Qüdrət Həsənquliyev: "Konstitusiya islahatları aparılmalı, hökuməti parlament seçkilərində qalib gələn partiya formalazdırmalıdır"

img

21-08-2011 [08:52]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı prezident İlham Əliyevin Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıdığını bəyan etməsi bu məsələni yenidən gündəmə gətirdi. Amma ölkə başçısının bu bəyanatından sonra PKK mövzusu ilə bağlı ictimai-siyasi arenada başlayan polemikada fərqli fikirlər səsləndi. Bu istiqamətdə fərqli mövqe sərgiləyənlərdən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev oldu. Q.Həsənquliyevlə müsahibəyə bu məsələdən başladıq. - Təəssüf edirəm ki, bir çox hallarda bu və ya digər məsələlərə münasibət bildirəndə məsələnin özü kənarda qalır, başlayırlar münasibət bildirən şəxsi təftiş etməyə. PKK ilə bağlı məsələdə mən deyirəm ki, bu təşkilata dəstək verən istənilən şəxs türkün düşmənidir. Ona görə ki, PKK qardaş Türkiyənin ərazisini parçalamaq istəyir, dinc insanları qətlə yetirən terrorçu təşkilatdır, terrorçuya dəstək verənin özü də terrorçudur. PKK məsələsini ortaya atanlara isə demək istəyirəm ki, azərbaycanlıların PKK-ya dəstək verməsi ilə bağlı ortada heç bir ciddi fakt yoxdur. Sadəcə olaraq, mətbuatda əsası olmayan məlumatlar var və bildirilir ki, Azərbaycandan da kimlərsə PKK-ya dəstək verir. Belə bir dəstək varsa da, tam əminliklə deyirəm ki, bunu fərdi qaydada edə bilərlər. Azərbaycan hökuməti fərqindədir ki, Türkiyə bizim qardaşımızdır və ona qarşı hər hansı bir hərəkəti bağışlamaz. Amma ortada başqa məsələ var. Mən deyirəm ki, əgər siz türk qardaşlarımızı dəstəkləyirsiz, çox gözəl, amma bu məsələni qabardıb Türkiyənin Ermənistanla iqtisadi əlaqələrini, son vaxtlar mədəni əlaqələri ilə bağlı niyə bir söz demirsiz? Yaxşı, PKK ilə bağlı üç məqalə yazanda, bir məqalə də Türkiyə-Ermənistan əlaqələrindən yazın. Türkiyənin naziri deyir ki, bizim Ermənistanla ticarət əlaqələrimiz 250 milyon dolları keçib. Gürcüstan üzərindən 10 minlərlə türk yük maşınları Ermənistana ərzaq daşıyır. Axı ermənilər bir milyon türkü öz yurd-yuvasından didərgin salıb. Belə çıxır ki, onlar özlərini də, Azərbaycanda yaşayanları da türk saymırlar. ?ecə olur ki, sən Türkiyəyə savaş açan PKK-nı düşmən sayırsan, amma bir milyon azərbaycanlını çöllərə salan, körpə uşaqları qətlə yetirən ermənilərə qarşı bu münasibəti sərgiləmirsən? Bunun səbəbi də odur ki, Azərbaycanın daxili siyasətində Türkiyədən dəstək almaq üçün məqsədyönlü şəkildə bu məsələni kölgədə qoyaraq, PKK məsələsini qabardırlar. Mən isə qeyd etdiyim faktları deyirəm, deyirlər ki, sən kimlərisə müdafiə etmək məqsədiylə danışırsan. - Qüdrət bəy, hakimiyyətdən olan deputatlarla da, hökumət nümayəndələri ilə də ünsiyyətdə olursunuz. Hakimiyyətdən kimlərsə PKK ilə bağlı mövqeyinizə görə Sizə irad tutubmu? - Hansı iradı bildirməlidirlər ki? Əgər prezident deyirsə ki, PKK terrorçu təşkilatdır, digərləri nə deməlidir? Yəni heç kim cəsarət edib mənə PKK məsələsi ilə bağlı irad tuta bilməz. Bu mövzuda hər hansı irad bildirmək, dolayısı ilə PKK-nı dəstəkləməkdir... - Amma hazırda vəzifədə olanlardan da kimlərinsə PKK-ya rəğbət bəsləməsi ilə bağlı iddialar səslənir. Siz necə, belə hallarla rastlaşmısınızmı? - Mən belə halla rastlaşmamışam və belə bir adamla təmasda olmamışam. Bir də ki, biz PKK məsələsini diqqətdə saxlamalıyıq ki, onlar Azərbaycandan faydalana bilməsinlər. Ancaq biz özümüzün bir milyon qaçqınımızı, 20 faiz işğal olunmuş torpaqlarımızı daha çox düşünməliyik. Türkiyə çox böyük dövlətdir və bu problemin öhdəsindən yəqin ki, gələcək. Bu gün Türkiyə Ermənistanla hava sərhəddini açıb, minlərlə erməni orda işləyib evlərinə pul göndərir və bununla da Ermənistandakı sosial gərginlik aradan qalxır. Bəlkə də, Azərbaycan prezidentinin və xalqının qəti mövqeyi olmasaydı, Türkiyə beynəlxalq güclərin təzyiqi ilə Ermənistanla sərhədləri də açmışdı. İndi bu barədə danışmayaq ki, birdən qardaş bizdən inciyər? Hesab edirəm ki, Azərbaycan xalqı da, Türkiyə türkləri də yekdilliklə danışmalıdırlar. ?iyə Azərbaycan hökumətini PKK ilə əməkdaşlıq etməkdə ittiham edənlər, həm də Türkiyəni Ermənistanla əlaqələri genişləndirdiyinə görə ittiham eləmirlər? Mən deyirəm ki, bu işi paralel aparın. Yəni, nə Azərbaycan PKK ilə, nə də Türkiyə Ermənistanla əlaqə yaratmamalıdır. - Əgər Türkiyə Ermənistanla əlaqələri bu şəkildə genişləndirirsə, sərhədlərin rəsmi şəkildə bağlı qalmasının heç bir əhəmiyyəti yoxdur. Türkiyə sərhədləri açaraq Ermənistanın əlindən daha bir arqumentini ala bilər... - Bu, bir mənəvi-psixoloji məsələdir. Azərbaycanlılar mənən özlərinə təskinlik verirlər ki, Ermənistanla Türkiyənin sərhəddi bağlıdır. Biz də bundan bir arqument kimi istifadə edirik ki, işğal faktı var, bu səbəbdən də Türkiyə sərhədləri bağlayıb. Əgər Türkiyə buna getsə, o vaxt Şah İsmayılla Osmanlı imperiyası arasında olan müharibə kimi qara səhifə olaraq qalacaq. Ona görə də, mən sərhədlərin açılmasının qəti əleyhinəyəm. - Bu həftə iki məsələdə fərqli mövqedən çıxış etdiniz. Bunun biri PKK məsələsi, digəri sabiq prezident Ayaz Mütəllibovun ölkəyə qayıdışı ilə bağlı idi... - Prezidentin həmin addımını kişiyanə addım kimi qiymətləndirirəm. 49 yaşında bir övlad dünyasını dəyişib, çox ağır itkidir. Ona görə də, onun atasına yas mərasiminə gəlməsi üçün şərait yaratmaq müsbət qiymətləndirilməlidir. Bir çoxları əvvəlki əməlləri, açıqlamaları unudaraq dəstək mövqeyindən çıxış edirdilər. Mən də gözləyirdim ki, yas mərasimi başa çatsın, mövqeyimi bildirim. Amma bir çoxları başladı ki, Mütəllibov yalnız bu iqtidar tərəfindən siyasi motivlərlə təqib olunur, ona qarşı açılan cinayət işi ləğv olunmalıdır. İndi də deyirlər ki, Qüdrət Həsənquliyev özünü AXC-nin üzvü saymır, kənar adamlar kimi çıxış edir. Qətiyyən elə deyil. İndi nə baş verdi ki, Mütəllibovdan qəhrəman düzəltmək istəyirlər? Mütəllibova cinayət işini AXC hakimiyyəti qaldırıb. Sonradan isə əlavə ittihamlar irəli sürüldü. Amma Mütəllibov indiyə kimi Azərbaycana qayıtmayıb. Onun bu qayıdışı da razılıq əsasında olub. Məsələnin hüqui tərəfi də var. Bir qism iddia edir ki, həmin cinayət işi siyasi motivlidir. Mən isə deyirəm ki, elə deyil. Əgər Mütəllibova qarşı açılan cinayət işi siyasi motivlidirsə, onun məsuliyyətini həm də AXC hakimiyyəti daşımalıdır. Onda cəbhəçilər deməlidir ki, Mütəllibov qanuni yolla hakimiyyətə qayıtmışdı, biz əslində ölkədə inqilab edərək qanuni prezidenti qovub, özümüz hakimiyyətə gəlmişik, qeyri-qanuni yolla hakimiyyəti mənimsəmişik. May hadisələrinə görə də cinayət işi qaldırılmalıdır. Bunun əsasında da İsa Qəmbər, Əli Kərimli məsuliyyətə cəlb olunmalıdır. Əbülfəz bəy haqq dünyasındadır, o qərara səs verən AXC İdarə Heyəti üzvlərinin hamısı məsuliyyətə cəlb olunmalıdır. Mənim təklif etdiyim odur ki, Ayaz Mütəllibov yas mərasimini verəndən sonra gəlib istintaqa ifadə verməlidir və bundan sonra qərar verilməlidir ki, bu şəxsin əməlində cinayət tərkibi olmayıb. Son proseslərdə mən xüsusiylə də hüquqi dövlət qurulmasının tərəfdarı olan adamları başa düşmədim. Hətta şahlıq dövründə şahlar imzaladıqları fərmana hörmətlə yanaşırdılar, hansısa məsələyə görə dəyişmirdilər. Ölkənin qanunları var. ?ecə ola bilər, Mütəllibova bir kəlmə deyilsin ki, gəl yaşa, səninlə heç kimin işi yoxdur. Mən bu yanaşmanı qəbul eləmirəm, hesab edirəm ki, biz normal dövlət qurmaq istəyiriksə, hər şey qanun çərçivəsində olmalıdır. - Bəs məsələyə siyasi tərəfdən baxsaq, necə? - Siyasi tərəfə gəldikdə isə onu deyə bilərəm ki, Mütəllibovun Bakıya qayıdandan sonra dedikləri ilə memuarında Heydər Əliyev haqqında yazdıqları arasındakı fərq ortadır. Bu da onu göstərir ki, bu adamda səmimiyyət yoxdur. Ya o vaxt memuarlarını yazanda, ya da indi səmimi olmayıb. Belə çıxır ki, Mütəllibov siyasi konyuktura naminə istədiyi sözü deyə bilən adamdır... - Amma hakimiyyətin mövqeyində də müəyyən siyasi maraqlar göründü. Yəni cinayət işi ola-ola həmin adamın hələ də azad qalması bir qədər başa düşülmür... - Mən də onu deyirəm. Yaxşı, gəldin yas mərasiminə, amma nəticə etibarı ilə bu məsələ öz hüquqi həllini tapmalıdır. Bunun insani tərəfini başa düşdüm. Amma bütün hallarda Mütəllibov gedib ifadə verməlidir. - Ayaz Mütəllibovun qaydışı ilə eks-prezidentlərin statusu yenidən aktuallaşdı. Milli Məclisin payız sessiyasında "Eks-prezidentlərin statusu haqqında" Qanunun qəbulunu gözləyirsinizmi? - (Tələsik) Bu qanunun qəbulu vacibdir. Yəqin ki, mətbuatdan oxudunuz ki, yayın bu istisində eks-prezidentin ailəsinin yaşadığı evin elektrik enerjisinin kəsilməsi utanc gətirən bir işdir. Bu məsələlər çoxdan öz həllini tapmalı idi. Mən demirəm ki, burada yalnız iqtidarın günahı var. Əlbəttə, vaxtiylə Bəyin ailəsinə dövlət səviyyəsində yardım olunması təklif edilib, amma təəssüf ki, Elçibəyin ailəsi bundan imtina edib. Hesab edirəm ki, vaxtı çatıb və bu qanun layihəsi mütləq payız sessiyasından o tərəfə qalmamalıdır. Ordada göstərilməlidir ki, bu qanun kimlərə şamil olunmalıdır. Mənim şəxsi qənaətimə görə, əgər şəxsin haqqında cinayət işi varsa və istintaqdan qaçıb gizlənibsə, əlbəttə ki, bu qanun ona şamil oluna bilməz. Mütəllibov gəlib Bakıda bəyanat verdi ki, Azərbaycan dövləti etibarlı əllərdədir, yaxşı idarə olunur. Yaxşı idarə olunmaq o deməkdir ki, bu ölkədə qanunlar da yaxşı işləyir. Təqsirsizliyini sübut elə, həmin qanun sənə də şamil olunsun. Mən hesab edirəm ki, hazırda həmin qanun yalnız mərhum prezidentlər Əbülfəz Elçibəyə və Heydər Əliyevə şamil oluna bilər. - Siz həm də Konstitusiya dəyişiklikləri ilə bağlı təklif irəli sürmüsünüz. Payız sessiyasında bu məsələni də gündəmə gətirəcəksiniz? - Biz bunu hər zaman gündəmə gətiririk, bu gün də o fikirdəyəm ki, ölkədə siyasi dəyişikliklər, çoxpartiyalı sistemin möhkəmləndirilməsi üçün mütləq islahatlar aparılmalıdır. Bunun üçün də ilk növdəbə Konstitusiya islahatları aparılmalıdır. Azərbaycan kimi ölkədə proporsional seçki sisteminə ehtiyac var. Hökuməti parlament seçkilərində qalib gələn partiya formalaşdırmalıdır. Bunlar elə təməl prinsiplərdir ki, bunlarsız sürətli demokratik cəmiyyətə keçid alınmayacaq. Bundan əlavə, parlamentin səlahiyyətləri genişləndirilməlidir. Parlamentin hökumət üzərində nəzarət imkanları artırılmalıdır. Milli Məclisə hökuməti istefaya göndərmək səlahiyyəti verilməlidir. Açıq göstərilməlidir ki, parlamentin komitələri istənilən naziri parlamentə çağıra bilsin. Büdcəni qəbul edirik, amma büdcənin xərclənməsinə parlamentin hər hansı nəzarət imkanı yoxdur. Bizim təkliflərdən biri də odur ki, parlamentin büdcəyə nəzarət komitəsi yaradılsın. Müxalifətdə olan partiyanın təmsilçisi o komitəyə sədr olmalıdır. Hesablama Palatasının sədri isə həmişə müxalifətdən olmalıdır. İndi büdcəni bölüşdürən də, onu xərcləyən də eyni siyasi qüvvədir. Ona görə də, neqativ halların qarşısını almaq mümkün olmur. Payız sessiyasında "Siyasi partiyalar haqqında", "Eks-prezidentlərin statusu haqqında" qanunların qəbulunu tələb edəcəyik. Eyni zamanda, bu gün cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biri də neft pullarının necə xərclənməsidir. Biz bununla bağlı da qanunun qəbulunu istəyirik. - Hələ bir neçə il öncə ərəb ölkələrini idarə edən şəxslərə demokratik islahatların aparılması təklif olundu və onlar bunu qəbul etmədilər. Nəticədə bu ölkələrdə qanlı inqilablar baş verdi. Sizcə, Azərbaycanda da bu islahatların gecikdirilməsi gələcəkdə ciddi problemlərə səbəb olmayacaq ki? - Ümid edirəm ki, Azərbaycanda ərəb ölkələrində olan qarşıdurmalar baş verməyəcək. Biz iqtidarı çağırırıq ki, islahatlar aparsın və mövcud olan problemləri aradan qaldırsın. 1992-93-cü illərdə yaşayan insanlar bilirdilər ki, aktivlik nəticəsində sabitlik pozula bilər və insanlarda bir qorxu var. Amma o dövrü yaşamayan, yəni Azərbaycandakı gənc nəsildə həmin qorxu yoxdur. Bundan başqa, insanların həyat səviyyəsi yüksəldikcə başqa dəyərlər, hüquqlar uğrunda mübarizəyə başlayırlar. Deməli, yavaş-yavaş cəmiyyət inkişaf etdikcə, o hüquqlar, azadlıqlar genişlənməlidir ki, hər hansı bir hadisədən ölkəni sarsıdan proses baş verməsin. - Korrupsiyaya qarşı mübarizə başlayanda cəmiyyətdə bir inam yaranmışdı, amma sonradan sanki kimlərsə bu mübarizəni tormozladı. Bu məsələdə Sizin mövqeyiniz necədir? - Korrupsiyaya qarşı mübarizə o zaman effektli ola bilərdi ki, qanun hamı üçün eyni olsun və təkcə icazəsiz rüşvət alanlar tutulmamalıdır. Məsələn, elə nazirliklər var ki, orada hansısa bir məmura rüşvət yığmaq səlahiyyəti verilib. Ondan başqa bir məmur isə 5 manat rüşvət alanda həbs olunursa, bu mübarizə lazımi effekti verə bilməz. Aldığı maaşla ailəsini dolandıra bilməyən bir adam istər-istəməz əyri yollara əl atmalıdır. Ona görə də bu məsələlər kompleks şəkildə müzakirə olunub, qərar verilməlidir. Bir sözlə, köklü islahatlar aparılmalıdır. Əminəm ki, ölkə rəhbərliyi bu barədə qəti qərar verəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA