Xaricdəki soydazlarımız hakimiyyətə qarzı bəyanat verdi

img

10-08-2011 [06:37]


Avropadakı Azərbaycan təşkilatları birgə bəyanat veriblər. MİA-ya daxil olan bəyanatda bildirilir. Son zamanlar açıq şəkildə hiss olunur ki, Azərbaycan hakimiyyəti İctimai Palatanın Konstitusiyada təsbit edilmiş müddəalara əməl etmək, dinc aksiya keçirmək istəyən insanlara qarşı amansız davranışlara son qoymaqla bağlı çağırışlarını yenə də qulaqardına vuraraq repressiyaları daha amansız formada davam etdirir. Bu repressiyalar İP-nin çağırışı ilə baş tutan 2 aprel etiraz aksiyası ərəfəsi və ondan sonra artan xətlə inkişaf etmişdir. Bu müddət ərzində yüzlərlə gənc fəal polis tərəfindən saxlanılmış, işgəncələrə məruz qalmış, ailələri və yaxınları təzyiqlərlə üzləşmişdir. Hazırda 15 nəfər demokratiya fədaisi və ictimai xadim müxtəlif saxta ittihamlarla həbsdə saxlanılır. Azərbaycan hakimiyyəti bu insanların nüfuzlu beynəlxalq qurumlar tərəfindən siyasi və vicdan məhbusu kimi tanınmalarını belə nəzərə almaq istəmir. Azərbaycanın müstəqilliyinin qazanılmasında, Müstəqillik Aktının qəbul edilməsində xüsusi xidmətləri olmuş Arif Hacılının müstəqilliyimizin 20-ci ildönümündə həbsdə saxlanılması dövlət üçün utancverici hadisədir. Dünyada saxta seçkilərlə mənfi imicə malik olan Əliyev hökumətinin hüquq müdafiəçisi Vidadi İsgəndərlini psixi xəstələrdən utanmazcasına yararlanaraq həbs etməsi heç bir əndazəyə sığmır. 2 aprel məhbuslarının məhkəmə prosesinin gedişatı da prosesin siyasi sifarişlə idarə olunduğunu göstərir. Müxalifətçilərin vəkillərinin heç bir vəsatətinin təmin edilməməsi bu prosesin 37-ci il Stalin-Bağırov dövrünün prosesilə eyniləşdirməyə imkan verir. Sərbəst toplaşmaq hüququndan yararlanmaq istəyən günahsız insanlara qarşı bu cür aqressivlik, ayrı-seçkilik Azərbaycanda avtoritarizmin daha da amansızlaşdığını təsdiq edir. Biz Avropada fəaliyyət göstərən təşkilatlar olaraq bütün bu neqativ halları qətiyyətlə pisləyərək Azərbaycan hakimiyyətindən siyasi məhbusları azadlığa buraxmağı, repressiyalara son qoymağı tələb edirik. Bütün olanlara rəğmən, yenə də ümid etmək istərdik ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumların diqqətində olan bu məhkəmə şoularına son qoymağa özündə iradə tapacaq. Biz isə öz növbəmizdə bildiririk ki, demokratiya fədailərinin qanunsuz həbsi, Azərbaycandakı represiyalarla bağlı yaşadığımız ölkələrin dövlət qurumlarına, Qərb ictimaiyyətinə, Avropadakı beynəlxalq təşkilatlarının rəhbərliyinə həqiqətlərin çatdırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Eldəniz Yusibov - Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı: Hollandiya Rəşad Sadıqov - Odlar Yurdu Cəmiyyəti : Hollandiya Fikrət Hüseynli - Yeni Müxalifət Hərəkatı : Hollandiya İlham Həsən - Frankfurt Azərbaycan Cəmiyyəti: Almaniya İntiqam Məmmədov - Hamburq Azərbaycan Cəmiyyəti : Almaniya Sərdar Ağayev - "Oğuz Yurdu" Cəmiyyəti : İsveç Əli Ağayev - "Prometey" Təşkilatı : İsveç Teymur Eminbəyli - Bütöv Azərbaycan Təşkilatı - İsveç İsa Sadıqov - Odlar Yurdu təşkiları (ehtiyatda olan polkovnik) : Norveç 10 avqust 2011-ci il.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA