11-09-2011 [06:34]
[b]Qurban Məmmədov: "Azərbaycan ərazilərə, sahələrə bölünüb, nefti birinə, qazı birinə, Qəbələni birinə, Bakını da digərinə veriblər, ölkəni hərə bir tərəfdə talan edir" [/b]
Dünyada qalmaqala səbəb olmuş "Vikileaks" saytı yenidən gizli sənədlər açıqlamağa başlayıb. Sənədlərdə Azərbaycanın bəzi məmurları ilə bağlı da məlumatlar yer alıb. Amma hakimiyyət nümayəndələri sözügedən saytın yaydığı məlumatların heç bir əsasının olmadığını iddia edirlər. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən tanınmış hüquqşünas Qurban Məmmədov isə "Vikileaks"in yaydığı məlumatların ölkədə gizli qalan mövcud vəziyyəti əks etdirdiyini deyir:
- "Vikileaks" saytının Azərbaycan hakimiyyəti ilə bağlı yaydığı məlumatlar önəmlidir. Hesab edirəm ki, bu saytda əks olunan məlumatlar bu hakimiyyətin mahiyyətini sübut etmək üçün vacib mənbələrdən biridir. Nəzərə almaq lazımdır ki, "Vikileaks"in təqdim etdiyi materiallar çox ciddi qaynaqlardan götürülüb.
- Bir müddət öncə ümumi məlumatlar verilirdi, amma artıq məmurlarla bağlı da məlumatlar açıqlanır...
- Bunlar diplomatik kanallarla əldə olunan məlumatlardır. Mədəni dövlətlərdə belə məlumatlar yayılan kimi, əgər o normal hüquqi dövlətdirsə, dərhal araşdırmalar aparılır və lazımi tədbirlər görülür. Amma bilirsiniz ki, Azərbaycan hakimiyyəti cinayətkarlıq içərisində boğulan bir rejimdir, onlardan belə bir şey gözlməyə dəyəməz. Həmin məlumatlar sadəcə olaraq, Azərbaycan xalqının ayılması üçündür. Çünki bizim xalqın çox böyük hissəsi hələ də inanmır ki, bu hakimiyyət Azərbaycan xalqının rəqibidir.
- "Vikileaks"in məlumatında jurnalist Elmar Hüseynovun qətli ilə bağlı da maraqlı məqamlar var. Məlumata görə, Milli təhlükəsizlik naziri Eldar Mahmudov xarici diplomatlara deyirmiş ki, Elmar Hüseynov Fərhad Əliyevdən 2,5 milyon dollar almaq istədiyinə görə öldürülüb. O vaxt Hacı Məmmədov da məhkəmədə sifarişin Fərhad Əliyev tərəfindən verildiyini bildirmişdi. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar dezinformasiyadır və hamısı rejimin xislətinə uyğun davranışdan irəli gəlir. Təbii ki, mərhum Elmar Hüseynovun kim tərəfindən öldürüldüyü hamıya məlumdur. Ən azı nəyə görə öldürüldüyü bəllidir. O adam sırf peşə fəaliyyətinə, jurnalistliyinə görə öldürülüb. Azərbaycanda pul istədiyinə görə adam öldürmürlər. Bu hakimiyyətin nümayəndəsindən də heç kəs pul istəyə bilməz, çünki bu hakimiyyətdəkilərin özləri ondan-bundan pul alır. Elmar Hüseynov kim idi ki, hansısa nazirdən pul istəyə, ona görə də onu öldürələr?! Hamıya məlumdur ki, bu qətl hansı motiv əsasında baş verib. Bu məlumat xarici diplomata diqqəti əsl həqiqətdən yayındırmaq məqsədiylə verilib.
- Sözügedən saytda nazir Kəmaləddin Heydərov haqqında da məlumat verilib, onun prezidentlik iddiasında olduğu bildirilir...
- Məncə, Kəmaləddin Heydərovun prezidentliyi dönəmində ölkədə indikindən daha yaxşı vəziyyət olar. Əgər mənim qarşımda Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, Lalə Şövkət, Mirmahmud Miərəlioğlu və bu kimi namizədlər olmasaydı, yalnız İlham Əliyev və Kəmaləddin Heydərovun namizədliyi olsaydı, mən Kəmaləddin Heydərovu seçərdim.
- Axı, K.Heydərovu oliqarx-məmurlar sırasına aid edirdidiniz, onun korrupsiya və rüşvətxorluğun başında dayanan şəxslərdən biri olduğunu deyirdiniz?
- Azərbaycanda rüşvətin, korrupsiyanın başında duran Kəmaləddin Heydərov deyil, heç digər nazirlər də deyil. Ölkədə rüşvət və korrupsiyanın başında dayanan Azərbaycan hakimiyyətinin siyasi iradəsidir. Burda rəsmi vəzifələrin şərti xarakter daşıdığı hamıya bəllidir. Azərbaycan ərazilərə, sahələrə bölünüb. Nefti birinə, qazı birinə, Qəbələni birinə, Bakını da digərinə veriblər. Ölkəni hərə bir tərəfdə talan edir. Ona görə də hesab edirəm ki, Kəmaləddin Heydərovu Azərbaycanda rüşvət və korrupsiyanın başında duran adam kimi qələmə vermək yanlışlıqdır.
- "Vikileaks" bir neçə ay əvvəl də Azərbaycanla bağlı dosyeləri üzə çıxardı, bir müddət ara verdikdən sonra yenidən daha detallı məlumatlarla çıxış etməyə başladı. Bəziləri Qərbin təzyiqləri ilə "Vikileaks"in məlumatlarının eyni vaxtda yayılmasını bir-biri ilə əlaqəli sayırlar.
- Mən burda heç bir bağlılıq görmürəm. "Vikileaks"in məlumatlarının səngiməsi ilə bağlı fikirlə də razı deyiləm. Bilirsiniz ki, "Vikileaks"in yaradıcısı bir ara həbs olundu, tərəfdarı təqib edildi. Həmin məlumatların əldə olunması, yerləşdirilməsi və yayılması çox böyük bir işdir. Bir ara dayanmışdılar, görünür, oların əlində olan materiallar müəyyən ardıcıllıqla yayılır və təsadüfən indiki vaxta düşüb. Beş ay bundan qabaq yayılsaydı, deyəcəydiniz ki, yəqin, ərəb inqilablarına görə yayırlar. Bir il bundan sonra yayılsaydı, deyəcəkdiniz ki, Azərbaycan müxalifəti birləşib, xalq ayağa qalxıb ona görə yayırlar. Yəni bunlar təsadüfi şeylərdir. "Vikileaks" öz işini təbii axarı ilə həyata keçirir.
- Qurban bəy, ilin əvvəlində hakimiyyət antikorrupsiya tədbirlərinə başlayıb, islahatlar aparacağını bəyan elədi. Ancaq az keçməmiş əvvəlki vəziyyətə qayıdıldı. Sizcə, hansı qüvvə bu mübarizəni dayandırdı?
- (Gülür) Bu hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi korrupsiyaya qarşı mübarizənin parodiyası idi. Şəxsən mən Reyestr Xidmətində, Dövlət Yol Polisində, vergi orqanlarında olan korrupsiya ilə bağlı məlumat verdim, şəxsən prezidentin elektron poçtuna yazdım, heç bir cavab olmadı. Əksinə, Reyestr Xidmətində rüşvət iki dəfə artırılıb, hələ inkişaf etməkdədir. Sanki hakimiyyətlərinin sonlarıdır deyə, beşəlli qamarlayırlar. Ona görə də bunların hamısı boş şeylərdir. Cinayətkar cinayətkara qarşı mübarizə apara bilməz. Bu hakimiyyətdə cinayətkar qruplar birləşib. Bunlar korrupsiya ilə yaşayan cinayətkar qruplardır, özləri özlərinə qarşı mübarizə aparmazlar. Təsəvvür edin, Azərbaycan Ordusunda əsgəri tuturlar ki, korrupsiya ilə məşğuldur. Xırda məmuru həbs edirlər ki, korrupsiya ilə məşğul olur. Nə qədər ki, onun başında dayanan adam tutulmayıb, korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Əgər korrupsiyaya qarşı həqiqi mübarizə aparılsa, Azərbaycan nazirsiz, hakimsiz, prokurorsuz və məmursuz qalar.
- Deyirsiniz ki, nazirlər, hakimlər, komitə sədrləri korrupsiya ilə məşğuldur və hamısı həbs olunmalıdır. Amma hakimiyyətyönlü deputat Fəzail Ağamalı iddia edir ki, bizim nazirlər vəzifəyə biznes sektorundan gəliblər və onların kimdənsə rüşvət almağa ehtiyacları yoxdur. Bu fikirlərlə razılaşırsınız?
- Fəzail müəllim yaxşı bilir ki, rüşvəti kasıb almır. Rüşvəti vəzifədəki adamlar alır, vəzifədə olmayan adamın rüşvət almaq imkanı yoxdur. Rüşvət ehtiyac məsələsi deyil, əxlaq məsələsidir. Amma yaxşı kişi arvadına başqa kişilərin pulu ilə paltar almamalıdır. Namuslu qadın ehtiyac üzündən özünü satmamalıdır. Əgər belə olsaydı, bizim analarımız, nənələrimiz İkinci Dünya müharibəsindən sonra fahişə, dədələrimiz də oğru olardı. Oğurluq, fahişəlik, rüşvət əxlaq və mənəviyyat məsələsidir. Fəzail müəllim isə dediklərində səmimi deyil. Rüşvəti yalnız varlı, yalnız vəzifəli adam ala bilər, kasıb kimdi ki, rüşvət ala?! Ona görə də bu qədər aydın həqiqətləri təhrif eləmək olmaz.
- Antikorrupsiya tədbirləri çərçivəsində DİN sistemində, prokurorluqda, məhkəmə hüquq sistemində islahatlar aparıldı. Hansısa dəyişikliklər hiss edirsinizmi?
- Bir-iki adamın işdən çıxarılması korrupsiyaya qarşı mübarizə kimi qiymətləndirilə bilməz. Hüquqşünaslar korrupsiyanın nə olduğunu gözəl bilirlər. Yəni bir nazirlikdə rüşvət varsa, bu o deməkdir ki, həmin nazirin özü rüşvətxor nadürüstün biridir, oturub korrupsiyanın başında. Əgər bir qurumda rüşvət və korrupsiya baş alıb gedirsə, o qurumun rəhbəri ya həmin rüşvət və korrupsiyanın başında dayanır, ya da yerində deyil, səriştəsizdir, qabiliyyətsizdir, istefa verməlidir. Bunun başqa nəticəsi yoxdur.
Sizə bir fakt deyim. Şamaxıda Elmlər Akademiyasının Nəbatət bağının torpaqları zəbt olunub, məhkəmənin qərarı ola-ola qanunsuz tikintilər aparılır. Bu tikintini aparanlar rayonun keçmiş və indiki polis rəisləri, hakim, prokuror və icra hakimiyyətinin nümayədləridir...
- Son dövrlər məhkəmə qərarı olmadan Bakıda bəzi evlərin sökülməsi də ciddi narazılığa səbəb olub...
- (Sualı dinləmir) Dövlət Reyestr Xidmətində təkcə Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvədə olan yüzlərlə qətnaməsi icra olunmur. Yəni, rüşvət alınmayınca bu idarədə iş görülmür. Reyestr Xidmətində vəkillərin vətəndaşlara kömək etməsinə rəsmi qaydada qadağa qoyulub, nümayəndələrə işləməyə imkan vermirlər. Bu idərənin rəhbərliyi vətəndaşları şəxsən kabinetlərində qəbul edib, onlarla "alver" edirlər. Əgər gedib Reyestr Xidmətində papkaları götürüb üstünə baxsanız, görəcəksiniz ki, üstünə n-20 yazılıb. Bu o deməkdir ki, ev sənədidir, 20 min manat rüşvət verməlidir. Bütün bunları açıq şəkildə edirlər. Əgər adamlar bu qədər sərbəst rüşvət ala bilirsə, deməli, Milli təhlükəsizlik naziri yerində deyil. Məncə, onların bundan xəbərsiz olmaları mümkünsüzdür. Əgər bilib göz yumursa, deməli, bütün bunlar bayaq qeyd etdiyim siyasi iradənin neticəsində baş verir. Həqiqətən korrupsiyaya son qoymaq istəyirlərsə, bir komissiya yaratsınlar, mənim də iştirakımla Dövlət Reyestr Xidmətini yoxlayaq, sübut edim ki, burada məhkəmə qətnamələrini gecikdirməkdə məqsəd rüşvət qoparmaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti "qış bulvarı" deyilən yerdə evləri sökür, onlardan bir nümayəndə də mənəm. Rəsmi qaydada məhkəməyə icra hakimiyyətinin sərəncamını göndəriblər ki, burda kvadratına 1500 manat verib vətəndaşları döyün çıxarın. Hansı mədəni millət belə bir addım atar? Mənim əmlakıma özündən qiymət qoymağa kimin haqqı var?
Şamaxı Rayon İcra Hakimiyyəti yolun kənarındakı evləri sökdürür, özündən 70-80 min manat qiymət qoyur, vətəndaşı qorxudaraq 20 min verib yola salır. Hakimiyyət sahibləri bunu bilirlərsə, deməli, təşkilatçı özləridir, yox bilmirlərsə, deməli, istefa verib getməlidirlər.
Azərbaycan xalqı işləyib dövlətimizin illik milli gəlirini artırmaq əvəzinə, milyonlarla iş saatını nazirliklərin qəbul otağında, məhkəmə zallarında, Reyestr Xidmətinin ərazi idarələrində itirirlər. Bu ölkə korrupsiya içərisində batır. Korrupsiya xərçəng kimi dövlətin iqtisadiyyatını, idarəçiliyini məhv edib. Nə qədər gec deyil, xalq ayağa qalxıb öz sözünü deməlidir.
- Xalqın aya qalxacağı, hakimiyyəti dəyişəcəyi yaxın perspektivdə gözlənilirmi?
- Bu hakimiyyət gedəsi deyil, 50 il də bundan sonra davam edəcək. Başa düşmürəm, nəyə görə getməlidir? Əgər xalq bu vəziyyəti görürsə, onunla barışırsa, öz haqqının müdafiəsindən imtina edirsə, cinayətkar qruplar nəyə görə milyardlardan imtina eləməlidir? Artıq vəziyyət o qədər acınacaqlıdır ki, 100 dollara görə insanı öldürürlər, qazanda qaynadıb ətini sümüyündən ayırırlar.
Artıq söhbət milyardlardan gedir. Azərbaycan dövlətinin büdcəsi milyardlarla talanır. Bir boru ilə neft axır, digər boru ilə pul gəlir. Azərbaycan xalqının özü ayağa qalxmayınca, bunlar gedəsi deyil.
- Qurban bəy, bütün bunların baş verdiyi bir məqamda Siz də müxalifəti birləşdirməyə çalışırsınız. Səkkiz partiyanın bir araya gəlməsi ilə bağlı məsələ nə yerdədir?
- Görüşlərimiz davam edir. Gələn həftə Ümid Partiyasının qərargahında növbəti görüş olacaq. Ondan sonra İsa Qəmbər və Əli Kərimli ilə görüşlər keçiriləcək. Ümid edirəm ki, Azərbaycan müxalifəti mütləq birləşəcək, başqa yolumuz yoxdur.
- Bəs, müxalifətin birləşməməsinə nə məne olur?
- Siz elə bilirsiniz ki, Azərbaycan müxalifətində korrupsiyada iştirak edənlər yoxdur? Birləşməməyin səbəbi müxalifətdə olan şəxslərdən bəzilərinin iqtidardakı korrupsionerlə eyni boşqabdan yemələridir.
- Kimlərdir onlar?
- İndi deyə bilmərəm, çünki hələ müəyyənləşdirməmişik. Axırda bilinəcək ki, birliyə mane olanlar kimlərdir.