaq imkanı olmadığından gənc ailələrin dağılmasına baxmayaraq ölkədə dünyada analoqu olmayan yuxarı həddə ipoteka şərtlərinin mövcudluğunu hakimiyyətin sərt gənclər siyasətinin aparması kimi qəbuledilməz hesab edib. İdarə Heyəti gənclərin evsizlik problemini həll etmək məqsədilə hakimiyyəti ölkədə mövcud sosial-iqtisadi vəziyyətə uyğun olaraq aşağı faizli və sadələşdirilmiş ipoteka kreditlərinin verilməsi istiqamətində addımlar atmağa çağırıb. İdarə Heyəti sonda partiya həyatı ilə bağlı bir sıra cari məsələləri müzakirə etmiş və müvafiq qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA