Müsavatdan hakimiyyətə çağırız

img

08-08-2011 [06:09]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncağın əvvəlində 02 aprel siyasi və vicdan məhbuslarının məhkəməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, indiyədək keçirilmiş məhkəmə proseslərində öyrədilmiş polis şahidlərin ifadələri bir daha sübut edib ki, istintaq müttəhimlərin hərəkətlərində cinayət sayıla biləcək heç bir hal müəyyənləşdirə bilməyib. Zərərçəkmiş kimi ifadə verənlər də öz təşəbbüsləri ilə yox, istintaq tərəfindən bu prosesə cəlb ediliblər. Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Göyçayda keçirilən məhkəməsi haqda məlumat verilib. İctimai Palatanın və Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər, tanınmış hüquq müdafiəçiləri bu məhkəmə prosesində iştirak ediblər. Divan Vidadi İsgəndərlinin məhkəməsini də diqqətdə saxlamaqla bağlı göstərişlər verib. Divan bir daha hakimiyyətdən bu absurd və qanunsuz məhkəmə proseslərini dayandırmağı, günahsız insanları azadlığa buraxmağı tələb edib. Qeyd edilib ki, dünya siyasətində və beynəlxalq münasibətlərdə insan haqlarının əhəmiyyətinin gündən-günə artdığı bir zamanda bu cür məhkəmələr bütövlükdə Azərbaycanın maraqlarına ciddi zərbə vurur. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin 2008-ci ildə Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü haqqında açıqlamaları müzakirə müzakirə olunub. Divan Dmitri Medvedevin mövqeyinin yolverilməz olduğunu qeyd etməklə yanaşı, həm də onun dediklərinin Rusiyanın regionu nəzarətdə saxlamaq üçün müstəqil dövlətlərə hərbi müdaxilədən çəkinmədiyinin sübutu kimi qiymətləndirib. Azərbaycan rəhbərliyindən bu məsələyə münasibət bildirmək tələb olunub. Suriyada baş verənlərə də münasibət bildirilib. Dünya ictimaiyyətinin baş verənlərə səbrlə yanaşması qınanılıb. Divan belə hesab edir ki, BMT, AB və dünyanın aparıcı demokratik ölkələri diktator Bəşər Əsədin dayandırılması üçün təxirəsalınmaz təsirli tədbirlər görməli, qan axıdılması təcili olaraq dayandırılmalıdır. Eyni zamanda bu qaniçən diktatorun Haaqa tribunalına verilməsi üçün konkret hüquqi və əməli addımlar atılmalıdır. Daha sonra yaxınlaşmaqda olan qlobal iqtisadi böhran və ölkə iqtisadiyyatı haqqında ətraflı fikir mübadiləsi aparılıb. Divan hökuməti bahalaşma və inflyasiyanın qarşısının alınması, ölkə iqtisadiyyatının yaxınlaşan böhrandan mümkün qədər qorunması üçün təsirli və elmi cəhətdən əsaslandırılmış tədbirlər görməyə çağırıb. İclasın gedişində eks-prezident Ayaz Mütəllibovun oğlu Azadın ölümü haqda məlumat daxil olub. Divan bu məlumatı dərin təəssüf və üzüntü ilə qarşılayaraq mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Hakimiyyətə təklif edilib ki, Ayaz Mütəllibovun oğlunun yas mərasiminə gələ bilməsinə şərait yaradılsın. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA