ADP iqtidar-müxalifət dialoqunu yenidən gündəmə gətirdi

img

18-07-2011 [04:37]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Rusiyanın vasitəçiliyi ilə Kazanda keçirilmiş danışıqların fiaskoya uğramasından sonra yenidən Rusiya prezidenti Medvedevin tərəflərə xarici işlər naziri Sergey Lavrov vasitəsi ilə rəsmi olaraq təqdim etdiyi yeni təkliflərə Azərbaycanın hansı cavab verməsi məsələsinə toxunub. İdarə Heyəti hesab edib ki, Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin bəyan etdiyi kimi Qarabağ məsələsi ilə bağlı yaranmış yeni vəziyyət və bu vəziyyətdən dolayı Azərbaycana Rusiya tərəfindən təqdim edilən rəsmi təkliflər və buna verdiyi cavabla bağlı diplomatik normalar gözlənilməklə ölkə ictimaiyyətinə, ən azı siyasi müxalifətə məlumat verməlidir. Eyni zamanda bu problemlə bağlı iqtidar-müxalifət dialoqunun vacibliyi də vurğulanıb. İdarə Heyəti Azərbaycan hakimiyyətinin ölkəyə idxal olunan taxıla yenidən ƏDV-ni tətbiq etməsini gözlənilən yeni qlobal böhran təhlükəsindən xalqın hesabına sığortalanmaq cəhdi kimi dəyərləndirib və bunu hökumətin yarıtmaz iqtisadi siyasətinin təzahürü hesab edib. Toplantı iştirakçıları son vaxtlar Bakıda törədilən qətllərə diqqət çəkərək bildirib ki, bu qətllərin motivində ölkədə iqtisadi və biznes münasibətlərinin qanunlarla tənzim olunmaması və ölkədəki iqtisadi vəziyyətin günü-gündən pisləşməsi durur. Eyni zamanda ölkədə insanların təhlükəsizliyinin hüquq muhafizə orqanları tərəfindən lazımi səviyyədə təmin olunmaması və kriminogen durumun ağır olması da tənqid olunub. İdarə Heyəti PKK terror təşkilatının türk əsgərlərinə hücumu nəticəsində 13 əsgərin həlak olması 7 nəfərin isə yaralanması faktına da münasibət bildirib. İdarə Heyəti baş vermiş hadisəni Türk dövlətini sarsıtmağa yönələn qəsd kimi dəyərləndirərək, terrorizmlə mübarizədə dünya ictimaiyyətini Türkiyə ilə həmrəy olmağa çağırıb. İdarə Heyəti həmçinin bu hadisə ilə əlaqədar Türk xalqına başsağlığı da verib. Yaxın Şərqdəki baş verən son hadisələrə bir daha diqqət çəkən toplantı iştirakçıları Suriyada və Liviyada günahsız insanların qətlə yetirilməsinin qarşısını almaq və bu tipli rejimlərin tezliklə hakimiyyətdən getmələri üçün beynəlxalq gücləri ən sərt addımlar atmağa çağırıb. Son vaxtlar bir sıra məmur övladlarının yüksək dövlət mükafatları ilə təltif edilməsinə diqqət çəkən toplantı iştirakçıları bunu dövlətçilik ənənlərinə zidd əməl kimi dəyərləndirib və hakimiyyətin son vaxtlar süni olaraq ?yeni elita? yaratmaq cəhdinin təzahüri sayıb. AXC-nin 22 yubileyinə də münasibət bildirən İdarə Heyəti qeyd edib ki, bu təşkilat Azərbaycan xalqının son yüz ildə yaratdığı ən möhtəşəm təşkilat kimi Azərbaycanın rus imperiyasınının əsarətindən xilas olmasında, müstəqilliyimizin bərpa edilməsində və erməni işğalına qarşı mübarizədə tarixi rolu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA