ictimai Palatadan sərt bəyanatlar

img

27-08-2011 [05:53]


Avqustun 27-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) sessiyası keçirilib. Tədbirdə palatanən üzvləri iştirak edib. İclasa İP-in Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli sədrlik edib. İctimai Palatanın sessiyasında 2 aprel mitinqi ilə bağlı tutulanların mühakimə olunamsı, mülkiyyət hüquqlarının pozulması, Bayıl yamacındakı sürüşməyə hakimiyyətin münasibəti və bəzi vəkillərin hüquqlarının pozulması ilə əlaqədar bəyanatlar qəbul edilib. İctimai Palatanın 02 aprel dinc etiraz aksiyası ilə əlaqədar həbs olunanların məhkəmə işi ilə bağlı B Ə Y A N A T I İctimai Palatanın qərarı ilə 2 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb. Bu işlə əlaqədar aparılan istintaq prosesinin başa çatdığı elan olunub və 2 aprel məhbuslarının işi üç qrupa bölünməklə Səbail və Nəsimi rayon məhkəmələrinə göndərilib. İstintaq materialları və ittiham aktları ilə tanışlıq bir daha təsdiq edir ki, siyasi məhbuslar (bunlardan bir çoxu ?Amnesty İnternational? təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb) ? Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidliyə qarşı irəli sürülən ittihamın heç bir hüquqi əsası yoxdur. Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidli haqqında cinayət işinin digər ittiham olunanlardan ayrılması, onların aksiyanın təşkilatçısı kimi təqdim edilməsi və cinayət işinin istintaqının açıq saxlanılmasını, ilkin istintaq prosesində təqsirləndirilən şəxslər barəsində qeyri-qanuni olaraq həbs qətimkan tədbiri seçmiş hakimə təqsirləndirilən şəxslər və onların vəkillərinin etimadsızlığı barədə qaldırdığı vəsatətin Apellyasiya məhkəməsi tərəfindən təmin olunmamasını İctimai Palata mitinq iştirakçılarına qarşı uzunmüddətli təzyiq və onlar haqqında verilən əsassız ittihamların təsdiqi üçün hakimiyyətin real şərait yaratdığını bəyan edir. Məhkəmə iclasları zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri qaldırılan cinayət işlərinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta sahib olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq edir. Zərərçəkmiş kimi tanınan şəxslərin polis idarələrinə çağırılaraq, onların qarşısında təqsirləndirilən şəxslərdən şikayət etmək tələbi qoyulması faktları məhkəmə iclasları zamanı təsdiqlənir. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslər olduğuna heç bir şübhə qalmır. İttiham tərəfinin şahidlərinin əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu ortaya çıxır. 2 aprel məhbuslarının və vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işlərinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, Nəsimi rayon məhkəməsinin qarşısının bütün proses zamanı polislər tərəfindən nəzarətdə saxlanılması, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi bu işin siyasi sifariş olduğunu bir daha təsdiq edir. Cabbar Savalanlı və Şahin Həsənliyə azadlıqdan məhrumetmə haqqında hökm çıxarılması, Vidadi İsgəndərliyə qarşı absurd cinayət işinin qaldırılması və ona 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsi, mitinq iştirakçılarının məhkəmə prosesi zamanı dəmir barmaqlıqlar arasında və həbsdə saxlanılması, məhkəmə prosesi başa çatan bir qrup məhbusa dövlət ittihamçısı tərəfindən 3 ildən 4 il 6 ayadək həbs cəzası istənilməsi, hakimin Arif Alışlıya 3 il, Elnur İsrəfilova 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovun hər birinə 2 il, Babək Həsənov və Zülfüqar Eyvazovun hər birinə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verməsi hakimiyyətin öz haqlarının müdafiəsinə qalxmış, ölkədə demokratiyanın bərqərar olmasını istəyən insanları qorxuya salmaq üçün tətbiq etdiyi repressiyanın tərkib hissəsidir. İctimai Palata azadlıqsevər hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır. İctimai Palata qaldırılmış cinayət işlərinin məhkəmədə baxılması zamanı yol verilən qanun pozuntularını, dövlət ittihamçısının faktlara əsaslanmayan çıxışını və təqsirləndirilən şəxslərə adekvat olmayan cəzanın istəməsini, hakimin real faktlara yox, aldığı siyasi sifarişə görə çıxardığı qərarı ölkədə qanunların aliliyinə əməl olunmadığını, hüquq-mühafizə orqanlarının və məhkəmələrin sifarişlər əsasında qərarlar verdiyini, ölkənin imicinə sayğısızlıq kimi qiymətləndirir və iqtidardan ölkə qanunlarına və imzaladığı beynəlxalq Konvensiyaların tələblərinə əməl etməyi tələb edir. 2003-cü il 16 oktyabr hadisələrindən sonra qeyri-qanuni olaraq həbs edilmiş Müsavat Partiyası icra aparatının rəhbəri, istiqlalçı millət vəkili Arif Hacılı və digər şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin bugünlərdə qəbul olunan qərarı bir daha Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmələrinin qanunun aliliyinə əməl etməməsinin bariz nümunəsidir. Bu gün keçirilən məhkəmələrin çıxardığı və çıxarılması gözlənilən qeyri-qanuni qərarların aqibətinin də belə olacağına heç şübhə yoxdur. İctimai Palata Azərbaycan hakimiyyətindən başlanılan siyasi oyunlara son qoymağı, günahsız olduqları halda həbsdə saxlanılan mitinq iştirakçılarını ? vicdan məhbuslarını qeyri-şərtsiz, dərhal azad etməyi tələb edir. 27 avqust 2011?. İctimai Palatanın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı B Ə Y A N A T I İctimai Palata təəssüflə bildiririr ki, hakimiyyət son illər Konstitusiyada və dövlətin öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərdə təsbit edilən mülkiyyət hüququnun kütləvi və açıq-aşkar pozulması yolunu tutub. Müxtəlif yüksək vəzifəli hakimiyyət nümayəndələrinin iştirakı ilə paytaxt və regionlarda miqyasına görə presedentsiz xarakter alan mülkiyyətin yenidən bölüşdürülməsi prosesi həyata keçirilir. 2009-2011-ci illərdə Bakı şəhərinin Fizuli, Şəmsi Bədəlbəyli, Topçubaşov və Rəsul Rza küçələrində, Xutor, Bayıl, Bibiheybət, Biləcəri, Sulutəpə və s. ərazilərdə yaşayan vətəndaşlar onlara mülkiyyət hüququ əsasında aid olan yaşayış evlərindən zorla çıxarılıblar. İnsanların evlərindən çıxarılması məhkəmənin qərarı olmadan həyata keçirilib və total şəkildə insan hüquqları pozuntuları ilə müşayiət olunuub. Həmin evlərin elektrik enerjisi, suyu və qazı kəsilib, telefon, kanalizasiya xətləri sıradan çıxarılıb. Evlər məqsədyönlü şəkildə yaşamağa yararsız vəziyyətə salınıb, sakinləri qorxutmaq üçün qoçular göndərilib, kütləvi şəkildə mənəvi və psixoloji terror həyata keçirilib. Qanunsuz olaraq çoxsaylı polis qüvvələri sakinlərin evlərindən çıxarılmasına cəlb edilib. Halbuki bu hərəkətlər qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olduğu təqdirdə yalnız ədliyyə işçiləri tərəfindən həyata keçirilə bilər. Sakinlərin heç bir qanuni əsas olmadan, zorakılıqla polis bölmələrinə aparılması, evlərinin sökülməsi, onlara məxsus mülkiyyətin şəhərin müxtəlif yerlərinə daşınaraq qanunsuz saxlanılması hüquqi özbaşınalığın bariz nümunəsidir (Belə ki, Cinayət Məcəlləsi maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə - 10 ildən 15 ilədək; maddə 157.3. Mənzil toxunulmazlığını pozma - 3 ilə qədər; maddə 186.2. Əmlakı qəsdən məhv etmə və ya zədələmə - 3 ildən 7 ilə qədər; maddə 309.2. Vəzifə səlahiyyətlərini aşma - 3 ildən 7 ilə qədər; maddə 322.2. Özbaşınalıq - 2 ilə qədər həbs məsuliyyətini nəzərdə tutur). Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa rəhbərliyi ilə son 2 il ərzində paytaxtın mərkəzində 400-ə yaxın çoxmənzilli ev sökülüb, 20 mindən çox insan öz mülkündən məhrum olub. Qış Bulvarı adlı, əslində olmayan bir layihə bayraq edilərək XIX əsrin sonu XX əsrin əvvəlinin bir çox unikal tarixi memarlıq abidələri məhv edilib. H.Abutalıbovun sərəncamlarında direktiv yolla Qış Bulvarı ərazisində olan bütün evlərə vahid qiymət qoyulub ? bu isə açıq-aşkar hüquqi özbaşınalıq, Konstitusiyanın, Mülki Məcəllənin, Mənzil Məcəlləsinin və başqa qanunların bir çox müddəalarının pozuntusudur. Çoxsaylı yazılı müraciətlərə baxmayaraq hüquq mühafizə, xüsusən də prokurorluq orqanları vətəndaşların mülklərinin və memarlıq abidəsinin məhv edilməsi, polisin mülkiyyətçiləri qanunsuz saxlaması və onlara qeyri-insani rəftarı hallarına laqeyd yanaşıb. Bütün bunları nəzərə alaraq İctimai Palata Azərbaycan Konstitusiyasına görə toxunulmaz olan mülkiyyət hüququnın kütləvi pozulmasını və bir çox hallarda vətəndaşların zorakılıq, deportasiya, hədə-qorxu və təzyiqlərlə öz mülkiyyətindən məhrum edilməsi hallarını qətiyyətlə pisləyir, Konstitusiyada hakimiyyətin mənbəyinin xalq olduğunu xatırladır və bunu rəhbər tutaraq tələb edirik: - vətəndaşların konstitusion hüquqları qeyd-şərtsiz təmin edilsin və Konstitusiyanın 13-cü və 28-ci maddələrinin, Mülki və Mənzil Məcəllələrinin müddəalarının pozulmasına yönəlmiş bütün hərəkətlər dayandırılsın; - bütün zərəçəkmişlərin mülkiyyət hüquqları bərpa edilsin, onların dövlət orqanları tərəfindən dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olan qanuni tələbləri təmin edilsin; - mülkiyyətin və memarlıq abidələrinin məqsədli şəkildə dağıdılması, qanunsuz həbslər və saxlanılmalar, mənzil toxunulmazlığının pozulması, qeyri-insani rəftar faktları ilə əlaqədar cinayət işləri açılsın; - baş vermiş qanunsuzluqlarda günahkar olanlar və ilk növbədə özbaşınalığı ört-basdır edən hakimiyyət orqanları rəhbərləri məsuliyyətə cəlb edilsin; - qeyri-qanuni müsadirə və köçürülmələrdən zərərçəkmişlərə dəymiş ziyanının kompensasiyası üçün müəyyən olunmuş maliyyə vəsaitinin paylanmasında iştirak etmiş vəzifəli şəxslər tərəfindən dələduzluq, dövlət vəsaitinin talanması və korrupsiya halları ilə bağlı hərtərəfli istintaq aparılsın. 27 avqust 2011?. İctimai Palatanın Bayıl yamacında sürüşmə ilə bağlı B Ə Y A N A T I İctimai Palata Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı dərin narahatçılığını bildirərək, bunun ümummilli faciəyə səbəb ola biləcəyi barədə hakimiyyət nümayəndələrinə xəbərdarlıq edir. İctimai Palataya sürüşmə zonasındakı evlərdə yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olub. Bu şikayətlərdən görünür ki, başlanan sürüşmə insanların həyatı üçün ciddi təhlükə törədir. İctimaiyyətə xatırlatmaq istəyirik ki, bu ərazidə sürüşmə hələ sovet hakimiyyəti dövründə başlayıb və o zaman respublika rəhbərliyi sürüşmə ərazisində tikintinin qadağan edilməsi barədə elmi əsaslandırılmış qərar qəbul edib. Lakin Azərbaycanın mövcud iqtidarı alimlərin xəbərdarlığını tam qulaqardına vurur: sürüşmə zonasında çoxmərtəbəli konstruksiyanın tikilməsi öz dağıdıcı təsirini göstərməyə başlayıb. Hazırda Şəhidlər Xiyabanı, Milli Məclis, Nazirlər Kabineti və Prezident Aparatı, eləcə də buradakı yaşayış evləri sürüşmə təhlükəsi ilə üz-üzədir. Biz növbəti dəfə onun şahidi oluruq ki, insanların həyatı acgözlüyə qurban verilir. Görünür, hakimiyyət özünün tam cəzasız qalacağına əmin olduğu üçün təbiətə belə meydan oxuyur: təhlükənin açıq şəkildə bildikləri halda, bu ərazidəki tikintilərə cavabdeh olan məmurlara xəbərdarlıq edib tikintinin dayandırılması haqqında qərar vermək əvəzinə əhalinin narahatçılığı üçün guya əsas olmadığını deyir, rəhbərliyin vəziyyəti nəzarətdə saxladığını bildirirlər. Bütün bunlar Çernobıl faciəsi zamanı sovet rəhbərliyinin davranışını xatırladır. İctimai Palata gözlənilən təhlükə ilə bağlı vətəndaşların narahatçılığını ifadə edərək ölkə ictimaiyyətini yaranmış vəziyyətlə əlaqədar müzakirələrə çağırır. İctimai Palata baş verəcək faciəyə görə bütün məsuliyyətin ölkə rəhbərliyi üzərində olduğunu qeyd edərək, hakimiyyəti sürüşmə zonasında tikintinin təcili dayandırılması barədə qərar verməyə çağırır. İctimai Palata ölkənin müstəqil elmi ictimaiyyətinin bu məsələ ilə əlaqədar konfrans keçirməsini tövsiyə edir. İctimai Palata olaraq xüsusi qeyd edir ki, hadisələrin bu cür inkişafı yalnız antidemokratik rejimlərdə, ictimaiyyətlə siyasi sistem arasında qarşılıqlı əlaqə və ictimai nəzarət olmayan cəmiyyətlərdə mümkündür. 27 avqust 2011?. İctimai Palatanın hüququ pozulmuş vəkillərlə bağlı BƏYANATI Azərbaycan Vəkillər Kollegiyası Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun sifarişi ilə vəkil Xalid Bağırovun fəaliyyətinə bir illik qadağa qoyub. Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təzyiqləri artıq sistemli xarakter alıb. Bundan əvvəl Vəkillər Kollegiyası vəkil Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Hidayət Süleymanov və Osman Kazımovu da Kollegiya üzvlüyündən xaric etmişdi. Xalid Bağırov da Kollegiyadan uzaqlaşdırılan digər vəkillər kimi müstəqil fəaliyyət göstərən azsaylı vəkillərdən biridir. Kollegiyanın bu hərəkəti bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti ölkədə müstəqil düşünən, qanunu və öz müştərilərinin maraqlarını qoruyan vəkillərə qarşı təqibləri gücləndirib. İctimai Palata Kollegiyanın bu hərəkətini ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirir və qətiyyətlə pisləyir. İctimai Palata vəkil Xalid Bağırovun pozulmuş hüquqlarının dərhal bərpa edilməsi və onun haqqında çıxarılmış saxta qərarın dərhal ləğv edilməsini tələb edir. 27 avqust 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində Şahin Abdullayevin sədrliyi ilə Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidlinin məhkəmə prosesində hakim qərəzli şəkildə vəkil Elçin Namazova qarşı guya vəkillik etikasını pozdğuna görə cinayət işinin açılması, işin prokurorluğa göndərilməsi haqqında qərar qəbul edib. Siyasi sifarişlə aparılan məhkəmə və onun hakiminin bu qərarı qanunsuz həbs olunan mitinq iştirakçılarını yüksək keyfiyyətli vəkil müdafiəsindən məhrum etmək məqsədi daşıdığını göstərir. İctimai Palata hakim Şahin Abdullayevin vəkil Elçin Namazova qarşı çıxardığı qərarı qətiyyətlə pisləyir, bu qərarın qeyd-şərtsiz, dərhal ləğv edilməsini tələb edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun bu səviyyədə aşağılanmasının yolverilməz olduğunu bəyan edir. 27 avqust 2011?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA