Eldar Namazov: "Hakimiyyət hazırki susqunluğa arxayın olmasın"

img

21-08-2011 [08:49]


[b]"Əgər narazılıq çox olan yerdə müəyyən susqunluq varsa, bu, çox təhlükəli məqamdır və nə vaxtsa, partlayış ola bilər" [/b] Son dövrlər bir sıra beynəlxalq təşkilatlar və Qərb dövlətləri Azərbaycandakı vəziyyətdən narazılıqlarını açıq şəkildə ifadə edirlər. Hətta Azərbaycan iqtidarına qarşı sərt fikirlər də səsləndirirlər. Dünyada insan haqlarının vəziyyətinə nəzarət edən "Freedom House" təşkilatının rəhbəri Devid Kramerin Azərbaycandakı vəziyyətin narahatedici səviyyədə olduğunu və ölkənin hər an sanksiyalarla üz-üzə qala biləcəyini deməsi isə, vəziyyətin daha ciddiliyindən xəbər verir. Müsahibə verən Azərbaycan Naminə İctimai Forumun prezidenti politoloq Eldar Namazov isə Azərbaycan hakimiyyətinin geriyə yolunun olmadığını və islahatlara başlamaq məcburiyyətində qaldığını deyir: - Azərbaycanda insan haqları, demokratiya, seçkilər, korrupsiya və digər məsələlərlə bağlı Qərb tərəfindən tənqidi fikirlər daim səslənib. Bir il bundan öncə də, beş il bundan əvvəl də belə olub. Ancaq indiki mərhələdə belə bəyanatların, fikirlərin artıq başqa çəkiyə malik olması barədə cəmiyyətdə fikir formalaşır. Bu da onunla bağlıdır ki, son dövrlər dünyada və bizim regionda baş verən hadisələr, xüsusən də ərəb dünyasındakı inqilablar dünya siyasətində demokratiya və insan haqları məsələlərinə münasibəti dəyişməyə başlayıb. Uzun illərdir, xüsusən də İkinci Dünya müharibəsindən sonra insan haqları, demokratiya ilə bağlı beynəlxalq konvensiyalar demək olar ki, kağız üzərində qalmışdı. Bütün dünya bir-biri ilə mübarizə aparan iki bloka bölünmüşdü. Sovetlər birliyi olaraq sosialist bloku ilə, başda ABŞ olmaqla, kapitalist ölkələri arasında gedən rəqabətdə beynəlxalq konvensiyalar ikinci dərəcəli məsələ kimi qəbul olunurdu. Məhz buna görə, həm Moskvanın, həm Vaşinqtonun ətrafına yığdığı müttəfiqlərin daxili işlərinə fikir vermirdilər və çox əcaib hallar baş verirdi. SSRİ-nin ən yaxın müttəfiqi Əbdül ?asir Misirə rəhbərlik edəndə Misirdə kommunistləri güllələyirdilər, amma buna baxmayaraq, ?asir SSRİ-nin ən yaxın dostu sayılırdı. Eyni zamanda, ABŞ-ın dostu olan avtoritar rejimlər var idi. Lakin SSRİ dağılandan və bu qlobal qarşıdurma meydandan gedəndən sonra vəziyyət dəyişməyə başladı. Bununla belə, bir on il də elə bir vəziyyət var idi ki, Qərbin müttəfiqləri sayılan ölkələr avtoritar rejimlər ola bilərdi. Amma indi tədricən bu siyasətə son qoyulur. Hətta ABŞ-ın ən yaxın dostları sayılan Hüsnü Mübarək, Yəmən, Tunis hakimiyyəti birdən-birə çökdü. Onlarda insan haqları ilə bağlı daxildə hərəkat başlayanda Qərb ölkələri 20-30 il müttəfiq saydıqları rejimlərin əleyhinə çıxdılar və xalqın tələblərini nəzərə almağı tələb elədilər. Əminəm ki, bundan sonra da beynəlxalq siyasətdə çox şey dəyişəcək. - Bu dəyişiklik fonunda Azərbaycanı nə gözləyir? - Azərbaycan da müsəlman ölkəsidir, burda da insan haqları, demokratiya ilə bağlı problemlər var. Ola bilsin ki, Azərbaycanda da hansısa hakimiyyətdaxili qruplar özləri üçün Misir və Tunis modelini optimal variant sayırdılar və çalışırdılar ki, Azərbaycan da həmin yolu tutsun. Ancaq artıq dünya dəyişir. Ona görə də, yeni yaranmış durumu yenidən qiymətləndirmək, Azərbaycanın hansı yolla getdiyini götür-qoy etmək lazımdır. Hesab edirəm ki, həm Devid Kramerin müsahibəsi, həm də son günlərdə Avropa rəsmilərinin Azərbaycanla bağlı bəyanatları çox ciddi mesajlardır. - Sizcə, Qərbdən gələn bu mesajlar hansı təzyiq formasına çevrilə bilər? Bu mesajların arxasınca ölkədə ciddi dəyişikliklərə səbəb olacaq proseslər başlaya bilərmi? - Mənim beynəlxalq təşkilatlarla, Azərbaycana xüsusi maraq göstərən dövlətlərin rəsmiləri ilə uzun illərdir ki, əməkdaşlığım, tanışlığım var. Onları yaxşı tanıyıram, bu məsələləri dəfələrlə onlarla müzakirə etmişəm. Adını çəkdiyiniz Devid Kamerlə həm Bakıda, həm də Vaşinqtonda dəfələrlə görüşmüşəm. Sizə tam əminliklə deyə bilərəm ki, beynəlxalq təşkilatlarda, aparıcı dövlətlərdə Azərbaycanda hansısa bir ərəb inqilabına oxşar hadisələri arzulayan, bu istiqamətdə fəaliyyət göstərən qruplar, dairələr yoxdur. Birincisi ona görə ki, demokratiyaya keçidin bir neçə variantı mövcuddur. Ərəb dünyasında baş verənlər ən sərt variantlardandır. Heç kim arzulamaz ki, Azərbaycan kimi bir ölkədə demokratiyaya keçidin sərt bir variantı olsun. Onlar başa düşürlər ki, Azərbaycan hansı regionda yerləşir. Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir, qonşularımızdan biri Rusiya, digəri də İrandır. Onlar isə burda Qərbin təsirinin artmasında maraqlı deyillər. Bu mənada nə Vaşinqtonda, nə Brüseldə, nə də digər Avropa paytaxtlarında ərəb dünyasında baş verənlərin Azərbaycanda təkrarlanmasını istəmirlər. - Sizcə, Qərb Azərbaycanda demokratiyaya keçidin hansı formasını istəyir? - Qərbdə formalaşmış mövqeyi belə izah edərdim. Demokratiya keçid üç variantda reallaşır: Birinci varinat yuxarıdan islahatlardır. Yəni hakimiyyətin apardığı islahatlar nəticəsində ölkədə demokratik sistem qurulur; İkinci variant bundan bir qədər sərtdir, bu da "məxməri inqilab" variantıdır. Onda da dəyişikliklər yalnız seçkilər zamanı baş verir. Seçkidə demokratik qüvvələrin namizədi qalib gəlirsə və bu qələbəni müdafiə etməyə yüz minlərlə insan səy göstərirsə, onda qısa müddət ərzində belə "məxməri inqilab"lar bir neçə gün davam edir; ?əhayət, bundan da sərt üçüncü variantdır. Ərəb dünyasında baş verən üsyanlar, qanlı toqquşmalar, seçkilərlə bağlı olmayan sosial partlayışlar, siyasi böhranlar ən ağır keçid formasıdır. Bu zaman ölkədə aylarla legitim hakimiyyət olmur, ona görə ki, təzədən seçki keçirmək lazımdır, bu da ən azı yarım ildən artıq vaxt tələb edir. Bütün bu müddət ərzində ölkədə müvəqqəti hökumət olur, onun da legitimlik problemi olur. Bu da həm daxildə, həm də xaricdə problem yaradır. Məncə, Qərb, bu üç demokratiyaya keçid variantından birinci yola üstünlük verərdi ki, Azərbaycan yuxarıdan islahatlar yolu ilə demokratiyaya keçid eləsin. Bu mümkün olmayan yerdə, üstünlük verərlər ki, seçki prosesi ilə bunu həyata keçirsinlər. Ancaq əminəm ki, nə Qərb, nə də Azərbaycan vətəndaşları istəmirlər ki, burda da ərəb dünyasındakı keçid forması reallaşsın. Ona görə də, beynəlxalq təşkilatlardan gələn bu tənqidi fikirləri düzgün qiymətləndirmək lazımdır. Əslinə qalsa, bu tənqidi fikirləri söyləyən insanlar Azərbaycanın düşməniləri deyillər və heç bir pis niyyətləri yoxdur. Sadəcə olaraq, Azərbaycanda demokratik sistemin qurulması artıq günün tələbidir. Bu, həm Azərbaycan vətəndaşlarına, həm də ölkədə sabit inkişafda maraqlı olan xarici partnyorlar üçün vacibdir. Demokratiyaya keçidin ən hamar yolu isə yuxarıdan islahatlar yoludur. Beynəlxalq təşkilatlar da çalışırlar ki, Azərbaycan hakimiyyətini inandırsınlar ki, belə bir addımı atmaq lazımdır. - Amma belə həssas bir məqamda Azərbaycan hakimiyyəti siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır. - Əgər beynəlxalq ictimaiyyətin mövqeyi bəllidirsə və Azərbaycan vətəndaşlarının istəyi başadüşüləndirsə, hakimiyyət yeni yaranmış situasiyaya uyğun münasibət bildirmir. Hələlik Azərbaycan hakimiyyəti tərəfindən atılan addımlar inersiya addımlardır. Elə bil ki, yeni yaranmış vəziyyəti, təhlükələri görməməzliyə vururlar. Ancaq mən əminəm ki, bu da çox çəkməz. Dünyada baş verən hadisələr o qədər ciddi, hamının diqqət mərkəzindədir ki, bunu görməməzliyə vurmaq uzun müddət mümkün olmayacaq. - Eldar müəllim, ölkədə dəyişiklik üçün daxili qüvvələrin də səfərbər olması olduqca vacibdir. Bu mənada Azərbaycan müxalifətinin bir hissəsi payızdan aktivləşəcəyini və kütləvi tədbirlərə start verəcəyini bəyan edib. Necə düşünürsünüz, bu mübarizədə Qərb Azərbaycan müxalifətinə ciddi dəstək verəcəkmi? - Təəssüflər olsun ki, Azərbaycanın ictimai rəyində bəzən yanlış gözləntilər formalaşır. Bəziləri hesab edirlər, Qərbin dəstəyi ondan ibarət olmalıdır ki, hansısa müxalifətçini lider kimi tanıtsın, ya da onun cibinə 5-10 milyon dollar qoysun ki, gedib inqilab eləsin. Amma belə hallar olmayacaq, bunu gözləmək lazım deyil. Azərbaycanda demokratik prosesə dəstək həmişə olub. Bu, əsasən siyasi və informasiya dəstəyi formasında özünü göstərir. Azərbaycanda demokratiya ilə bağlı həm partiyaların, həm ictimai təşkilatların, həm də fərdlərin fəaliyyətinə siyasi, informasiya dəstəyi güclənə bilər. Bu da dünyada baş verən hadisələr fonunda təbidir. Ancaq son sözü Azərbaycan xalqı və cəmiyyəti deməlidir. Xalqın fəallığından çox şey asılı olacaq ki, bu proses nə qədər sürətlə gedəcək. Eyni zamanda, hakimiyyət də bu məsələləri təhlil edəndə yalnız hansısa bir təşkilatın bəyanatlarına yox, bütövlükdə cəmiyyətin durumuna qiymət verməlidir. Burada çox aldadıcı bir məqam var ki, cəmiyyətin çox böyük hissəsi narazıdır, ancaq fəallıq nümayiş etdirmir. Bütün dünya təcrübəsi göstərir ki, əgər narazılıq çox olan yerdə müəyyən susqunluq varsa, bu, çox təhlükəli məqamdır və nə vaxtsa, birdən-birə partlayış ola bilər. Əslinə qalsa, nə qədər çox sərbəstlik olsa, insanlar öz fikirlərini söyləyə bilsələr, həmin fikirlər də hökumət tərəfindən nəzərə alınsa, bu, qarantiya verir ki, ölkə stabil inkişafa nail olsun. Yox, əgər heç kimin səsi eşidilmirsə, bu, çox təhlükəli haldır. Odur ki, hakimiyyət hazırki susqunluğa arxayın olmasın, çünki hər an etiraz dalğası baş qaldıra bilər. - Belə çıxır ki, hakimiyyət tezliklə islahatlar aparmasa, ölkədə ara qarışacaq? - Fakt odur ki, cəmiyyətdə böyük narazılıq var. Hamıya bəllidir ki, Azərbaycanda sosial durum ağırdır, əmək haqları, pensiyalar yüksək deyil, qiymətlər Avropadan da bahadır, məhkəmələr müstəqil deyillər, insanlar öz hüquqlarını müdafiə edə bilmirlər, istədikləri adamı parlamentə seçmək imkanı yoxdur və s. Problemlər mövcuddur. Yəni narazılıq üçün böyük əsaslar var. Ancaq bu narazılığı ifadə etmək, bu narazılığı aradan qaldırmaq istiqamətində hökumət heç bir iş görmürsə, təbii ki, təhlükəli məqamlar daha da güclənə bilər. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA