ADP Idarə Heyəti toplandı

img

26-07-2011 [04:35]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Norveçdə baş vermiş terror hadisəsinə bir daha münasibət bildirərək qeyd edib ki, bu gün bəşəriyyəti daim təhdid altında saxlayan terrorun səbəbləri obyektiv şəkildə araşdırılmadan, onu doğuracaq səbəblər ortadan qaldırılmadan terrorun qarşısını almaq dünya üçün çətin olacaqdır. Toplantı iştirakçıları dünyanı təhdid edən yeni qlobal maliyyə böhranı və bu böhranın Azərbaycan üçün yarada biləcəyi təhlükələri də müzakirə edib. Toplantı iştirakçıkları hesab edib ki, indiki situasiyada bu böhran baş verərsə, Azərbaycanda aztəminatlı ailələrin vəziyyəti daha da ağırlaşa və cəmiyyət sosial partlayışla üz-üzə qala bilər. İdarə Heyəti Azərbaycan hökumətini gözlənilən iqtisadi böhrandan yayınmağın yollarının axtarılması, o cümlədən gizli qiymət artımının, ölkəyə idxal olunan ərzaq məhsullarına qanunsuz ödəmələrin tətbiq olunmasının, rüşvətin və korrupsiyanın qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırıb. İdarə Heyəti eyni zamanda indiki şəraitdə bahalı dövlət səviyyəli mədəni tədbirlərin keçirilməsini, gələn il ölkədə beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi ilə bağlı hakimiyyətin bədxərcliyini pisləyərək bu tipli sahələrə yönəldilən vəsaitlərin yeni istehsalat sahələrinə yönəldilməsinin vacibliyini qeyd edib. Türkiyə-Ermənistan sərhədlərinin açılması bu iki dövlət arasında əməkdaşlığın bərpa olunması və Surixdə imzalanan protokolun Türkiyə parlamentində ratifikasiya olunması istiqamətində ABŞ-ın Türkiyə dövlətinə qarşı təzyiqlərinə toxunan İdarə Heyəti qeyd edib ki, Türkiyə Ermənistanla sərhədləri o şərtlə açmalıdır ki, Ermənistan Rusiya ilə aralarında mövcud olan hərbi əməkdaşlığa son qoysun. Çünki Ermənistan-Rusiya hərbi əməkdaşlığı Türkiyə və Azərbaycana qarşı yönələn bir əməkdaşlıqdır. İdarə Heyəti ölkə başçısının paytaxtın ətraf qəsəbələrində tikilən sənədsiz evlərə dair bu ilin martında verdiyi göstərişin yerinə yetirilməməsi məsələsinə diqqət çəkib. İdarə Heyəti bəzi məmurların korrupsioner maraqları baxımından bu göstərişin ləngidilməsini və yerinə yetirilməməsini ölkə başçısına qarşı hörmətsizlik və minlərlə vətəndaşların hüquqlarının kobud surətdə pozulması kimi dəyərləndirib, eyni zamanda ölkə başçısını verdiyi sərəncamların icrasına nəzarət etməyə çağırıb. Çində son zamanlar uyğurlara qarşı zorakılıqları pisləyən İdarə Heyəti Çin hökumətini fundamental insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Toplantı iştirakçıları həmçinin Belçikada hicaba qadağa qoyulmasını da qəti olaraq bisləyib, bu hadisənin reaksion qüvvələrin radikallaşmasına rəvac verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA